Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2021 10:24

Brest qalasının müdafiəsində iştirak edən daha bir həmyerlimizin adı muzeyin ekspozisiyasına daxil edilib

Faşizm üzərində Qələbədən 76 il keçməsinə baxmayaraq, Brest qalasının müdafiəsində son damla qanınadək vuruşaraq canından keçən sovet əsgərlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər bu gün də davam etdirilir.
İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqının müqavimət rəmzinə çevrilən Brest 1965-ci ildə "Qəhrəman qala" adına layiq görülüb.
Tarixi sənədlər göstərir ki, İkinci Dünya müharibəsinin başlamasının ilk saatlarından faşist ordusunun ən amansız hücumlarına məruz qalan yenilməz Brest qalasının müdafiəsində həmyerlilərimiz də son nəfəslərinədək igidliklə iştirak ediblər.
İkinci Dünya müharibəsində Brest şəhərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak edən azərbaycanlı döyüşçülər haqqında məlumatların "Brest qalası" muzeyində yerləşdirilməsi ilə bağlı ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatı tərəfindən əməli işlər həyata keçirilməkdədir. Görülən tədbirlər nəticəsində daha bir azərbaycanlı döyüşçü İsgəndərov Nəsir Mamed oğlu barədə məlumat və fotoşəkil muzeyin ekspozisiyalar sırasına daxil edilib. Bu barədə muzeyin Elmi-metodik şurasının səfirliyə ünvanladığı məktubda şuranın müvafiq protokoluna əsasən qərar qəbul edildiyi bildirilib. Brest qalasının müdafiəsi uğrunda döyüşən azərbaycanlılar barəsində məlumatların toplanması və "Brest Qala-Qəhrəman" Memorial Kompleksinin muzeyinə təqdim edilməsi, eləcə də azərbaycanlı qəhrəmanların adlarının xatirə plitələrinə yazılması istiqamətində səfirliyin və hərbi attaşelik aparatının həyata keçirdiyi işlər davam edir.
Qeyd edək ki, Brest qalasının müdafiəsində çoxlu sayda azərbaycanlının iştirak etməsinə baxmayaraq, hələlik qalanın xatirə plitələrinin üzərində adı yazılmış və muzeydə şəkli qoyulmuş yeganə həmyerlimiz Haqverdiyev Xəlil Həmzə oğludur.
Hazırda Brestdə döyüşən digər azərbaycanlılar barədə araşdırmalar davam etdirilir.

Hazırladı: İsa ELDAROĞLU