Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 May 2021 10:00

Vətən torpağı and yerimiz, qürur mənbəyimizdir!

Hərbi müstəvidə Azərbaycan Ordusunun region dövlətləri ilə müqayisədə kifayət qədər böyük üstünlüyə malik olması bütün dünya miqyasında məlum həqiqətdir. Bu mənada erməni tərəfini narahat edən əsas məqamlardan biri də ölkəmizin malik olduğu pilotsuz uçuş aparatlarıdır.
Sentyabrın 27-dən başlayan və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsində PUA-ların uğurlu tətbiqi hərbi əməliyyatların taleyinin qısa müddətdə həllinə imkan verdi. Pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirildi.
"N" hərbi hissəsində polkovnik-leytenant Müslüm Sultanovla Azərbaycan Ordusunun müasir standartlara malik silahlarla təchiz olunması ilə bağlı söhbətimiz şəxsi heyətin pilotsuz uçuş aparatının dərs prosesi zamanı baş tutdu. Zabit bildirdi ki, bu gün Azərbaycan Ordusu, sözün həqiqi mənasında, çox yüksək səviyyədədir. "Ordumuz həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm texnoloji, həm də mənəvi-psixoloji cəhətdən qabaqcıl ordular sırasındadır. Azərbaycan Ordusunun həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatı nəticəsində qazandığı tarixi zəfərdə PUA-ların xüsusi rolu oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, tarixi qələbəmiz hərbi potensialımızın yüksəldilməsi nəticəsində mümkün olub: "Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik... Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib".
Dərs prosesi başa çatdıqdan sonra baş leytenant Tural Hacıyev pilotsuz uçuş aparatı haqqında məlumat verərək bildirdi ki, gördüyünüz pilotsuz uçuş aparatı hava kəşfiyyatını aparmaq, eləcə də istənilən şəraitdə hədəfgörmə və artilleriya atəşinə xidmət etmək üçün təyin olunub. Mini PUA-lar, həmçinin dəniz və quru sərhədlərinin qorunması vəzifələrinin də yerinə yetirilməsində istifadə oluna bilər. PUA-nın proqram təminatı müxtəlif platformalı vasitələrə xidmət etmək üçün nəzərdə tutulub. Belə uçan aparatlar kəşfiyyat, atəşin korrektəsi, düşmənin canlı qüvvəsi və yüngül zirehli texnikası ilə mübarizə aparmaq üçün idarə olunan döyüş sursatı kimi istifadə edilə bilər".
"Yaxın gələcəyin döyüş əməliyyatlarının strategiyasını və taktikasını süni intellektə, kəşfiyyat və zərbə imkanlarına malik avtonom uçan aparatların tətbiqi texnologiyaları müəyyən edəcək. Belə sistemlər hədəfi yüzlərlə və minlərlə kilometr məsafədə "tapa" biləcək", - deyə polkovnik-leytenant Müslüm Sultanov gənc zabitin sözünün təsdiqi olaraq qeyd etdi.
Zabit onu da bildirdi ki, Vətən müharibəsində Zəfərin qazanılmasında hərbi hissənin şəxsi heyətinin də rolu böyük olub. Öyrənirik ki, Ali Baş Komandanın imzaladığı sərəncamlara əsasən Aprel döyüşlərinin iştirakçıları olan baş leytenant Tural Hacıyev "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları, baş gizir Emil Qasımov isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Baş gizir Emil Qasımov dedi ki, dünyada Vətən məhəbbəti qədər müqəddəs, Vətən sevgisi qədər ülvi bir hiss yoxdur. "Hərbi hissəmizin bütün şəxsi heyəti Vətənini bütün qəlbi ilə sevdiyini və onun uğrunda son damla qanına qədər vuruşmağa hazır olduğunu döyüş meydanında sübut etdi. Şəhidlərimizin, qazilərimizin sayəsində Vətən torpağı işğaldan azad olundu. Şəhidlər bu Vətənin polad körpüləridir, sınmayan, əyilməyən və Vətənin bütövlüyü qədər ağır bir yükü çiyinlərində mərdliklə daşıyan qəhrəmanlıq körpüsü. İnanırıq ki, gənclik də, gələcək nəsillər də bu cür qəhrəmanların qoyduğu mərdlik izini heç vaxt itirməyəcək".
"Onların mərd və qəhrəman ruhuna qaldırılan üçrəngli ay-ulduzlu bayrağı Vətən övladları vuruşduqları döyüş meydanlarına mərdliklə sancdı", - deyə əsgər Afiq Şahmuradov baş gizirin sözünün təsdiqi olaraq bildirdi. - Şərait qəhrəmanları yaradır, qəhrəmanlar isə tarixi. Bu gün qəhrəmanların adlarının sırası genişlənir, şanlı tariximizin yeni səhifələri yazılır. Deyirlər, müharibənin yaxşısı yoxdur. Haqlısı, haqsızı var. Qərarlı və ümidli olmaq, ən əsası haqlı olmaq Azərbaycan əsgərini Qələbəyə aparan ən mühüm amil oldu. Bu müqəddəs amal uğrunda gedən böyük Vətən savaşı xalqımızın qələbəsi ilə bitdi. Xain düşmənin ayağı yurd yerlərimizdən kəsildi, canını tarixi torpaqlarımız uğrunda fəda edən şəhidlərin qəhrəman ruhlarının hakim olduğu səmalarda üçrəngli bayrağımız qürurla dalğalandı. Odur ki, şəhidlərin mübarək çiyinlərində müqəddəsləşən Vətən torpağı and yerimiz, qürur mənbəyimizdir!

Məhəmməd ƏLİYEV "Azərbaycan Ordusu"