Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 May 2021 10:00

Hərbi intizam sıradan başlayır

"N" hərbi hissəsində inşa edilən müasir binaların gözəlliyi, ətrafın səliqə-sahmanı göz oxşayırdı. Şəxsi heyətin hərbi hissənin ərazisində və təyin olunmuş yerlərdə dərslərlə məşğul olduqlarının şahidi olduq. Sıra meydanında bir qrup şəxsi heyət plana uyğun olaraq sıra hazırlığı keçirdi. Sıra hazırlığının elementlərini icra edən əsgərlərin ayaq səsləri hər kəsin diqqətini özündə cəmləyirdi. Şəxsi heyətin ayağını eyni anda yerə vurmasından yaranan səs dalğası, məşğələ rəhbəri tərəfindən verilən komandaların cəld yerinə yetirilməsi hər birimizə xoş ovqat aşılayırdı. Əlbəttə, belə vətənpərvər, igid oğulların qarşısında heç bir düşmən tab gətirə bilməzdi. 44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir. Cəsur əsgərlərimizin mətin addımlarla irəliləməsi nəticəsində illərdir düşmən əsarətində olan torpaqlarımızı azad etdik.
Hər kəs təyin olunmuş yerdə dayanıb məşğələ rəhbərinin komandası ilə sıra hazırlığının elementlərini yerinə yetirirdi. Əsgərlərimizin nizami addımlarla hərəkəti, rəisə yaxınlaşma və uzaqlaşmaları, hərbi salam vermələri şəxsi heyətin nizam-intizamlı olmasından xəbər verirdi.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elməddin Nağıyev dərsin məzmunu haqda məlumat verərək bildirdi ki, sıra hazırlığı xidmət edən hər kəs üçün vacibdir. “Nizam-intizam birinci növbədə sıradan başlayır. Günün nizam qaydasına uyğun olaraq sıra meydanında sıra hazırlığının elementlərini məşq edirik. Əsgərlər bütün dərslərdə olduğu kimi, sıra hazırlığı məşğələsində də yüksək əzmkarlıq nümayiş etdirirlər. Verilən əmrləri yerinə yetirmələrindən görünür ki, onların dərsləri öyrənmək həvəsi yüksəkdir. Bizim də borcumuzdur ki, gənclərə yeni-yeni mövzular keçək, onların hərb biliklərinin artmasına yardımçı olaq. Bugünkü dərsdə əsgərlərə səfər və sıra addımlarının fərqini, rəisə hərbi salam vermə və sırada duruş qaydalarını öyrədirik. Əsgərlərimizin hər biri dərsə həvəslə qatılır, verilən əmr və tapşırıqları cəld və nöqsansız yerinə yetirirlər. Düzdür, öncədən hər bir kəsdə olduğu kimi, onlarda da çətinlik olurdu. Amma bu gün əsgərlərimizin hər biri hərtərəfli hazırlıqlıdır. Onların döyüş ruhu olduqca yüksək səviyyədədir".
Əsgər Rəvan Məmmədov komandirlərinin köməkliyi ilə hərbin sirlərinə dərindən yiyələndiyini bildirdi. "Hərbi xidmətə gəldiyim gündən öz üzərimdə çalışıram. Düşmənə qalib gəlmək və üstün olmaq üçün daha çox çalışmalısan. Buna görə komandirlərimizin peşəkarlığından istifadə edərək, hərbin sirlərinə yiyələnirik. Onların sayəsində hərtərəfli hazırlıqlarımızı artırırıq. Daha güclü, peşəkar və dözümlü oluruq. Sıra hazırlığı da döyüş hazırlığının vacib elementlərindəndir. Keçirilən dərslərdə hamımız fəal iştirak edirik. Sıra hazırlığında öyrəndiklərimiz təntənəli mərasimlərdə, bayram günlərində həyəcansız və inamla tribuna önündən keçməyimizə kömək edir. Buna görə də üzərimizdə əziyyəti olan bütün komandir heyətinə dərin minnətdarlığımı bildirirəm".
Əsgər Elşən Qardaşxanlı bildirdi ki, gənc əsgər hazırlığı dövründə sıra hazırlığına daha çox üstünlük verilirdi. "Yeni gəldiyimiz üçün bir az çətinlik çəkirdik. Nə düzgün addımlaya, nə də düzgün hərbi salam verə bilirdik. Yalnız müəyyən müddətdən sonra komandirlərimizin səyi nəticəsində sıra hazırlığının bütün elementlərinə dərindən yiyələndik. Verilən bütün komandaları nöqsansız və tez bir zamanda yerinə yetirə bilirəm. Sıra hazırlığından savayı, döyüş, fiziki, atəş və mənəvi-psixoloji hazırlıqlarımızı da artırmışıq. Belə ki, Azərbaycan əsgərinin hərtərəfli hazırlıqlı olmasını İkinci Qarabağ müharibəsi göstərdi. Biz düşməni darmadağın etdik, onları əzəli torpaqlarımızdan qovduq".
Əsgər Cavidan Şəmilov və başqaları da qeyd etdilər ki, komandirlərinin nəzarəti altında sıra hazırlığı məşğələsi yüksək səviyyədə keçirilir. Sıra elementlərinin bütün vərdişlərinə dərindən yiyələniblər. Əsgərlərimizin hazırlığı olduqca yüksək səviyyədədir. Ən əsası isə onların hər birinin necə vətənpərvər olduğunun canlı şahidi olduq.

Orxan HÜSEYNLİ,  "Azərbaycan Ordusu"