Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2021 10:04

“Azərbaycan əsgəri daim Vətənin keşiyindədir”

"N" hərbi hissəsində xidməti ilə komandir heyətinin hörmət və rəğbətini qazanan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Atəş Mustafayev ilə tanış olduq. Komandirlərinin dediklərinə əsasən o, Vətəninə sadiq bir döyüşçü kimi vəzifəsinin öhdəsindən uğurla gəlir, xidmətini düzgün təşkil edir, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanır.
Tovuz rayonundan olan Atəş əsgəri xidmətindən sonra hərbçi olmaq qərarına gəlib. Artıq 6 ildir ki, ordu sıralarında Vətənimizin keşiyində dayanır. O, ötən il baş verən Tovuz döyüşlərinin iştirakçısıdır. Döyüşlərdə hamı kimi xain düşmənin həyata keçirdiyi təxribatın qarşısını almaqda şücaət nümayiş etdirib.
Bir oğul atası olan Atəş bu gün də əldə silah Vətən torpaqlarının keşiyində dayanır. Bir hərbçi, bir vətəndaş kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlir.
Rəşadətli ordumuzun qələbəsindən söz açan Atəş bildirdi ki, cəsur oğullarımızın sayəsində düşmən darmadağın edildi. "Müzəffər Ali Baş Komandanımızın 27 sentyabr 2020-ci il tarixdə verdiyi döyüş əmri ilə xain düşmənin həyata keçirdiyi genişmiqyaslı təxribatın qarşısını almaq məqsədilə ordumuz əks-hücum əməliyyatına başladı. İrəliləyən qüvvələrimiz ilk gündən etibarən düşmənə sarsıdıcı zərbələr endirdi. Onları doğma torpaqlarımızdan geri çəkilməyə məcbur etdi. Cəsur oğullarımızın qarşısında tab gətirə bilməyən erməni əsgəri isə qorxaraq döyüş meydanından qaçmaq məcburiyyətində qaldı. Bu tarixi qələbə hər birimizə ruh yüksəkliyi aşılayır. Qürurlanıram ki, belə güclü ordunun hərbi qulluqçusuyam".
Hərbi qulluqçu tabeliyində xidmət edən şəxsi heyətin döyüş, mənəvi-psixoloji, fiziki və atəş hazırlıqları səviyyəsinin artırılması istiqamətində əlindən gələni əsirgəmədiyini dedi. - Mənim hər anım əsgərlərimin yanında keçir. Vətənimizin hər bölgəsindən hərbi xidmətə gələn var. Sosial statusundan, tutduğu mövqeyindən, təhsilindən asılı olmayaraq mən onlara hərbi kollektivimizin bir ailə olduğunu başa salıram, izah edirəm. Çünki Azərbaycan Ordusunda xidmət edən hər kəs bir məqsəd ətrafında birləşib - torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaq və düşmən təxribatlarının qarşısını almaq. Buna görə də bölməmizdə xidmət edən hər kəs döyüş növbətçiliyini özünə sınaq hesab edərək vacib bir vəzifənin - torpaqlarımızın qorunmasının ona etibar edildiyini bütün məsuliyyəti ilə başa düşür. Belə cəsur əsgərlərimizin sayəsində xalqımız evində rahat yata bilər. Çünki onları mərd və cəsur Azərbaycan əsgəri qoruyur.
Bir komandir kimi üzərimə düşən vəzifənin müqəddəsliyini və məsuliyyətini də çox yaxşı başa düşürəm.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"