Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2021 10:04

“Bu qələbə Azərbaycan tarixində əbədi qalacaq”

Rəşadətli Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də Ermənistanın təxribatına layiqli cavab verməsi, mülki əhaliyə yönəlmiş təcavüzkarlığına qarşı bütün cəbhə boyu əks-hücuma keçməsi hərb tariximizin ən şanlı səhifələrinin yazıldığı günlərə çevrildi. Beləliklə, Azərbaycan Ordusunun zəfər yürüşü başladı. Əks-hücum əməliyyatı ilə başlayan  Vətən müharibəsinin ilk günlərində Murov zirvəsində əzəmətlə dalğalanan müqəddəs bayrağımız tezliklə bütün Qarabağın qalib əsgərlərimiz tərəfindən azad olunacağına inamını qəlbimizdə möhkəmləndirdi, şuşalıların, laçınlıların, cəbrayıllıların, ümumiyyətlə, bütün məcburi köçkünlərin öz yurdlarına dönmək arzusunun tezliklə həyata keçiriləcəyinin müjdəsini verdi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar xalqımızda, dünyadakı soydaşlarımızda ruh yüksəkliyinə səbəb oldu. Ölkəmizin hər bir vətəndaşı qəti surətdə əmin idi ki, qələbə sevinci uzaqda deyil. Ali Baş Komandan-xalq birliyi, ordumuzun şücaəti zəfər günlərinin lap yaxında olduğuna dəlalət edirdi. Xalqımız tam əmin idi ki, ordumuz Vətən savaşında qalib gələcək, çünki bu bizim haqq savaşımız, haqq mübarizəmiz idi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsində yaralanan və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı vurğulayırdı: "Biz öz torpaqlarımızı azad edirik. Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur. Və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlər xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında - Azərbaycan  torpağında ölür".
Haqqın, ədalətin bərpa olunduğu 44 günlük tarixdə  hər kəs ordumuza kömək etmək istədi, əlindən gələn yardımı  göstərdi, on minlərlə könüllü Vətən torpaqlarının azadlığı uğrunda əsgər və zabitlərimizlə  eyni sırada - eyni səngərdə vuruşmaq üçün müraciət etdi. "Biz zəfər çalacağıq!", "Qələbə bizimdir!", "Qarabağ Azərbaycandır!" şüarları dilindən düşməyən 10 milyonluq Azərbaycan xalqı uzun illər Qarabağ həsrətinin sonlanacağı günü səbirsizliklə gözlədi. Ordumuzun igid oğulları işğal olunan torpaqlarımızın hər qarışı uğrunda döyüşərək düşməni məhv etdi, hərbi texnikalarının külünü göyə sovurdu. Arxa cəbhədə ard-arda qələbə sevinci yaşamağımıza səbəb oldular. Rəşadətli Azərbaycan Ordusunun qarşısında tab gətirməyən erməni işğalçıları mövqelərini qoyub qaçırdı, təşvişə düşərək döyüşməkdən imtina edirdilər.
İşğal olunmuş torpaqlarımız uğrunda təcavüzkar və işğalçı Ermənistanla 33 ildən bəri başlamış faciəli münaqişənin ikinci qanlı müharibə mərhələsi noyabrın 10-da Azərbaycanın hərbi-siyasi qələbəsi ilə başa çatdı. Bu tarixi əhəmiyyətli sonluq Azərbaycan xalqının övladlarının sonsuz yurd sevgisini, hədsiz dözümünü, dəmir iradəsini, milli təəssübkeşliyini və ölüm-dirim mübarizəsində yenilməzliyini bütün dünyaya sübut etdi. Müzəffər Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz bu qələbəni ən yeni tarixə şəhid döyüşçülərimizin qanı ilə həkk etdi. Bu zamanadək sivil xalqı, zəngin ölkəsi, müstəqil dövləti, qüdrətli ordusu ilə tanınan Azərbaycan pozulmuş ərazi bütövlüyünü hərbi yolla, qəhrəmanlıqla bərpa edən, qalib ölkə olaraq da tanındı.
Bəli, bu gün qazandığımız Qələbəni 44 günlük Vətən müharibəsində  xalqımıza Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bəxş etdi. Azərbaycanımızın göz bəbəyi, Qarabağımızın tacı olan Şuşanın işğaldan azad  edilməsi ilə ikiqat bayrama çevrilmiş 9 Noyabr Dövlət Bayrağı Gününün  səhərisi azğınlaşmış işğalçıya Azərbaycan Ordusunun vurduğu son sarsıdıcı zərbə - daha 72 yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi ilə mənfur qonşularımızın "yenilməz" hesab etdiyi və mifə çevirdiyi Ermənistan ordusu müqavimət qabiliyyətini itirib təslim oldu. Ölkə rəhbəri düşmənin kapitulyasiyası anlamına gələn üçtərəfli bəyanatı zəfər aktı kimi imzaladı.
Bu tarixi anlarda xalqa müraciətində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev təntənə ilə bəyan etdi: "Əziz həmvətənlər. Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm".
Dövlətimizin rəhbəri müraciətində açıqlama verərək bildirdi: "Bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünənki parlaq, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq, insanlarımızın 30 illik həsrətinə son qoyulur".
Bu bir həqiqətdir ki, Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşünün, apardığı ağır və uğurlu döyüş əməliyyatlarının yekunu olan, əsgər və zabitlərimizin canı bahasına qazanılan qələbəni tarixə həkk edən bu təslimolma sənədinin imzalanması ilə uzun illik işğala son qoyuldu. Bu qələbəni Azərbaycana yurd sevdalısı olan Mübariz, Fərid, Murad, Samid ruhlu oğullar və onların davamçıları olan qorxubilməz döyüşçülərimiz bəxş etdilər.
Bu döyüşlərdə canını qurban vermiş şəhidlərimiz xalqımızın mənəvi dünyasında ən yüksək məqamda qərarlaşdı.  Müzəffər Ali Baş Komandanın dediyi kimi, "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər. Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad ediblər, onlar bizim bayrağımızı azad edilmiş torpaqlarda qaldırıblar, bayrağımızı orada dalğalandırıblar".
Ordumuzun güclü təlim görmüş peşəkar hərbi qulluqçularının döyüş əzmi, mənəvi-psixoloji hazırlığı  çox yüksək səviyyədədir. Qələbəni şərtləndirən ruh yüksəkliyi ordumuzun əsgər və zabitlərində ən müasir silaha bərabərdir. Bütün bunların nəticəsi olaraq xalqımıza qələbə müjdəsi verən Prezident İlham Əliyev dedi: ""Qarabağ Azərbaycandır və nida" ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!"
Ali Baş Komandanın çıxışlarında ordumuzla bağlı mühüm yer alan məqamlar çoxdur: "Döyüşlər şiddətli xarakter almışdı, düşmən müqavimət göstərirdi. Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi. Bu döyüşlərdə fəal iştirak edən insanlar yaxşı bilirlər ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizatı da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik".
Ancaq bu qələbəni xalqımıza qazandıran texniki vasitələrin üstünlüyündən daha artıq əsgər və zabitlərimizin peşəkarlığı, Vətənə məhəbbəti və milli ruhu oldu. Ali Baş Komandan bütün bunları yüksək dəyərləndirirdi və ona görə də deyirdi: "Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq".
Xalqımız illər uzunu inanılmaz və əlçatmaz görünən bu zəfərə, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi "30 ildən bəri düşmən tapdağında xarabazara çevrilən torpaqlarımızı ölüm-dirim savaşı ilə, qarış-qarış azad etdiyinə görə  Azərbaycan Ordusuna borcludur. O orduya ki, bu missiyanı öz şərəfli borcu kimi qəhrəmanlıqla gerçəkləşdirdi".

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"