Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 May 2021 10:00

Son döyüş tapşırığını da uğurla yerinə yetirdi...

Qırx dörd gün davam edən Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərərək, torpaq uğrunda canından keçən hərbçilərimizdən biri də çavuş Nicat Adil oğlu Hüseynovdur. Qarabağın azadlığı uğrunda döyüşlərə atılanda Nicatın 33 yaşı var idi. Nicat onu tanıyanların yaddaşında elə bu yaşda da qalacaq.
Nicat Hüseynov 12 mart 1987-ci ildə Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. 1994-cü ildə İnayət Həsənov adına Meyniman kənd orta məktəbinin birinci sinfinə gedib. 2005-ci ildə orta təhsilini başa vurub. Həmin ilin oktyabrında hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində yerinə yetirib. Vətən qarşısındakı övladlıq borcunun öhdəsindən bacarıqla gələrək 2007-ci ilin aprelində alnıaçıq, başıuca valideynlərinin yanına dönüb.
Aradan uzun müddət keçsə də, ordu sıralarına qayıdıb xidmət etmək istəyi heç vaxt Nicatın qəlbini tərk etməyib. Ürəyindən keçən arzu və istəyinə qovuşmaq üçün o, 2019-cu ildə qəti addım atıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursunda təhsil alıb. Kursu uğurla başa  vurduqdan sonra Nicat Hüseynov xidmət etmək üçün "N" hərbi hissəsinə göndərilib.
Nicat Hüseynov xidmətə başladığı ilk günlərdən üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib, komandirlərin verdiyi bütün əmr və tapşırıqları peşəkarcasına yerinə yetirib. Keçirilən bütün təlim-məşqlərdə silahların və hərbi texnikaların sirlərinə dərindən yiyələnib. Qısa müddət ərzində əsgər və zabitlərin dərin hörmət və rəğbətini qazanıb.  
2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində Vətən müharibəsi başlayanda ilk döyüşə atılanlardan biri də Nicat Hüseynov olub. Cəsur döyüşçü əks-həmlə əməliyyatları zamanı neçə-neçə ermənini məhv edib. O, 44 gün davam edən İkinci Qarabağ müharibəsində 25 gün vuruşdu. Silahının hədəfinə tuş gələn yağılara aman vermədi. Hünərlə, cəsarətlə vuruşaraq şərəfli döyüş yolu keçdi. Füzuli, Cəbrayıl, Qubadlı və Laçın rayonu uğrunda gedən döyüşlərdə ön sıralarda vuruşdu.
Yurdumuz düşməndən azad edildikcə Nicatın sevinci yerə-göyə sığmırdı. Həmin anlarda onun qəlbi vüqarla, iftixarla döyünürdü. Nicat həmişə arzulayırdı ki, Vətən torpaqlarının azadlığı uğrunda vuruşsun. İndi illərdən bəri ürəyində gəzdirdiyi arzusuna çatmışdı. Otuz ilə yaxın düşmən işğalında qalan torpaqlarımız uğrunda cəsur zabit və əsgərlərlə çiyin-çiyinə döyüşürdü.
Döyüşlər uğurla davam etdikcə, Nicat fikirləşirdi ki, yəqin, Laçını yağılardan təmizlədikdən sonra Qarabağın tacı olan Şuşa uğrunda vuruşacaqlar. Artıq erməni işğalçıları qüdrətli Azərbaycan Ordusunun qarşısında dayana bilməyib, bütün istiqamətlərdə geri çəkilirdilər. Hər gün neçə-neçə kənd və qəsəbələrimiz erməni qəsbkarlarından azad olunurdu. Düşməndən təmizlənən kəndlərimizdə vəhşicəsinə törədilmiş dağıntıları gördükcə Nicatın qəzəbi daha da aşıb-daşırdı. Bu qəzəb onu qələbəyə doğru aparırdı.
Əgər çavuş Nicat Hüseynov düşmən gülləsinə tuş gəlib şəhid olmasaydı, uğurla başladığı döyüş yolunu sona qədər də zəfərlə davam etdirəcəkdi. Təəssüflər olsun ki, cəsur döyüşçü oktyabrın 22-də Laçın rayonunun Güləbird kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid oldu. Nicat içdiyi Hərbi anda sadiq qalaraq Vətən qarşısındakı son döyüş tapşırığını da uğurla yerinə yetirdi. Torpaqlarımızın azadlığı naminə canından keçdi.
Vətən müharibəsindəki göstərdiyi igidliyə və qəhrəmanlığa görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Nicat Adil oğlu Hüseynov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medallarına layiq görülüb.


Vahid MƏHƏRRƏMOV,  "Azərbaycan Ordusu"