Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2021 16:30

Hərbçilərimiz bizə Qələbə sevinci yaşatdılar

Azərbaycan Ordusunda mühüm yer tutan məsələlərdən biri də şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsidir. Qoşunların hərbi əməliyyatlar zamanı düşmənə üstün gəlməsi üçün lazım olan bilik və vərdişlərin aşılanması döyüş hazırlığının əsasını təşkil edir. Şəxsi heyətin yüksək döyüş hazırlığına malik olması, şübhəsiz ki, qələbəyə təminatdır. Vətən müharibəsində ordumuzun döyüş hazırlığının yüksək səviyyədə olması 44 gün ərzində düşmən ordusunu məhv etməsi ilə nəticələndi. İllərdir düşmən işğalında qalmış doğma torpaqlarımız cəsur zabitlərimizin, əsgərlərimizin, bir sözlə, yüksək döyüş hazırlığına malik hərbçilərimizin qəhrəmanlığı sayəsində azad olundu. Məhz onlar xalqımıza Qələbə sevinci yaşatdılar.
"N" hərbi hissəsində şəxsi heyətin döyüş hazırlığı məşğələsini izlədik. Artilleriyaçılar dərs cədvəlinə uyğun olaraq müxtəlif döyüş tapşırıqlarını məşq edirdilər. Geniş ərazidə təlim keçən topçularımız müəyyən olunmuş müxtəlif döyüş tapşırıqlarını məşq edir, təcrübə və səriştələrini artırırdılar.
Məşğələ rəhbəri leytenant Həmid Məmmədli bildirdi ki, düşmən üzərində zəfər qazansaq da, igid, mərd və cəsur oğullarımız daima öz üzərlərində çalışır, hərbi biliklərini artırırlar. "Gördüyünüz əsgərlər nümunəvi xidmətləri ilə seçilir. Hər birinin döyüş, atəş, fiziki və mənəvi-psixoloji hazırlığı olduqca yüksək səviyyədədir. Hazırda şəxsi heyət lazımi normativləri yerinə yetirir."
Şəxsi heyətin hazırlığından söz açan Həmid Məmmədli qeyd etdi ki, bu gün orduda xidmət edən əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığı ilə peşəkar zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları məşğul olurlar. "Bu səbəbdən də şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları uğurla icra etməyə qadirdir. Plana uyğun olaraq təlimlər keçirilir. Təlimlərdə əsgərlərimiz yüksək peşəkarlıq nümayiş etdirirlər. Müxtəlif məsafələrdən atəş açmağı mənimsəyirlər. Onlar verilən şərti koordinatları tuşlayaraq topu döyüşə hazır vəziyyətə gətiriblər və məşğələ rəhbərindən "atəş" əmrini gözləyirlər. Cəld və qısa bir zamanda komandanı icra etmələri onların təcrübəli və hazırlıqlı olduqlarından irəli gəlir."
Zabit onu da bildirdi ki, hərbi sirləri şəxsi heyətə öyrətmək üçün məşğələnin hər dəqiqəsindən səmərəli istifadə etməyə çalışırıq. "Öncə onlara dərslərin mövzusu barədə nəzəri olaraq məlumat veririk. Sonra isə şəxsi heyət nəzəri biliklərini əməli olaraq həyata keçirir. Verilən komandalar üzrə fəaliyyətə başlayırlar."
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Anar Əsgərli bildirdi ki, dağlıq və  düzənlik ərazilərdə  keçirilən praktiki məşqlərə cəlb olunan şəxsi heyət  onlara təhkim olunmuş döyüş texnikası ilə şərti düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin etmək tapşırıqlarını yerinə yetirir. "Keçirilən məşqlərdə bölmələrin "döyüşə" və "səfərə" düzülüşü, hədəflərin təyin edilməsi, atış ərazisinin seçilməsi, mövqenin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativlər icra edilir. Məşğələlərin və təlimlərin əsas məqsədi əsgərlərin praktiki vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir döyüş hazırlığının səviyyəsinin artırılmasından ibarətdir."
Əsgərlərimizlə söhbət zamanı üzlərindəki ifadələrdən qalib ordunun əsgəri olmaqdan qürur hissi keçirdiklərini hiss etməmək mümkün deyildi. Onların məğrur baxışları insanı fərəhləndirirdi. Əsgər Sərhad Abışov bildirdi ki, dərslər yüksək səviyyədə keçirilir. "Komandirlərimizin sayəsində topun bütün sirlərinə yiyələnmişik. Heç bir çətinlik çəkmədən istənilən komandanı icra edə bilərik. Qazandığımız uğurlara görə komandir heyətimizə borcluyuq. Onlar bizi döyüşçü kimi yetişdiriblər. Gündəlik dərslərin və keçirilən təlimlərin nəticəsidir ki, ordumuz düşmən üzərində böyük qələbə qazandı. Açılan dəqiq atəşlərlə düşmənin döyüş texnikaları, hərbi hissələri və canlı qüvvəsi məhv edildi. Biz hər zaman torpaqlarımızın müdafiəsində dayanmağa hazırıq."
- Hərbi xidmətimi başa vurmağa az qalıb, ancaq istəyirəm ki, orduda qalıb komandirlərimizlə çiyin-çiyinə vətənimizin müdafiəsində olan hərbçi kimi həyatıma davam edim. Hərbi xidmət həyatımda bir məktəb oldu, həm  döyüşçü olmağımın, həm də gələcək müstəqil həyatda yaşamağımın sirlərini öyrəndim, - deyə hərbi xidmətə Bərdə rayonundan çağırılan əsgər Elçin Mustafayev orduda keçirdiyi günlərin dəyərindən, təlim və məşğələlərdə peşəkarlıq qazanmasından danışdı.
Söhbətimizə qoşulan əsgər Fərid Manafov dedi ki, keçirilən dərslər və təlimlər onların peşəkar hərbçi kimi formalaşmasında mühüm yer tutur. "Hərbi xidmət hər birimiz üçün əhəmiyyətli bir dövrdür və bu dövrdə döyüşçüyə xas olan vacib vərdişləri mənimsəyirik, həmçinin bir çox mənəvi keyfiyyətlərə alışırıq. Keçirilən dərslərdə komandirlərimizin öyrətdiklərini mənimsəyir, təlimlər zamanı bildiklərimizi və öyrəndiklərimizi nümayiş etdiririk. Mən və əsgər yoldaşlarım çox sevinirik ki, qalib orduda xidmət edirik. Qürurlanıram ki, illərdir həsrətini çəkdiyimiz doğma torpaqlarımızın azadlığı xidmətim dövrünə təsadüf etdi. Qalib ordunun əsgəri olaraq ailəmin yanına qayıdacağımdan çox fərəhlənirəm."
Əsgər Rövşən Dadaşov da qeyd etdi ki, hərbi xidmət onlardan intizamlı olmaq, hərbi sirri qoruyub saxlamaq, dözümlülük, cəsarət tələb edir. "Bura hər birimiz üçün bir məktəbdir. Bu məktəbdə biz hərbi bilikləri öyrənirik. Daha cəsarətli, güclü döyüşçü kimi formalaşırıq. Bu vərdişləri bizə aşılayan komandirlərimizə dərin minnətdarlığımı bildirirəm."
Beləliklə, əsgərlərimizlə söhbətdən sonra əminliklə deyə bilərik ki, belə igid, vətənpərvər, yüksək döyüş hazırlığına malik oğulları olan ordunun qarşısında heç bir düşmən qüvvəsi dayana bilməz.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"