Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2021 12:00

Səmaların açarı Vətən sevgisindədir…

İnsan qəlbini riqqətə gətirən Vətən sevgisi həm cəsarət, həm hünər, həm də mərdliyi özündə birləşdirir. Ən əsası isə Vətən sevgisi həyatımızın müxtəlif anlarında hər şeydən üstün olur. Bu hisslərin ağuşunda Vətənin dar günündə şirin canından keçməyə hazır olursan. Döyüş meydanında göstərdiyin peşəkarlıq, silah-texnikadan ustalıqla istifadə edilməsi hərbçinin professionallığından, təcrübəsindən və bacarığından asılıdır.

 

Hər ömür bir kitabdır...


Bu gün sizə haqqında  söhbət açacağımız hərbçi də döyüş meydanında göstərdiyi şücaət və əzmkarlıqla qəlbləri fəth edənlərin sırasındadır. 44 günlük Vətən müharibəsində öz bacarığı, cəsarəti və şücaəti ilə seçilən "Azərbaycan Bayrağı" ordenli Taleh Həşimovla həmsöhbət olmadan öncə polkovnik-leytenant Anar Həsənov təcrübəli pilot haqqında könül oxşayan sözlər dedi: "Taleh və onun timsalında bütün təyyarəçilərimiz, eləcə də hərbi hissənin texniki heyəti Vətən müharibəsi dövründə yüksək əzmkarlıq, bacarıq nümayiş etdirdilər. Hər biri haqqında saatlarca danışmaq mümkündür. Talehin həyat yolunu ordu sıralarından salması taleh, qismət deyil. Evin sonbeşiyi olan Taleh hərbçi ailəsində dünyaya göz açıb. Həyatı dərk etdiyi andan əmiləri Fikrət və Arazı hərbi mundirdə görüb. Qardaşları Qalib və Alim də hərbçi olublar. Bütün bunlar Talehin də həyat yolundan yan keçmir və o, 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olur. 2007-2011-ci illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb. Hazırda hərbi hissədə uğurlu xidmətini davam etdirir. Ümumiyyətlə, Talehi qısa xarakterizə etsək, o, təcrübəli hərbçi, səmanı sevən pilot, səmimi yoldaş, Vətənini sevən vətəndaşdır".
Zabit Anar Həsənovla söhbətdən sonra təyyarəçiylə kəlmələşmək üçün səbirsizlənirəm. Bu hiss tanışdır. Yeni kitab aldıqdan sonra oxumaq üçün evə tələsdikdə bu həyəcanı yaşayıram. Kitabı almadan öncə ön sözü oxumaq, kitab haqqında qısa məlumat almaq kimi vərdişim var. Polkovnik-leytenant Anar Həsənovun danışdıqları sanki müsahibim haqqında ön söz idi və mən Taleh Həşimovla söhbətə başlayaraq onun ömür kitabının hər səhifəsini sevə-sevə vərəqləyəcəkdim. Hər ömrün bir kitab olması fikri hər zaman ağlımın bir küncündə özünə yer tutub. Bu fikir bəlkə də, kitabları sevməyimdən, vərəqlədiyim hər kitabın baş qəhrəmanını ətrafımdakı insanlarla bağlamağımdan irəli gəlir.

 

“Bizim qəlbimiz də, sevgimiz də Vətəndir”


Vaxt itirmədən qəhrəmanımızın ömür yolunun səhifələrini vərəqləməyə tələsirəm.  "Bizim qəlbimiz də, sevgimiz də Vətəndir" - deyən mayor Taleh Həşimovun həyat yolu ilə yaxından tanış oluram. O, söhbətinə hərb sənəti haqqında danışmaqla başladı: "Hərb sənəti çətin və bir o qədər də şərəfli peşədir” deyimini hər kəs eşidib, bilir. Bu həyatın çətinliyini və fərəhini yaşamayan təsəvvür edə bilməz. Kənardan baxanlar üçün hərbçi, bir qədər də dəqiqləşdirsək təyyarəçi həyatı çətinliklərlə doludur. Amma bu həyat mənim üçün yaradıcılıqdır. Bu yaradıcılıqla məhz bizlər tarix yazırıq. Yazdığımız tarixin hər səhifəsi qanlı-qadalı olsa da, dünya durduqca xatırlanır".

 

“Hərbçinin hər döyüşü tarixdir, salnamədir”


 "Yaradıcılıqla məşğul olan insanların ərsəyə gətirdiyi əsərlər tirajlanır və mövzusundan asılı olaraq fərqli kütlə tərəfindən sevilir, bəyənilir.  Hərbçi isə döyüşlərdə qəhrəmanlığı ilə dillərə dastan, kitablara mövzu, şeirlərə misra olur. Bütöv xalq arasında sevilir" - deyən Taleh Həşimov qeyd etdi ki, pilotun hər günü sanki bir romandır. -  Elə günlər var ki, onun haqqında kitab yazmaq olar. Şair, yazıçı əsərlərində sözlərdən, bədii təfəkkürdən istifadə edərək qəlblərə yol tapır. Hərbçi isə düşmən üzərində qələbə çalaraq yazıçının yol tapdığı qəlblərdə taxt qurur.
"Sizdə hərb sənətinə maraq nə vaxtdan yaranıb?" sualına "Azərbaycan Bayrağı" ordenli zabit belə cavab verdi: "Uşaqlıqdan bu sahəyə böyük həvəsim olub. Müxtəlif oyuncaq təyyarələr bir həvəs idi, sonra isə sevdiyim peşəyə çevrildi. Sahib olduğum sənətə sevgiylə, rəğbətlə yanaşıram. Sevgisiz heç bir sənəti inkişaf etdirmək olmaz.  Ona görə də hərb peşəsini seçdim. Təyyarəçilik məktəbində oxuduğum zaman dərslərimə xüsusi diqqət yetirdim ki, gələcək xidmətimdə çətinlik çəkməyim. Fikrimcə  rütbəsindən, vəzifəsindən asılı olmayaraq hər bir hərbi qulluqçu intizamlı və yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır".

 

“Vətən müharibəsi qövr eləyən yaralarımızı sağaltdı”


 "Xidmətinizə nəzər saldıqda uğurlarınızın  üstünlük təşkil etdiyini görürük. Vətən müharibəsində də qəhrəmanlığınızla seçilərək Ali Baş Komandan İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmusunuz. Xidməti uğurlarınızı nədə görürsünüz?" sualına təcrübəli təyyarəçi cavab olaraq bildirdi ki, qazandığım nailiyyətlər mənə əlavə məsuliyyət yükləyir. “Verilən hər bir təşəkkürə, fəxri fərmana, medala, ordenə layiq olmağa çalışıram. Yəqin ki, bu da daxili intizamdan irəli gəlir. Xidmətim zamanı bədbinliyi özümdən uzaq tuturam. Əhvalım xoş, şən olanda işlərim rəvan, xidmətim problemsiz keçir. Vətən müharibəsinə də xoş əhval-ruhiyyə ilə yollandım. Belə ki, hər zaman dediyim kimi, biz bu döyüşə uzun illər yüksək səviyyədə hazırlaşmışdıq. Qələbə qazanacağımıza, qövr eləyən yaralarımızın sağalacağına inanırdım. Düşünürəm ki, Böyük Qələbəni bizlərə bəxş edən Vətən sevgisi, qorxusuz Azərbaycan əsgərinin Qarabağ həsrətinə son qoymaq istəyi oldu.

 

“Mərd, cəsur hərbçilərlə çiyin-çiyinə döyüşürdük”


"Vətən müharibəsi zamanı çiyin-çiyinə döyüşdüyünüz və hazırda xidmətdə olan hərbçilər haqqında nə deyə bilərsiniz?" sualı sanki Taleh Həşimovun ürəyindən oldu. "Ümumilikdə döyüşlər zamanı birlikdə xidmət göstərdiyim hər kəsin gözündən Vətən sevgisi, torpaqları tez azad etmək həvəsi sezilirdi. Müharibədə göstərdikləri şücaətə görə polkovnik-leytenantlar Əliyar Əsgərov, Elçin Rəfiyev, mayorlar Sabir Nəsirov, Fərid Bəkirov və kapitanlar Etibar Rzayev, Rasim Abdullayev də müxtəlif medallarla təltif olunublar. Adını çəkdiyim hərbçilər mərd, cəsur insanlardır. Elçin, Sabir, Fərid və Etibar hazırda bizim hərbi hissədə xidmətdədirlər. Əliyar isə xidmət yerini dəyişsə də, Azərbaycan Ordusunda uğurlu xidmətini davam etdirir. Belə mərd, cəsur hərbçilərlə çiyin-çiyinə döyüşməkdən fərəhlənirəm".

 

“Haqqında danışacağın insan müəllimin və komandirindirsə, kəlmələrini diqqətli seçməlisən”


- Müharibə dövründən danışaq. Uğurunuza görə kimə borclusunuz, necə oldu ki, döyüşlərə bu qədər həvəslə qatıldınız? Sualımdan sonra təcrübəli zabit nəfəsini dərib çiyinlərini dikəltdi, qaşlarını düyünlədi, başını dik qaldırdı. Sanki danışacağı hadisəni yenidən yaşayacaq, ya da haqqında bəhs edəcəyi şəxsin qarşısında farağat duracaqdı. Cavab uzandıqca içimdəki maraq burulğanı bütün varlığımı bürüdü. Taleh söhbətə başladı…
- Bilirsiniz, insan hansısa uğura birdən-birə imza atmır. İllərin əməyinin nəticəsi, bu yolda uğura çatanadək üzərində əziyyəti olan kəslərin səyi önəmli faktordur. Mən də uğurlarımı Boladi kənd 2 saylı tam orta məktəbdən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirənədək təhsilimdə əməyi olan müəllimlərimə borcluyam. Bir təyyarəçi kimi təcrübəli zabitlər Həmzə Allahverdiyev, İntiqam Rzayev, Mikayıl Hüseynov və Ramin Həsənovun təcrübəsindən yararlandım. SU-25 bombardmançı təyyarəsində isə ilk uçuşlarımı Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik Zaur Nudirəliyevlə birgə yerinə yetirdim. Döyüş tətbiqi uçuşları və gecə uçuşlarımda Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin böyük əməyi olub. Adlarını qeyd etdiyim zabitlərin hər birinin təyyarəçi kimi yetişməyimdə zəhməti böyükdür.

 

İlk döyüş uçuşu və zədələnən kombinezon...


- Vətən müharibəsində unudulmaz an və söhbətimizin əvvəlində söhbət açdığınız zədələnən kombinezon haqqında danışmağınızı xahiş etmək istəyərdim, - dedikdə Taleh Həşimovun üzünə gülüş qondu. Bir qədər düşünərək söhbətinə davam etdi: “Vətən müharibəsində unudulmaz an olaraq ilk döyüş uçuşuna gedəcəyimiz tapşırığı alanda çox həyəcanlandığımı qeyd etmək istərdim. Çiynimizdə çox böyük məsuliyyət vardı. Əks-hücum əməliyyatı başlamışdı və düşmənə havadan zərbə endirməliydik. Burada ən önəmli faktor özgüvən, illərin yaratdığı təcrübə və Vətən sevgisi idi. Çünki insan özünə və təcrübəsinə güvənərək vəzifəsini icra edirsə, ürəkdəki Vətən sevgisi ən pik həddə çataraq canından belə dəyərli olur. Bu istək və sevgiylə düşmənə zərbə vuracaqdıq. Zərbələr nə qədər sarsıdıcı və dəqiq olacaqdısa, qoşunlarımız bir o qədər rahat irəliləyəcəkdi. Şükürlər olsun ki, tapşırığın öhdəsindən layiqincə gəldik. İlk döyüş uçuşuna qalxarkən ağlımda bir düşüncə var idi: Qarabağın və səmaların açarı qəlbdəki Vətən sevgisidir... Zədələnən kombinezona gəldikdə isə döyüş mövqelərindən birində olarkən düşmən tərəfindən atılan SMERÇ tipli raket olduğumuz yerə düşdü. Dərhal təyin olunan sığınacaqlara qaçmağa başladıq. Bu zaman ikinci raketi atdılar və sanki yer ayağımın altından üzüldü. Yıxıldım və mayor Fərid Bəkirov yaralandığımı sandı. Amma təkcə kombinezonum cırıldı. Bu gün həmin kombinezonu ən dəyərli əşyamtək saxlayıram. Qeyd edim ki, xoşbəxtçilikdən nə mən, nə də başqa biri xəsarət almadı.
"Azərbaycan Bayrağı" ordenli zabitlə söhbət, bu söhbətdən çıxarılan nəticə budur ki, Vətən sevgisi, torpaq həsrəti və Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti düşməni diz çökməyə məcbur etdi. Təcrübəli təyyarəçinin dediyi kimi: "Əgər düşmən bir daha torpaqlarımıza göz dikərsə, dəmir yumruğun zərbəsi daha ağır və sarsıdıcı olacaq”. Dünyamızın yaşıdı olan ruh da deyir ki, səmaların açarı Vətən sevgisindədir.
- Haqlısınız.

Ceyhun CƏFƏRLİ "Azərbaycan Ordusu"