Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2021 16:30

Valideynlərimin yanına qalib əsgər kimi dönəcəm

Əsgər İxtiyar İdrisov Vətən müharibəsinin iştirakçısıdır. 44 günlük Vətən müharibəsində ilk gündən sonadək vuruşub. Əsgər dostları ilə çiyin-çiyinə verərək Vətən uğrunda döyüşüb. Komandirinin verdiyi döyüş tapşırığını cəsarətlə, hünərlə yerinə yetirib. Qələbə əzmi ilə atıldığı döyüşlərdən qələbə ilə dönüb. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə neçə-neçə erməni qəsbkarını məhv edib. Suqovuşanın, eləcə də bir çox strateji əhəmiyyətli yüksəkliklərin yağılardan təmizlənməsində cəsarətlə vuruşub.
Söhbət zamanı öyrəndik ki, əsgər İxtiyar İdrisov ordu sıralarına 2019-cu ilin oktyabrında çağırılıb. Xidmətinin bir ilinin tamam olmasına az qalmış erməni qəsbkarlarının təxribatı nəticəsində Vətən müharibəsi başlayıb.
- Xidmətimin arxada qaldığı müddət ərzində təlimlərdə fəal iştirak edərək hərbi sirlərə dərindən yiyələnmişdim, döyüş vərdişlərini mənimsəmişdim, - deyə əsgər İxtiyar İdrisov bizimlə söhbətə başladı. - Torpaqlarımızın uzun illərdən bəri erməni qəsbkarlarının işğalında qalması bizi çox narahat edirdi. Valideynlərimin, doğmalarımın yanına qalib əsgər kimi dönməyi arzulayırdım. İstəyirdim ki, torpaqlarımızı düşməndən azad edək, doğma ocaqlarımıza qayıdaq. Vətən müharibəsi başlayanda arzuma çatacağıma inanırdım. Əks-həmlə əməliyyatlarına da bu istəklə atıldım. İlk döyüşlərdən düşmənin gücsüzlüyü aydın hiss olunurdu. Erməni qəsbkarları güclü və qüdrətli ordumuzun qarşısında dayana bilməzdi. Əsgərlərə döyüş əmri verən zabitlərimizin özləri də böyük hünərlə vuruşurdular. Biz əsgərlər də onlara baxıb daha cəsarətlə döyüşürdük. Döyüşdən-döyüşə də təcrübəmiz artırdı. Düşmən güclü əks-həmlələrimiz qarşısında dayana bilməyərək geri çəkilməyə başladı. Artıq qəsbkarların müqaviməti qırılmışdı. Gərgin döyüşlərimizdən biri də Suqovuşan və onun ətrafındakı yüksəkliklər uğrunda oldu. Yağılar bu yaşayış məntəqəsindən çıxmaq istəmir, ciddi müqavimət göstərirdilər. Amma ordumuzun hissələri güclü əks-hücumla işğalçıları geri oturdub Suqovuşanı azad etdi. Həmin gün sevincimiz yerə-göyə sığmırdı. Ermənistan ordusunun bölmələrini 30 ilə yaxın möhkəmləndikləri mövqelərdən vurub çıxarmışdıq. Artıq işğalın, işğalçıların sonu gəlmişdi. Ayağımız işğaldan azad edilmiş torpaqlara dəydikcə özümüzü daha güclü və qüdrətli hiss edirdik. Qumbaraatanımla düşmən mövqelərinə dəqiq atəş zərbələri endirirdim. Əks-həmlə əməliyyatları zamanı komandirlərimizin verdikləri döyüş tapşırıqlarını bacarıqla, peşəkarcasına yerinə yetirirdik. İkinci Qarabağ müharibəsində düşmən darmadağın olundu. Azərbaycan Ordusu, Azərbaycan əsgəri Vətən müharibəsində qalib gəldi, illərdən bəri erməni işğalında qalmış torpaqlarımızı azad etdi. Çox sevinirəm ki, mən də bu tarixi və şərəfli döyüşlərin iştirakçısı oldum. Artıq arzuma çatmışam, valideynlərimin, doğmalarımın yanına qalib kimi qayıdacağam. Əminəm ki, hərbi xidmətdən qalib əsgər kimi dönməyimdən valideynlərim də sevinəcək, qürur duyacaqlar.
Söhbət zamanı onu da öyrəndik ki, əsgər İxtiyar İdrisovun kiçik qardaşı Seymur da bu yaxınlarda ordu sıralarına çağırılıb. Hazırda "N" hərbi hissəsində xidmət edir. Vətən qarşısındakı övladlıq borcunu şərəf və ləyaqətlə yerinə yetirir. Valideynlərinin yanına qalib əsgər kimi qayıtmaq istəyən İxtiyar İdrisov dedi ki, ordu sıralarından tərxis olunanda, evə getməzdən əvvəl qardaşımla görüşəcəm. İştirakçısı olduğum döyüşlərdən Seymura da danışacam. İstəyirəm ki, Vətən uğrunda necə cəsarətlə döyüşdüyümüzü qardaşım da bilsin.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"