Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2021 10:24

Qələbənin 76-cı ildönümünə həsr olunmuş iməcilik keçirildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümünə həsr olunmuş Azərbaycan Ordusunun şəxsi heyətinin iştirakı ilə iməcilik keçirildi.
Bakı Qarnizonu Hərbi Polisi - Qarnizonun Hərbi Komendantlığının ərazisinə daxil olarkən, şəxsi heyəti iş başında gördük. Hərbi qulluqçular ərazidə təmizlik işləri aparır, həmçinin müxtəlif növ ağaclar, gül kolları əkir və yaşıllaşdırma zolaqları salırdı.
Polkovnik Bəhruz Musayev söhbət zamanı bildirdi ki, Qarnizonun Hərbi Polisinin şəxsi heyəti hər il olduğu kimi bu il də təşkil olunan iməcilikdə ənənəyə sadiq qalaraq böyük ruh yüksəkliyi ilə iştirak edir. "Çünki ətraf mühitin qorunması, ekoloji təmizliyin təmin olunması məsələsinə ulu öndər Heydər Əliyev həmişə xüsusi diqqət yetirirdi. Məhz onun hakimiyyəti illərində ekologiyanın qorunması məsələsi aktuallaşdı. Nəticədə ağacəkmə, meşəsalma, parkların inşası kampaniyalarına start verildi və bu işlər bu gün də davam etdirilir. Bu fəaliyyətlər təkcə paytaxtda deyil, respublikamızın bütün bölgələrində həyata keçirilir. Biz də hər il olduğu kimi, bu il də qarnizon üzrə iməcilik işlərini təşkil etməklə ekologiyamızın qorunmasına kiçik də olsa töhfə verməyə çalışırıq".
Zabit, həmçinin vurğuladı ki, keçirilən bu tip tədbirlər hərbi qulluqçuların vətənpərvərlik hissinin yüksəldilməsində böyük rola malikdir. "Bu tədbirlər vasitəsilə hərbçilər Vətənin qəhrəman övladlarının şərəfinə salınmış abidələri, memorial kompleksləri, xiyabanları ziyarət edir, səliqə-sahman yaradırlar ki, bu da hər birimizin şəhid ruhuna olan ehtiramının göstəricisi olmaqla yanaşı, vətəndaşlıq borcudur"
Polkovnik Bəhruz Musayev gün ərzində plana uyğun olaraq icra ediləcək fəaliyyətlər barədə də məlumat verdi. "Vətən şəhidlərinin şərəfinə salınan memorial komplekslərin, parkların, abidələrin və qəbiristanlıqların ziyarət olunması və onların təmizlənməsi, səliqə-sahmana salınması üçün şəxsi heyət bəzi ərazilərdə iməciliyə cəlb ediləcək. Belə ki, gün ərzində Nərimanov rayonunda "Qardaşlıq məzarlığı" memorial kompleksində, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Yasamal rayonunda yerləşən abidəsinin qarşısında, Sabunçu rayonunda yerləşən Böyük Vətən müharibəsində Bakı hərbi xəstəxanalarında vəfat edən hərbi qulluqçuların abidəsinin önündə və İkinci Fəxri xiyabanda iməcilik tədbirləri həyata keçiriləcək. Adıçəkilən ərazilərdə şəxsi heyət abidələrin təmizliyinə, ətraf mühitin abadlaşdırılmasına, ərazilərin qorunmasına öz töhfələrini verəcəklər".
Mayor Ziya Mustafayevin müşayiəti ilə adıçəkilən əraziləri ziyarət etdik. Ərazilərdə şəxsi heyət təmizlik işi ilə məşğul idi. Hərbi qulluqçular yaşıllıqları suvarır, abidələrin önündə və ərazilərdə təmizlik işləri yerinə yetirirdilər. Son ünvanımız 44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərimizin dəfn olunduğu İkinci Fəxri xiyaban oldu. Burada  da qələbəlik var idi, belə ki, şəhidlərin doğmaları övladlarının məzarını ziyarətə gəlmişdilər. Biz də öz növbəmizdə şəhidlərimizin məzarlarını ziyarət etdik, onların müqəddəs ruhlarına dualar oxuduq.
İməciliyə cəlb olunan şəxsi heyət buradakı məzarların önünə güllər düzdü və ətrafın səliqə-sahmana salınmasında iştirak etdi.  

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"