Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2021 10:03

Böyük Qələbə gələcək uğurlarımızın açarı olacaq!

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir ordu quruculuğu bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Arsenalımızın müasir silahlarla təmin olunması, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi prioritet seçilmiş istiqamətlərdəndir. Bu gün ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində rəşadətli ordumuz gündən-günə qüdrətlənir. Tam əminliklə deyə bilərik ki, atılan qətiyyətli addımlar sayəsində Azərbaycan Ordusu qısa müddət ərzində böyük uğurlara imza atmağı bacarıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, ordu rəhbərliyi tərəfindən aparılan hərbi islahatlar nəticəsində şəxsi heyətin döyüş hazırlığı, peşəkarlığı daha da artır. Görülən işlərin məntiqi nəticəsidir ki, bir zamanlar düşmən işğalında olan əzəli torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımız dalğalanır. Müharibə başa çatsa da, ordumuzun aparıcı qoşun növlərinin müasirləşməsi, şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi fonunda görülən işlər bu gün də uğurla davam etdirilir.
"N" hərbi hissəsinin avtomobil parkında günün nizam qaydasına uyğun olaraq “BTR-82A” döyüş maşınının heyəti onlara təhkim olunmuş texnikaya qulluq göstərirdi. Parkda zabit Yusif Kərimovla kəlmələşdik. "Hər bir ordunun gücü onun əsgərinin döyüş ruhu və hərbi hazırlığı ilə ölçülür", - deyə zabit söhbətə başladı. - Qürurluyuq ki, hər bir azərbaycanlının Vətən, torpaq həsrətinə rəşadətli ordumuz tərəfindən artıq son qoyulub. Bir zamanlar mənfur düşmən işğalında olan torpaqlarımız artıq bu gün azaddır. Azərbaycan əsgəri hər qarışı uğrunda döyüşərək, canını qurban verərək torpaqlarımızı işğaldan azad edib. Döyüş meydanında ermənilər Azərbaycan əsgərinin qarşısında uzun müddət tab gətirə bilmədilər və nəhayət, gec də olsa başa düşdülər ki, torpaqlarımızı tərk etməsələr, ordumuz onları tamamilə məhv edəcək. 10 noyabr Zəfər günü kimi tarixləşdi. 44 günlük döyüşlərdə bizim bölməmiz də düşmənə sarsıdıcı zərbələr vuran qüvvələrdən biri idi. Artıq şəhidlərimizin qisası düşməndən alınıb.  
Şəxsi heyət fəaliyyətini başa vurduqdan sonra onlarla tanış olduq. İlk müsahibim gizir Yaşar Həsənov qeyd etdi ki, “BTR-82A” döyüş maşını böyük işgörmə qabiliyyətinə malik texnikalardandır. "Ordumuzun arsenalında olan zirehli texnika döyüş fəaliyyətində şəxsi heyətin mühafizə altında hərəkətini təmin etməklə yanaşı, motoatıcı bölmələri atəş dəstəyi ilə təmin etmək iqtidarındadır. Bu texnika yüksək atəş gücünə malikdir və çevik hərəkətin təşkilində həlledici rol oynayır. Onun mühüm özəlliklərindən biri də odur ki, yerüstü hədəflərlə yanaşı, hava hədəflərinə qarşı effektiv təsir göstərməyi bacarır. Bu, 44 günlük Vətən müharibəsi zamanı öz təsdiqini tapdı. Bölməmizin şəxsi heyəti döyüşlərin ilk günü həyəcan siqnalı ilə qaldırılaraq, cəmləşmə rayonlarına tərəf çıxdı. Ermənistan ordusu Azərbaycan Ordusundan bütün kriteriyalarda geri qalırdı. Silah-sursat, texnika təchizatı, döyüş ruhu Azərbaycan Ordusu ilə müqayisə oluna bilməzdi. Döyüşlərdə ermənilərin necə qorxaq olduğunun şahidi olduq. Qoyub getdikləri hərbi texnikalar, silah-sursat onların qorxaqlığından xəbər verirdi. Ermənilər bu günə qədər etdiyi vəhşiliklərin cəzasını rəşadətli ordumuz sayəsində layiqincə aldılar və düşmən bilsin ki, Ali Baş Komandanın rəhbərliyi ilə bundan sonra da Vətənimizi göz bəbəyimiz kimi qoruyacağıq. Bunun üçün canımızdan da keçməyə hazırıq. Xalqımız da əmin olsun ki, bu gün Vətənimizin müdafiəsi etibarlı əllərdədir".
Gizir Yaşar Həsənov Vətən müharibəsinin iştirakçısı olmaqla yanaşı, 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısıdır. “Hər iki tarixi döyüşdə iştirak etməkdən fəxarət hissi duyuram. Şükürlər olsun ki, düşməndən xalqımızın qisasını alan oğulların sırasında mən də varam. Bir oğlum var, onu da gələcəkdə hərbçi görmək istəyirəm. Bir ata üçün övladını hərbi formada görməkdən qürurverici nə ola bilər? Hər birimiz bu gün müqəddəs vəzifədə - Vətənin müdafiəsindəyik. Qalib ordunun hərbi qulluqçularıyıq və bununla fəxr edirik!"
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ayaz Ağazadə keçirilən təlimlərin vacibliyindən danışdı. "Komandirlərimizin rəhbərliyi ilə dərs proseslərində iştirak edir, praktiki və nəzəri biliklərimizi durmadan artırırıq. Təlim və döyüş hazırlığı məşğələləri hərbi qulluqçunun bir döyüşçü kimi formalaşmasında çox əhəmiyyətlidir. Lakin "Dəmir yumruq" əməliyyatı bizim təcrübəmizin artmasında çox mühüm rol oynadı. Real döyüşdə olmaq, onun həyəcanını duymaq heç bir sözlə izah olunmayacaq bir prosesdir. Dərs və təlim kiçik döyüş mühiti olsa da, burada müddət, şərait və fəaliyyət plan üzrə təşkil olunur. Lakin müharibə anlayışı başlanğıcı və sonu bilinməyən prosesdir. Təbii ki, təlimdə qazanılan uğur, döyüşdə birbaşa açar rolu oynasa da, döyüşdə qazanılan təcrübə heç nə ilə müqayisə oluna bilməz. Ordumuz öz gücünü qısa müddətdə düşmənə göstərdi. Azərbaycan əsgəri yüksək döyüş ruhu və qələbə əzmi ilə, böyük dözümlülük göstərməklə, intizamlı olmaqla, düşməni döyüş meydanında darmadağın etdi. Qazanılan uğurlar bizi daha yeni uğurlara səsləyir və 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Qələbə gələcək uğurlarımızın açarı olacaq.
Artıq ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən işğaldan azad olunmuş ərazilərimizdə bərpa, abadlaşdırma işləri aparılır. O torpaqlara artıq can gəlib, yeni nəfəs gəlib. Bu torpaqları qorumaq hər birimizin müqəddəs borcudur. Çünki onun hər qarışına görə igid oğullarımız son damla qanınadək savaşıb, bu yolda şəhadətə yüksəlib, qazi olublar. Hər birimiz üzərimizə düşən ümdə vəzifəni dərindən dərk edir, Vətən torpaqlarını göz bəbəyimiz kimi qoruyuruq”.
"Hərbi gücü və qüdrəti ilə dünyanın aparıcı orduları sırasında olan Azərbaycan Ordusu illərdir beynəlxalq qurumların bərqərar edə bilmədiyi ədaləti 44 günə bərpa etdi", - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vəli Cəfərov söhbətə başladı. "Bu döyüşlər Azərbaycan əsgərinin cəsarətini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətindən, xalqın etimadından güc alan Azərbaycan əsgəri qarşısına qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyə hər an hazırdır. Döyüşlərdə iştirak etmiş biri kimi qeyd etmək istərdim ki, tarixi ərazilərimizi azad etmək niyyətimiz qarşısında düşmənin müqavimət göstərməsi mümkün deyildi. Ərazilər təmizləndikcə tarixi torpaqlarımızda ucaldılan üçrəngli bayrağımız hər birimizi daha da irəli səsləyirdi. Xalqımızın dəstəyini də xüsusi qeyd etmək istərdim. Döyüşlər başlayan gündən Ali Baş Komandanın da dediyi kimi, tək yumruq halında birləşməyimiz qələbəni şərtləndirən amillərdən biri oldu. Rütbəsindən, yaşından, vəzifəsindən asılı olmayaraq hər kəsin qəlbi döyüş meydanında döyünürdü. Ali Baş Komandanımızın torpaqlarımızın azad olunması ilə bağlı verdiyi Qələbə müjdəsi hər birimizin qəlbinə sevinc toxumları səpirdi. Şükürlər olsun ki, bu gün tarixi torpaqlarımız artıq işğaldan azad olunub. Şəhidlərimizin qisası alınıb. Bu döyüşlərdə Azərbaycan əsgəri Vətənə olan şərəf borcunu layiqincə ödədi. Bundan sonra da Azərbaycan Ordusu mətin addımlarla daim irəli gedəcək".

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"