Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2021 12:00

Hərbi Qənimətlər Parkı - Zəfərin bəşəriliyə çağırış parkı

Dan yeri söküləndən bəri ağac-ağac, budaq-budaq çılğınlaşan, yallar aşan, yamac-yamac, düzən-düzən dolaşan, yolçularından biganəlik görüncə kükrəyən yellər gah sağa meyillənir, gah sola. İndiyəcən torpaqda duymadığım, duya bilmədiyim gözəl bir tərpəniş hiss edirəm. Vətən müharibəsinin iştirakçılarıyla - işğalçını diz çökdürənlərlə görüşə tələsdiyim məqamlarda könlümlə təbiət arasında oxşarlıq tapmaq istəyirəm. Könlümü işğaldan azad edilmiş torpaqlar bilirəm, əsən yelləri - düşüncələrim. Düşüncələrimin sırasını kəlmələşəcəyim əsgərlərin işıqlı düşüncələrinin nizamlayacağına əminliklə göy üzünə baxıram. Hökmüylə buludları uzaqlaşdıran yelləri bağrıma basmaq keçir könlümdən. Ötən ilin oktyabrında Murovdağ yaxınlığında - döyüşlərə bir güllə məsafəsi qədərincə yaxınlıqda, mövqe qələbəsi qazanmış döyüşçülərin əhatəsində kükrəyən, əsə-əsə özünü ora-bura çırpan yelləri sinəmə sıxmışdım. Onda bu yellərdən umacağım vardı, indi onlarla bağrıbadaş olmaq istəyirəm...
Əsgərlərlə Vətən müharibəsindən, qazanılan Zəfərdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakıda açılan Hərbi Qənimətlər Parkından danışacağıq, ölkə başçısının dediklərini qürurla xatırlayacağıq...
Bu yerləri görüncə ürəyim kürlük edir; gəlişə görə sevinc, gördüklərimə görə ovunmaz qəhər. Bu sevinci hamı yaşamaq istərdi - işğaldan azad edilmiş torpaqlarda nəfəs dərmək, o torpaqları dinşəmək. Dizim o torpağa enincə dilim bir kəlmənin kirədarı olacaq: Gəldim sarğı olam yaralarına. Bəzi yerlərdə torpağın ruhunu qanadan yaralar görünmür. O yaraları ürəyinin gözüylə baxanlar görür. Torpağın canının da, ruhunun da yaraları bizim ruhumuzun özünün yaralarıdı. Bu disput yaraları qaysaqlamaqda olan torpağa gözaydınlığı üçündü, şəhidlərimizin ruhunu nigarançılıqdan qurtaran Zəfər üçündü, o Zəfəri könlünə, qarşı gələn illərə köçürənlərə minnətdarlıq üçündü...
Vətən müharibəsi zəfərlə başa çatdı...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakıda Hərbi Qənimətlər Parkı açıldı...
Hərbi Qənimətlər Parkını Vətən müharibəsində Azərbaycan əsgərinin qətiyyətinin, döyüş hazırlığının, vətənsevərliyinin, döyüş əzminin, qələbə ruhunun, qazanılan qələbənin sənədi bilirik. Qazilər də, Vətən müharibəsində döyüşənlərin kürəyini nəfəsiylə isidən ictimaiyyət də. Bu sənəd dünyəvi mahiyyətli sənəddir. Bu sənəd Azərbaycan Ordusunun qalibiyyətinin, Ermənistan ordusunun rəzilliyinin etirafı sənədidir. Bu sənədin xarakteri həm də Vətən müharibəsində döyüşlərin xronikasının bir çalarını - düşmənin necə müdafiə olunduğunu, döyüşlərdə dövlətçilik nüfuzu ilə bir sırada hərbi potensialını necə itirdiyini ümumiləşdirir. Hərbi Qənimətlər Parkına gələnlər eksponat olaraq ermənilərin qoyub qaçdığı atıcı silahları, ağır texnikaları, raket komplekslərini, hərbi nəqliyyatları, digər sursatları görəcək, bu eksponatları işğalın aqibətinin tarixə proyeksiyası biləcək. Yəni, Hərbi Qənimətlər Parkı mahiyyəti etibarilə bəşəriliyin parkıdır. Bu düşüncələrin zəmanətiylə (və təqdimatıyla) baxışları ermənilərin uçurub-dağıtdığı, viran qoyduğu evlərin çökmüş divarlarından yığılmayan əsgərlərin əhatəsinə çatırıq...
- Hərbi Qənimətlər Parkı gələnlərə 44 gün davam edən Vətən müharibəsinin tarixi haqqında, Azərbaycan həqiqətləri haqqında bilgilər aşılayacaq, ölkəmizdə yeniyetmələrin, gənclərin vətənpərvərlik duyğularının, dünyaduyumunun formalaşmasında əhəmiyyətli olacaq, - deyirəm.
Zabit Ruslan Novruzov deyir ki, Vətən müharibəsində Azərbaycan Ordusu düşmənin müdafiə xəttini darmadağın etdi, döyüşə-döyüşə qələbələr qazandı. Bu qələbələr döyüşçülərimizin döyüş əzmini, qələbə ruhunu kükrədirdi. Azərbaycan Ordusu düşmənin müdafiə səddini, komanda məntəqələrini dağıtdı, hərbi resurslarını, canlı qüvvələrini məhv etdi. Düşmənin əsgər və zabitləri, muzdlu döyüşçüləri çarəsiz müdafiə döyüşləri aparırdı. Azərbaycan Ordusunun gücü, qüvvəti, qüdrəti qarşısında dayana bilməyən məğlub ordunun şəxsi heyəti döyüş texnikalarını, silahlarını, olan-qalan hərbi resurslarını atıb qaçırdı...
Zabit Mirsadıq Zeynalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir fikrini xatırladır: "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir. Başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq", sonra deyir ki, Hərbi Qənimətlər Parkında Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad edilən torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanlarından hazırlanmış böyük ölçülü lövhə-eksponat, lövhə-eksponatın üzərində "Qarabağ Azərbaycandır!" şüarı var.
Bu lövhə tarixin dilmancıdır: düşmənin itirdiyi maşınların nömrələri bəşəri şüarın ayaqlarına döşəndi, işğalçılıq - vətənsevərliyin. Bu lövhə tarixin işğalçılığa kinayəsidir, - deyirəm. Xatırladıram ki, Hərbi Qənimətlər Parkının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu lövhə önündə bu lövhədən danışaraq dedi:
- Bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Yük maşınlarının burada sərgilənən nömrələri götürülmüş texnikanın, sadəcə, kiçik hissəsini təşkil edir. Düşmənin 522 yük maşını məhv edilib, qənimət kimi götürülüb. Buraya gələn hər bir insan - Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər. Ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur onlara verilən cavab. Qarabağ Azərbaycandır!..
Hərbi Qənimətlər Parkının eksponatları məğlub dövlətə aid olsa da qalib ordunun qüdrətinin təntənəsidir. Hərbi Qənimətlər Parkına gələnlər Ermənistanın işğal etdiyi ərazilərdə düzəltdiyi mühəndis-maneələr sistemini - 5 metr enində, 3-4 metr dərinlikdə tankəleyhinə xəndəkləri, tankəleyhinə beton dirəkləri, alçaq dirəklər üzərində tikanlı məftil torlarını, üçcərgəli lent şəkilli məftil maneələri və s. görəcəklər. Görəcəklər ki, havadarlarına güvənən düşmən nəyə görə sülh danışıqlarına məhəl qoymurmuş...
Əsgər İzzət Hacıyev deyir:
- Ölkə başçımız sonra dedi ki, Hərbi Qənimətlər Parkına gələnlər görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Düşmən 30 il ərzində azad edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, Azərbaycan hərbçiləri bütün bu maneələri dəf edərək düşməni məğlub etdi.
Əsgər Əmrah Əhmədov ölkə başçısının başqa fikrini xatırladır: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq".
Hiss olunur ki, əsgərlər deyilənləri yaddaşına köçürür; disputun pedaqoji mahiyyəti təsirini göstərməkdədir.
- Ölkə başçısının bu fikirləri müharibələr tarixinin mahiyyəti mahiyyətlərə, xarakteri xarakterlərə bənzəməyən bir müharibə haqqında sərkərdə kəlamıdır. Hərbi Qənimətlər Parkına gələnlər eksponatlara bu kəlamın işığında baxacaqlar, - deyirəm. Zabit Ruslan Novruzov deyir ki, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, qüdrəti o maneələri darmadağın etdi. Düşmən belə mühəndis-maneələr sistemi yaradanda nə vaxtsa döyüşlər olacağını nəzərə alıbmış, Azərbaycan əsgərinin Vətən sevgisini, döyüş əzmini, qələbə ruhunu nəzərə almayıbmış.
- Televiziyadan gördüklərimiz ilkin təəssüratlar olsa da, parkın mahiyyətini dərk etmişik. Necə deyərlər, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Məzuniyyətimdə Hərbi Qənimətlər Parkına da gedəcəm, - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Rübail Həmidli belə deyir.
- Parkda düşmənin əsgər və zabitlərinin dəbilqələrindən ibarət bir stend var. Bu stend işğalçılığın rəzil günə düşdüyünü göstərən stenddir. Silahını atıb qaçan, döyüş texnikasını atıb qaçan, yük maşınlarını, minik maşınlarını atıb qaçan əsgər öldürülməyibsə, el-obasına nə üzlə qayıdacaq? - əsgər Babək Xudiyev belə deyir.
- Min illərdi məğlub dövlətin döyüşçüsü özünü danır, kimliyinin tanınmamasına çalışır. Görəsən Ermənistanın məğlub ordusunun əsgər və zabitləri də cəmiyyətdən gizlənəcəkmi?, - əsgər İxtiyar İdrisov belə deyir.
İxtiyar İdrisovun sualını əsgər Cabbar Məmmədzadə məntiqi baxımdan cavablandırır:
- Dəbilqə döyüşçünün papağıdı, papaq qeyrət rəmzidi. Ermənistanın döyüşçüləri olan-qalan qeyrətini də Vətən müharibəsində ordumuzun qətiyyəti sayəsində itirdi.
- Hərbi Qənimətlər Parkına gələnlər, ürəyinin gözüylə baxanlar əmin olacaq ki..
Onun nə demək istədiyini duyan zabit Ruslan Novruzov fikri qətiləşdirir:
- Əmin olub ki, belə bir ordu ilə döyüşmək, onun qarşısında duruş gətirmək mümkün deyil, ərazi iddiasına düşən heç bir düşmən qüvvəsi daha Azərbaycanla müharibə aparmağa cəsarət və cəhd etməyəcək!
Bu park tarixi gerçəkliyin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanlara ehtiramın parkıdı!
Bu park Azərbaycan Ordusunun qürur parkıdı, Vətən müharibəsində döyüş texnikalarını, artilleriya qurğularını, yük maşınlarını, sursatlarını atıb qaçan Ermənistan ordusunun göz dağı parkıdı.
- Ölkə başçısı Hərbi Qənimətlər Parkında təltif edilən hərbi qulluqçularla görüşündə deyib: "Yaralanmış hərbçilər, ağır yaralanmış hərbçilər bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüşə qayıtsınlar. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti yüksək mənəvi ruh göstərmişdir. Peşəkarlıq, qəhrəmanlıq öz yerində, mənəvi ruh". Vətən müharibəsində qazanılan Zəfər bu ruhun zəfəridir, - zabit Ruslan Novruzov disputu yekunlaşdırır. Hərbi Qənimətlər Parkından söz düşəndə bir gerçəklik yenidən yaşanılacaq: vətənpərvərlik qüdrətdir, bu qüdrət mübarizənin (müharibənin) sonunda işğalçılığı məhv edir.
Zabitlərin də, əsgərlərin də dedikləri bizə bir gerçəkliyi xatırladır: Vətən müharibəsi vətənpərvərliyin işğalçılığa qarşı apardığı ədalətli müharibə idi. Bu müharibə bəşəriliyin erməniliyə qarşı müharibəsiydi. Bu müharibədə dünyanı bürüməyə meyilli olan bir təxribat sistemi də məhv edildi. Hərbi Qənimətlər Parkı həm də bəşəriliyə qənim kəsilənlərə görk parkıdı: İnsanlığa, bəşəriliyə xor baxanların sonu budur - dünyəvi nifrət, dünyəvi lənət!..

Rəşid HÜSEYNOV “Azərbaycan Ordusu”