Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2021 12:00

Rabitə döyüş fəaliyyətinin ən vacib elementlərindəndir

Müasir dövrü rabitəsiz təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, dünyada baş verən innovativ yeniliklər, gündən-günə funksionallığını daha da artıran yeni ixtiralar günümüzün tələblərini təyin edir. Bu gün inkişaf edən ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarındakı tərəqqi ordumuzu da geniş əhatə edib. Belə ki, ölkə rəhbərliyinin tapşırığına əsasən, ordu rəhbərliyi Rabitə və AİS Qoşunlarında geniş islahatlar aparır. Adıçəkilən qoşun növünün daha da təkmilləşdirilməsi üçün fəaliyyətlər planını həyata keçirir. Bir neçə gün bundan əvvəl qardaş Türkiyə Ordusunun hərbi qulluqçularının da iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri keçirildi. Təlim zamanı rabitəçilərimiz qardaş ölkənin rabitəçiləri ilə qarşılıqlı fəaliyyətlər icra edərək, təcrübə mübadiləsi apardı və təminatımıza daxil olan müasir rabitə avadanlıqlarından istifadə qaydalarını dərindən öyrənərək öz ixtisas biliklərini daha da artırdılar. Vaxt keçdikcə durmadan müasirləşən dünyamızda hərbi rabitə vasitələri dünya ordularında özünəməxsus yer tutur. Rəşadətli Azərbaycan Ordusunun da rabitə qoşunlarının sərəncamında olan müasir aparat və avadanlıqlar dünyanın aparıcı orduları sırasında olan rabitə qoşunlarından heç də geri qalmır. Bu gün Azərbaycan Ordusunun maddi-texniki təminatında ən müasir tələblərə cavab verən rabitə sistemləri mövcuddur. Rabitə qoşunları ordumuzun müxtəlif bölmələri üçün dayanıqlı, keyfiyyətli, etibarlı və fasiləsiz rabitəni təşkil edərək, onlar arasında qarşılıqlı əlaqəni təmin etmək üçün durmadan işlər görürlər. İqlim, relyef və məsafədən asılı olmayaraq rabitə ordumuzun hər bir qoşun növünün fəaliyyətinin mühüm tərkib hissəsi olduğunu bir daha sübut edir. 44 günlük Vətən müharibəsi zamanı da bir daha dərindən anladıq ki, davamlı rabitə döyüş hazırlığının vacib şərti olmaqla yanaşı, qələbəni təmin edən başlıca amillərdəndir.
"N" hərbi hissəsinin rabitə bölməsi də müasir standartlara cavab verir. Komanda idarəetmə maşını daxili rəqəmsal texnologiyalarla təchiz olunub. Zabit Asim Tapdıqov fəaliyyətləri barədə məlumat verərkən bildirdi ki, bölməmiz günümüzün modern tələblərinə uyğun rabitə sistemləri ilə təchiz olunub. "Ölkə rəhbərliyinin ordumuza olan diqqətinin təzahürüdür ki, bölməmizin güclü maddi-texniki təminatı var və avtomatlaşdırılmış rabitə vasitələri bölməmizin istifadəsindədir. Müasir aparatlardan istifadə insandan yüksək bilik tələb edir. Rabitə avadanlıqlarından istifadə qaydasını bilməklə yanaşı, yarana biləcək problemləri də vaxtında aradan qaldıra bilmək bacarığına malik olmalısan ki, xidmətdə fasilələr yaranmasın. Peşəkar rabitəçi olmaq texniki elmlərdən məlumatlı olmağı tələb edir. Üzərimizə düşən əsas vəzifələrdən biri bölmələri dəqiq və etibarlı məlumatlarla, eyni zamanda, fasiləsiz əlaqə ilə təmin etməkdir. Bir sözlə, rabitə xidməti göründüyündən daha çətin və məsuliyyətlidir.  
44 günlük Vətən müharibəsi zamanı rabitə bölməmizin təcrübəli hərbi qulluqçuları üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacardılar. Belə ki, düşmənin hər bir məkrli niyyətinin qarşısı şəxsi heyətimiz tərəfindən qabaqcadan görülən önləyici tədbirlər nəticəsində alındı. Döyüşlərdən sonra mən Silahlı Qüvvələrimizin Ali Baş Komandanının müvafiq sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişəm".
"Rabitəçi olmaq nəzəri və praktiki biliklərdən əlavə möhkəm iradə də tələb edir," - baş leytenant Şəmistan Həsənzadə bizimlə söhbətində bildirdi. "Bunun üçün də dərslərimiz günün nizam qaydasına uyğun olaraq sinif və çöl şəraitində təşkil olunur. Keçirilən dərslərdə şəxsi heyət peşə vərdişlərini artırır, hərbi biliklərini daha da təkmilləşdirir.
Ötən ilin sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi zamanı bölməmizin şəxsi heyəti qarşısına qoyulan tapşırıqların icrası üçün bütün imkan və bacarıqlarını səfərbər etdi. Rabitəçilərimiz əməliyyatların aparıldığı yerdə hərbi hissəmizin aidiyyəti bölmələrinin  yüksək döyüş fəallığını və təhlükəsizliyini təmin etmək məqsədilə xeyli işlər gördü. Əlimizdə olan müasir rabitə avadanlıqları baxımından düşməndən qat-qat üstün idik. Nəhayət ki, Vətən müharibəsi bizim Böyük Qələbəmizlə bitdi. Azərbaycan əsgəri düşməni döyüş meydanında acı məğlubiyyətə uğratdı. Komandanlıq tərəfindən döyüşlərdə qarşımıza qoyulan tapşırıqların uğurla icrasına görə bölməmiz dəfələrlə təşəkkür və fəxri fərmanlarla təltif edilib. Özüm isə Silahlı Qüvvələrimizin Ali Baş Komandanının sərəncamları ilə "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşam. Bu tarixi döyüşlərin iştirakçısı olmaq qürurvericidir.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"