Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2021 10:24

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayır və yaşayacaq!

Çoxəsrlik ənənələrə malik olan Azərbaycan dövlətçiliyi tarixində görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan epoxa xüsusi əhəmiyyətə malikdir. Tariximizin Heydər Əliyev dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin uğurla və ardıcıl olaraq yerinə yetirilməsi ilə seçilir. Məhz Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan böyük və sürətli inkişaf mərhələsinə qədəm qoyaraq yeni cəmiyyət parametrləri kəsb etməyə müyəssər olub.
Sözün əsl mənasında, Azərbaycan və onun taleyi, xalqın ümidləri və gələcəyi Heydər Əliyev siyasətinin mahiyyətini müəyyən edib. Bu böyük dövlət xadiminin baxışlarında ölkəsini və xalqını dünya azərbaycanlıları ilə birlikdə geniş mənada və tam halda təsəvvür etmək miqyasında düşünülmüş bir qavrayışın ifadəsindən ibarətdir.
Cəmiyyət həyatının ən müxtəlif sahələrinə kamil mütəxəssis səviyyəsində dərindən bələd olmaqda onunla müqayisə edilə biləcək dövlət xadimi göstərmək çətindir. Haqlı olaraq onun adını dünya siyasətində özünü təsdiq etmiş Corc Vaşinqton, Vilyam Çörçil, Şarl de Qoll, Mustafa Kamal Atatürk kimi qüdrətli dövlət xadimləri ilə bir sırada çəkirlər. Həqiqətən dünyada gedən siyasi prosesləri dərindən təhlil edib dəyərləndirməkdə, nəticələr çıxarmaqda, həll yollarını proqnozlaşdırmaqda da Heydər Əliyev əlçatmaz zirvədə dayanır.
Dünyanın görkəmli dövlət xadimləri və böyük siyasətçiləri, elm və mədəniyyət xadimləri Heydər Əliyevin dövlətçilik təcrübəsinə həmişə heyrətlə yanaşıb, onun qeyri-adi qabiliyyətə malik olduğunu dönə-dönə etiraf ediblər. Məsələn, Amerika Birləşmiş Ştatlarının keçmiş Prezidenti Bill Klinton Heydər Əliyevi dünyanı idarə etmək qabiliyyətinə malik olan dövlət xadimi kimi qiymətləndirib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Heydər Əliyevdən böyük dövlətçilik və idarəetmə məktəbi yaratmış görkəmli dövlət xadimi kimi bəhs edib. Türkiyə Cümhuriyyətinin keçmiş Prezidenti Süleyman Dəmirəl onu türk dünyasının əsas lideri kimi ucada görüb. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun aşağıdakı sözləri görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik istedadına verilmiş obyektiv qiymətin ifadəsidir: "Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir".
Beləliklə, ümummilli liderlik üçün zəruri olan kamil dövlətçilik təfəkkürü, uzaqgörənlik, ümummilli hədəflərin müəyyən olunması, geniş siyasi dünyagörüş və qətiyyətli addımlar Heydər Əliyev fenomeninin miqyasını müəyyən edib. Ulu Öndər sözün əsl mənasında, Çingiz Aytmatovun dediyi kimi, "tarixi və əfsanəvi bir şəxsiyyət" kimi Azərbaycan xalqının qəlbində əbədi yaşayır və yaşayacaq!

"Azərbaycan Ordusu"