Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2021 16:30

“Həsrətlə baxdığımız torpaqlarımızda xidmət edirik”

Ötən il sentyabrın 27-də düşmənin həyata keçirdiyi genişmiqyaslı təxribatın qarşısını almaq məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Ali Baş Komandanımızın rəhbərliyi altında başlayan Vətən müharibəsinin ilk günündən etibarən düşmənə ardıcıl, həmçinin dağıdıcı zərbələr endirildi. Peşəkar və yüksək döyüş ruhuna malik olan hərbçilərimiz qorxu bilmədən irəliləyib, erməniləri doğma torpaqlarımızdan qovub çıxartdılar. "Dəmir yumruq" əməliyyatı adı altında gedən döyüşlər nəticəsində düşmən ordusu məhv edildi, Qarabağ həsrətinə son qoyuldu. Əlbəttə, bu tarixi qələbəni xalqımıza yaşadan cəsur döyüşçülərimiz oldu. Məhz onların güc və iradəsi nəticəsində ermənilər geri çəkilmək məcburiyyətində qaldılar.
İllər sonra düşmən işğalından azad edilən Cəbrayıl rayonunda Vətən müharibəsində fərqlənən, düşmənə göz dağı verən kapitan Valeh Bədrəddinli ilə tanış olduq. Qəbələ rayonunda dünyaya göz açan Valeh hələ yeniyetmə vaxtlarından hərbçi olmaq qərarına gəlib. O, 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. V.Bədrəddinli  əvvəl Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini, sonra isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzini bitirib. "Leytenant" rütbəsində hərbi xidmətə yollanıb. Qısa bir müddət ərzində gənc zabit həm şəxsi heyətin, həm də komandirlərinin hörmət, sevgi və rəğbətini qazanıb.
Xidmətə başladığı ilk gündən nizam-intizamlı və nümunəvi olmağa çalışır. Hərbi hissənin seçilən zabitlərindən olur. O, hər zaman bütün gücü və iradəsi ilə şəxsi heyəti peşəkar bir döyüşçü kimi yetişdirməyə çalışır. Əsgərlərin döyüş qabiliyyətini və ruhunu, fiziki, atəş və mənəvi-psixoloji hazırlıqlarını artırması üçün əlindən gələni əsirgəmir. Şəxsi heyətə həm qardaş, həm də komandir olur. Gənc zabitin peşəkarlığı sayəsində əsgərlərimiz hərbi sirlərə yiyələnirlər. "Bizim əsas vəzifəmiz əsgərlərimizi peşəkar döyüşçü kimi hazırlamaqdır. Onların hərtərəfli hazırlıqlı olmalarını daim diqqət mərkəzində saxlayırıq. Məktəb illərində öyrəndiklərimizi onlara öyrədirik. Məni xidmət etməyə ruhlandıran əsas amillərdən biri tabeliyimdə olan şəxsi heyətə  göstərdiyim diqqət və qayğıdır. Onlar bizə əmanətdirlər. Ata-babalarımızdan öyrənmişik ki, əmanəti göz bəbəyi kimi qorumaq lazımdır. Onların heç birinə evdən, valideynlərindən uzaq olmalarını hiss etdirməməliyik. Hər biri bizim üçün doğmadır".
- İllər sonra mənfur düşmən işğalından azad olunan torpaqlarımızda xidmət etdiyim üçün sevinirəm, - deyə zabit sözünə davam etdi. - Keçirdiyim hissi adi sözlərlə ifadə etmək mümkün deyil. Hər zaman bu arzu ilə yaşamışıq və bu gün rəşadətli ordumuzun sayəsində buna nail olduq. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında gündən-günə güclənən ordumuz istənilən döyüş tapşırığının öhdəsindən asanlıqla gələ biləcək gücə malikdir. 44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir. Söz verdiyimiz kimi, xalqımıza Böyük Qələbə gününün sevincini yaşatdıq.
V.Bədrəddinli onu da qeyd etdi ki, Vətəni qorumaq, onun bir qarış torpağını canından əziz bilmək hər birimizin  vətəndaşlıq borcudur. Buna görə də o, hər zaman dədə-baba torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edənlərin sırasında olmaq istəyib. Belə ki, qızğın döyüşlər nəticəsində düşmənə göz açmağa imkan verməyən zabit bir çox uğurlu əməliyyatların iştirakçısı olub. Onun gücü, iradəsi və təcrübəsi nəticəsində erməni əsgəri çoxlu sayda itki verib. Dəqiq hesablamalar apararaq düşmənin cəmləşmə məntəqələrini, texnikalarını, mövqelərini və hədəflərini dəqiq artilleriya atəşi nəticəsində darmadağın edib. Artilleriya bölməsi olaraq ilk dəfə Cəbrayıl rayonuna daxil olan məhz kapitan V.Bədrəddinlinin komandiri olduğu bölmə olub. "Ali Baş Komandanımızın döyüş əmri verdiyi andan etibarən bizim bölmə düşmənə sarsıdıcı artilleriya atəşləri endirməyə başladı. Torpaqlarımıza zorla soxulan düşməni intensiv artilleriya atəşinə tutduq. Bir çox mövqelərini dağıtdıq. Erməni qəsbkarları təşviş içində idilər. İrəliləyən bölmələrimiz isə öz növbəsində onlara bir an da olsun göz açmağa imkan vermirdilər. Aprel döyüşlərində olduğu kimi, Vətən müharibəsində də onların necə qorxaq olduqlarının şahidi olduq. Azərbaycan əsgəri ilə üz-üzə gəlmək gücünə sahib olmadıqları üçün silahlarını atıb döyüş meydanından qaçırdılar. Bu gün artıq illərdir səngərlərdən həsrətlə baxdığımız torpaqlarımızda xidmət edirik. Regionun ən güclü ordusu olan qalib Azərbaycan Ordusunda xidmət etdiyim üçün qürur duyuram".
Qeyd edək ki, kapitan Valeh Bədrəddinli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"