Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2021 12:00

Döyüş hazırlığı təlimlərlə möhkəmləndirilir

İgid Azərbaycan əsgərinin şücaəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımızı viran qoyan erməni silahlı birləşmələri məğlubiyyətə uğradılaraq geri çəkilməyə məcbur edildi. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələrək xalqımıza qələbə sevincini yaşatdı. Cəmi 44 gün davam edən Vətən müharibəsində digər bölmələr kimi, artilleriyaçılarımız da qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəldilər. Verilən hədəflərin təcrübəli topçularımız tərəfindən vaxtında və dəqiqliklə məhv edilməsi qələbənin qazanılmasında əvəzsiz rol oynadı.
"N" hərbi hissəsində Vətən müharibəsində düşmənə qan udduran artilleriyaçılarımızın taktiki təlimini izlədik. Zabit Mirqəfər Ələkbərov keçirilən taktiki təlimin əsas məqsədinin şəxsi heyətin döyüş vərdişlərini, o cümlədən bilik və bacarığını praktiki olaraq artırmaqdan ibarət olduğunu bildirdi. "Təlimin planına uyğun olaraq bölmələr “həyəcan” siqnalı ilə qaldırıldı, şəxsi heyət daimi dislokasiya məntəqəsini tərk edərək əvvəlcədən təyin olunan yerdə cəmləşdi. Daha sonra bölmələr yerdəyişmə icra edərək döyüşə hazır vəziyyətə gətirildi. Şərti düşmən hədəfləri bölmələrimiz tərəfindən dəqiq atəş zərbələri ilə məhv edildi".
Yaranan fasilədən istifadə edərək zabitlə birgə bölmənin şəxsi heyətinə yaxınlaşıb həmsöhbət olmaq imkanı qazandıq.
İlk olaraq top komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Tural İbrahimli ilə söhbətləşdik. Tural əslən Tovuz rayonundandır. O, 2019-cu ildə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı” kursunu başa vuraraq xidmətə başlayıb. "Kurs müddətində peşəkar müəllimlərimiz bizə topun taktiki-texniki xüsusiyyətlərini dərindən aşıladılar. Xidmətə başladığım ilk gündən qazandığım bilikləri tabeliyimdə olan şəxsi heyətlə bölüşürəm. Onu da qeyd edim ki, 2020-ci il sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsində tabeliyimdə olan heyətlə birlikdə döyüşlərdə iştirak etdik. Verilən hədəflərə dəqiq atəş zərbələri endirdik. Ali Baş Komandanımızın, ordu rəhbərliyinin, xalqımızın bizə olan etimadını doğruldaraq düşmən üzərində qələbə qazandıq".
Quba rayonundan hərbi xidmətə çağırılan əsgər Əhməd Əhmədovun xidmət müddətini başa vurmasına sayılı günlər qalıb. O da keçirilən təlimlərdə fəal iştirak edir. "Əsas vəzifəmiz hərbi əməliyyatlar zamanı bölmələrimizi atəş dəstəyi ilə təmin etməkdir. Bizə verilən hədəfləri dəqiq atəş zərbələri ilə məhv etməliyik ki, bölmələrimiz rahat hərəkət edə bilsin. Tuşlayıcısı olduğum topun sirlərinə yiyələnməyimdə komandirlərimin zəhməti böyükdür. Belə bir deyim var: "Təlimdə tökülən tər döyüş meydanında zəfər gətirər". Keçirilən dərslərin, təlimlərin sayəsində öz peşəkarlığımızı daha da artıraraq Vətən müharibəsində lazımi nəticəni əldə etdik”.
Növbəti həmsöhbətim əsgər Azad Qasımovdur. O, hərbi xidmətə Kürdəmir rayonundan çağırılıb. Azad dedi ki, artilleriya bölmələri döyüşün gedişinə təsir göstərən əsas amillərdən biridir. “Çöl şəraitində keçirilən dərslər və təlimlər zamanı müxtəlif atəş tapşırıqlarını yerinə yetirməklə yanaşı, döyüş vərdişlərimizi daha da təkmilləşdiririk”.
Heyət nəfərləri Tural Abdullayev, Cavid Ağayev və Asəf Əhmədzadə 44 günlük Vətən müharibəsində olduğu kimi, düşmənin yenidən təxribata əl atacağı təqdirdə Ali Baş Komandanımızın döyüş əmri ilə bütün hədəfləri dəqiq atəş zərbələri ilə yerlə-yeksan etməyə hazır olduqlarını bildirdilər.
Taktiki təlim prosesi uğurla başa çatdı. Bölmələrin fəaliyyəti yuxarı komandanlıq tərəfindən yüksək qiymətləndirildi. Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qarantı olan rəşadətli Azərbaycan Ordusu keçirilən təlimlərdə döyüş hazırlığını artırmaqla gələcəkdə də istənilən tapşırığın öhdəsindən layiqincə gəlmək əzmindədir.

Elçin İMANOV "Azərbaycan Ordusu"