Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 May 2021 10:00

Asudə vaxtımızı səmərəli keçiririk

Bu gün Müzəffər Ali Baş Komandanımızın diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda aparılan islahatlar, müasir tələblər əsasında tikilən yeni-yeni hərbi hissələr, arsenalımızda yer alan silah və texnikalar, ordumuzun NATO standartlarına uyğunlaşdırılması onu deməyə əsas verir ki, ölkəmizdə ordu quruculuğu prosesi əsas prioritet məsələdir. Harada yerləşməsindən asılı olmayaraq hər bir hərbi hissədə döyüş hazırlığı ilə yanaşı, əsgərlərimizin asudə vaxtlarının səmərəli keçməsi üçün hər cür şərait yaradılıb. Şəxsi heyət boş vaxtlarda şahmat, futbol, voleybol oynayır, müxtəlif maarifləndirici viktorinalar və yarışlar keçirir, həmçinin musiqi alətlərində ifa etməyi bacaran gənclər silahdaşları üçün musiqi dəqiqələri təşkil edirlər.
"N" hərbi hissəsində bölmə komandiri əsgərlərimizdən birinin gitara ifaçısı olduğunu və tez-tez yoldaşları üçün milli və klassik musiqilər ifa etdiyini bildirdi. Fürsətdən istifadə edərək əsgər Mayıl Qasımov ilə tanış olduq. Öyrəndik ki, Mayıl hərbi xidmətə Sumqayıt şəhərindən çağırılıb. Azərbaycan Texniki Universitetində ali təhsil aldıqdan sonra hərbi xidmətə başlayıb.
- Yetkinlik yaşıma çatandan sonra klassik və milli musiqilərimizi dinləməyə üstünlük verdim. Ümumiyyətlə, öyrənməyi, öz üzərimdə çalışmağı çox sevirəm. Yaşadığımız dövr yeniliklər dövrüdür. Bu gün öyrəndiklərimiz artıq sabah köhnəlmiş hesab edilir. Ona görə də biz gənclər öz üzərimizdə daim çalışmalıyıq. Musiqiyə olan marağım müəyyən bir müddətdən sonra məni gitarada ifa etməyə ruhlandırdı. Bu günə qədər gitarada bir çox musiqiləri ifa etməyi sərbəst öyrənmişəm, hələ də öyrənirəm. Musiqi mənim üçün həyatı daha dolğun anlamağa kömək edən, təbiət hadisələrini və insan hisslərini ifadə edən sehirli dünyadır. Düşünürəm ki, əgər qarşına hansısa bir məqsəd qoysan, mütləq ona nail olacaqsan. Hərbi xidmətə gəldiyim gün uzun müddət musiqisiz qalacağımı düşünürdüm. Ancaq komandirlərimə gitaramı gətirmək və asudə vaxtlarda əsgər yoldaşlarım üçün ifa etmək istədiyimi bildirəndə, onlar bu təşəbbüsümü çox yaxşı qarşıladılar. Günümüz nə qədər qayğılı keçsə də, gitaranın simlərinə toxunduğum zaman bütün yorğunluğum çıxır. Həm də çox sevinirəm ki, az da olsa silahdaşlarımın istirahətində əməyim var, - deyə əsgər Mayıl Qasımov bildirdi.
Əsgər Sabir Əhmədli də söhbətimizə qoşuldu. "Biz asudə vaxtımızı səmərəli keçiririk. Stolüstü oyunlar oynayır, hərbi vətənpərvərlik mövzusunda verilişlər izləyir, həmçinin bölmələrarası keçirilən voleybol, futbol yarışlarında iştirak edirik. Son futbol yarışında bizim komanda qalib gəldi. Yarışa qatılarkən bizim üçün əsas qalibiyyət deyil, iştirak etməkdir. Çünki Vətənin müdafiəçiləri arasında sağlam rəqabət var. Bizim üçün əsl qalibiyyət döyüş meydanında düşmən üzərində oldu. İllərdir torpaqlarımızı işğalda saxlayan düşməni döyüş meydanında darmadağın edərək geri çəkilməyə məcbur etdik", - deyə Sabir qürurla danışdı.
Əsgər Sərdar Qədimov isə qeyd etdi ki, hərbi formanı daşıdığı üçün qürurludur. "Qürurlayam ki, mən Azərbaycan əsgəriyəm. Vətənə xidmət edirəm. Onu deyə bilərəm ki, komandirlərimiz vaxtlı-vaxtında günün nizam qaydasına uyğun olaraq asudə vaxtımızı lazımi səviyyədə təşkil edirlər. İstirahət zamanı mütaliə etməyə daha çox üstünlük verirəm. Kitab seçərkən ehtiyatlı davranıram, çünki oxuduğum kitabların həyatıma, dünyagörüşümün artmasına təsiri böyükdür. Bu səbəbdən daha çox tariximizlə bağlı, vətənpərvərlik mövzusunda kitablar oxuyuram. Xidmətə gəldiyim gündən komandirlərimin mənə öyrətdiklərinə dərindən yiyələnməyə çalışıram. Hər birimiz biliklərimizi təkmilləşdirməliyik. Çünki döyüş meydanında olduğu kimi, savadımızla, biliyimizlə də düşməndən üstün olmalıyıq."

Oruc MUSTAFAYEV,  "Azərbaycan Ordusu"