Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2021 12:00

“Hər əsgəri özümə övlad bilirəm”

Əsgərlərimizin dadlı və keyfiyyətli yeməklərlə qidalanması ordu rəhbərliyinin qarşıya qoyduğu vacib məsələlərdən biridir. Müasir standartlara cavab verən hərbi hissələrdə əsgər yeməkxanaları hər cür avadanlıqlarla təchiz edilib. Burada qadın aşpazların çalışması isə bişirilən yeməklərin keyfiyyətini artırmaqla yanaşı, hərbi qulluqçulara ana qayğısını hiss etdirir. Yeməklərə öz sevgilərini qatan aşpazlarımızın bişirdikləri ən sadə yemək də dadlı alınır.
"N" hərbi hissəsində əsgər yeməkxanasında nahar yeməyinin hazırlanma prosesinin şahidi olduq. Bizi yeməkxana rəisi gizir Rəşad Məmmədov qarşıladı. Öyrəndik ki, gizir R.Məmmədov ordumuzun həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatı zamanı bölüyün baş çavuşu vəzifəsində xidmət edib. Bölmə ilə birlikdə Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. "Artıq neçə illərdir ordu sıralarında xidmət edirəm. Bütün bu illər ərzində hərbi bilik və vərdişlərimi təkmilləşdirir, torpaqlarımızın azadlığı uğrunda gedəcək döyüşlərə hazırlaşırdım. Sevinirəm ki, Vətənim - Azərbaycanım qarşısında övladlıq borcumu yerinə yetirə bildim. Xalqımız illərdir bu qələbəni gözləyirdi. Bu qələbəni bəxş edərək şəhidlik zirvəsinə ucalanlar isə daima qəlblərdə yaşayacaqlar".
Əsgər yeməkxanasında hazırlanan təamlar haqqında danışan gizir Rəşad Məmmədov bildirdi ki, müəyyən edilən normalar əsasında şəxsi heyətin sayına uyğun yeməklər hazırlanır. "Aşpazlarımız işlərinə ikiqat məsuliyyətlə yanaşırlar. Onlar çalışırlar ki, bişirdikləri dadlı yeməklərlə əsgər övladlarının  qollarına qüvvət gəlsin. Hərbçilərimizin də xörəkləri yeyərkən gözlərindəki sevinclərini sezməmək mümkün deyil".
Gizir Rəşad Məmmədovla mətbəxə daxil olduq. Aşpaz Kifayət Camalova nahar üçün nəzərdə tutulan bütün yeməklərin hazır olduğunu bildirdi. "Aşpaz olmaq sadəcə yemək bişirmək qabiliyyəti deyil, hazırladığın hər təama öz sevgini qatmağı bacarmaqdır. Hər bir əsgəri özümə övlad bilirəm. Onların dadlı, həmçinin keyfiyyətli qidalanmaları üçün əllərimdən gələni əsirgəmirəm. Düzgün, keyfiyyətli, həm də dadlı xörəklərlə bəslənmək əsgərlərimizi mövsümi xəstəliklərdən də qoruyur. Hərbçilərimiz bizə illərdir həsrətində olduğumuz Qələbə sevincini yaşatdılar. Mən də çalışıram ki, bişirdiyim dadlı xörəklərlə hər gün onları sevindirim".
Nahar vaxtı yetişdi. Yeməyin keyfiyyəti yoxlanıldıqdan sonra şəxsi heyət yeməkxanaya buraxıldı. Hər biri nizam-intizamla xörəkləri götürərək masada əyləşdilər. Əsgər Kamran Babayev yeməkləri yedikcə üzündə yaranan təbəssümdən başa düşülür ki, hazırlanan təamlardan razıdır. Həmsöhbətimiz qeyd etdi ki, hərbi xidmətə çağırıldığı ilk gündən diqqət və qayğı ilə əhatə olunublar. "Hər gün dadlı yeməklərlə qidalanırıq. Əsgər yeməkxanasında hazırlanan yeməklər evdə anamın bişirdiyi yeməklərdən seçilmir. Hərbi hissədə bizim üçün hər cür şərait yaradılıb. Biz də çalışırıq ki, üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələk. Çox sevinirəm ki, qalib ordunun əsgəriyəm".
Əsgər yeməkxanasında gördüklərimiz, əsgərlərimizin söhbətləri bir daha sübut etdi ki, əsgər yeməkxanasında çalışan personal onları doğma övladlarından ayırmır. Onların sayəsində döyüşçülərimiz dadlı və keyfiyyətli, eyni zamanda, sağlam tərkibli xörəklərlə qidalanırlar.

Ruslan HƏSƏNZADƏ "Azərbaycan Ordusu"
foto C.CƏFƏROVUNDUR