Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2021 12:00

Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirildi

Bu gün dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin  diqqət və qayğısı ilə əhatə olunan müasir Azərbaycan Ordusu dövlətimiz tərəfindən hərtərəfli təmin olunur. Bununla yanaşı, xalqımızın da mənəvi dəstəyini hiss edən ordumuz daha güclü olur və verilən istənilən döyüş tapşırığını uğurla yerinə yetirir. 44 gün davam edən Vətən müharibəsində olduğu kimi. Cəbhədə döyüşən hərbçilərə xalqımızın, müxtəlif dövlət və özəl qurumların mənəvi dəstəyi qələbəmizi təmin edən amillərdən oldu.
Ordumuza mənəvi dəstəyini heç zaman əsirgəməyən təşkilatlardan biri  də Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsidir (BHİK). Komitə həm Sovetlər Birliyi dövründə, həm də müstəqillik illərində ordu həmkarlarının sosial-iqtisadi hüquq və maraqlarının müdafiəsini davamlı olaraq həyata keçirib, onların sağlamlığının qorunması, mənalı istirahətinin təşkili üçün əlindən gələni edib. Hərbi birlik və birləşmələrdə müxtəlif vəzifələrdə çalışan  BHİK-in üzvlərinin hərbi qulluqçuların xidməti və döyüş fəaliyyətinin təmin olunmasında xidmətləri böyükdür. Bununla yanaşı, BHİK hər zaman gördüyü işlər və gerçəkləşdirdiyi xeyirxah təşəbbüslərlə hər kəsin sevgisini və rəğbətini qazanıb.
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin növbəti yaddaqalan tədbiri faşizm üzərində Qələbəyə həsr olundu. Komitə üzvləri Böyük Vətən müharibəsinin 76-cı ildönümü münasibətilə veteranlarla görüş keçirdi. Tədbirdə İkinci Dünya müharibəsinin veteranları, Aprel döyüşlərinin qazisi kapitan Hikmət Məmmədov, Silahlı Qüvvələrin Hərbi Akademiyasının nümayəndəsi, ehtiyatda olan polkovnik Mehman Süleymanov, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və  həmkarlar təşkilatının üzvləri iştirak etdilər. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.
Komitə sədri Abiyat Ağadadaşova tarixi zəfərimizlə başa çatan Vətən müharibəsi və faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, digər xalqlar kimi, Azərbaycan xalqı da bu Qələbəni həmişə könül xoşluğu ilə qeyd edib. "Hərb tariximizə Vətən müharibəsi kimi yazılan haqq savaşımız noyabrın 10-da ordumuzun parlaq qələbəsi ilə başa çatdı. Ordumuzun gücü, qüdrəti sayəsində sonda tarixi qələbənin bizim olacağına hər kəs inandı, güvəndi və bir yumruq kimi birləşərək əsl ordu-xalq birliyini nümayiş etdirdi. Bu gün isə faşizm üzərində parlaq Qələbəmizdən 76 il ötür. Əziz veteranlarımız, bu münasibətlə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin kollektivi adından və şəxsən öz adımdan sizi səmimi qəlbdən təbrik edir, sizə sağlam həyat, uzun ömür, cansağlığı arzu edirəm. Böyük Vətən müharibəsi illərinin ağrı-acılarını xalqımız döyüşən orduda da, arxa cəbhədə də çəkib. O illərdə minlərlə azərbaycanlı döyüşçü həlak olub, əsir düşüb. Faşizm üzərində Qələbə Günü Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Azərbaycan övladlarının İkinci Dünya müharibəsində göstərdikləri igidliklər xalqımızın qəhrəman xalq olduğunu göstərdi. Həmçinin böyük iftixar hissi ilə qeyd etmək istəyirəm ki,  ötən il şanlı qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində igidlərimiz əcdadlarının yazdığı qəhrəmanlıq salnaməsini layiqincə davam etdirdilər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmən üzərində inamlı Qələbə qazanan rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz təmin olundu. Əziz veteranlar, sizi bu Qələbə münasibətilə də səmimi qəlbdən təbrik edirəm. Bu zəfər, həm də sizin qələbənizdir. İstər İkinci Dünya müharibəsində, istərsə də Vətən müharibəsində Azərbaycan övladlarının göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Keçdiyi layiqli döyüş yolu Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olduğunun bir daha sübutudur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Vətənimizin qüdrətlənməsi və dövlətçiliyimizin qorunması naminə Azərbaycan dövlətinə və Azərbaycan xalqına sülh, tərəqqi və firavan həyat arzulayıram."  
Komitə sədri çıxışına davam edərək ölkəmizdə Böyük Vətən müharibəsi, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarına daim yüksək diqqət və qayğı göstərildiyindən danışdı. Qeyd etdi ki, ərazi bütövlüyümüz uğrunda döyüşən hər bir şəxsə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir.  
Tədbirdə çıxış edən digər qonaqlar bildirdilər ki, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, daim qürurla xatırlanacaqlar. Böyük Qələbədə xüsusən Bakı neftinin əvəzsiz rolunu da qeyd etdilər. Vurğuladılar ki, faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Ona görə də Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini təsəvvür etmək çox çətin olardı.
Müharibə veteranlarından Əzim İbrahimov, Hilal İbrahimov, Rəsul Xammədov, Qalina Lukşina və başqaları ölkə səviyyəsində onlara göstərilən xüsusi  diqqət və qayğıdan razılıqlarını bildirdilər.  Vətən müharibəsindən söz açaraq əzəli torpaqlarımızın işğaldan azad edilməsinə görə Ali Baş Komandana və Azərbaycan Ordusunun şəxsi heyətinə dərin  minnətdarlıqlarını bildirdilər.
Tədbirdə veteranları İkinci Dünya müharibəsinin 76-cı il dönümü və İkinci Qarabağ müharibəsində  Azərbaycan Ordusunun tarixi zəfəri münasibətilə təbrik edən BHİK-in kollektivi onlara qiymətli hədiyyələr təqdim etdi və xatirə şəkli çəkildi.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"