Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2021 12:05

“Şəxsi heyətin idmana marağı böyükdür”

Son illər dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı, həmçinin bölgələrdə tikilib istifadəyə verilən olimpiya idman kompleksləri öz müsbət nəticələrini verməkdədir. Bu gün Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız medallar bunun əyani təsdiqidir. Bu uğurlar isə son illər ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür. Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, ölkəmiz birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Şahmat Olimpiadası və digər mötəbər idman yarışlarına ev sahibliyi edib. Bu gün ölkəmizdə Olimpiya Oyunlarının qalibləri və mükafatçıları seçilib-sayılan, hörmət edilən vətəndaşlardır. Onların qələbələrinin kökündə isə dövlətimizə və Vətənimizə sevgi dayanır. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "İdman həyatımızın ayrılmaz hissəsidir. İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Bu sahədə əldə edilən uğurlar, əlbəttə ki, bizi gələcək uğurlara sövq edir. Biz əldə edilmiş nəticələrlə kifayətlənə bilmərik. Yalnız və yalnız gələcəyə baxmalıyıq ki, daha da böyük qələbələr əldə edək".
Ordu sıralarına çağırılandan sonra da gənclər hərbi hissədəki şəraitdən bəhrələnərək daim fiziki hazırlıqlarını artırırlar. Mütəmadi olaraq öz üzərlərində çalışırlar. "N" hərbi hissəsində bunun canlı şahidi olduq. Hərbi hissənin şəxsi heyəti günün nizam qaydasına uyğun olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elməddin Nağıyevin rəhbərliyi ilə keçirilən fiziki hazırlıq dərsinin gərgin anları idi. Əsgərlərimiz E.Nağıyevin nəzarəti altında idman qurğularında müxtəlif idman hərəkətləri edir, 100 və 3000 metr məsafəyə qaçırdılar.
Məşğələ rəhbəri E.Nağıyev bildirdi ki, əsgərlərimiz fiziki hazırlıqlarını artırmaq üçün dərslərdə fəal iştirak edirlər. - Əsgərlərin fiziki hazırlıq səviyyəsinin yüksək olması olduqca önəmlidir, çünki şəxsi heyət ən çətin şəraitdə döyüş vəzifəsini icra edir. Bildiyiniz kimi, qarşımızda xain düşmən dayanır və onlar istənilən an təxribatlara əl ata bilərlər. Bu zaman verilən tapşırıqları vaxtında yerinə yetirmək üçün şəxsi heyət fiziki cəhətdən hazırlıqlı olmalıdır. Bunun üçün də hərbi hissəmizdə fiziki hazırlıq məşğələsi daim diqqət mərkəzindədir. İdmana böyük maraq göstərən əsgərlərimiz təkcə fiziki hazırlıq məşğələsində deyil, istirahət və asudə vaxtlarında belə idman şəhərciyinə üz tutur, məşq edir və idman səriştələrini artırırlar. Hər kəsin bildiyi kimi fiziki hazırlıq döyüş hazırlığının tərkib hissəsidir. Hazırlıqlı, peşəkar, güclü və dözümlü olmaları üçün onlar yorulmadan məşq edirlər.
Elməddin Nağıyev sözlərinə davam edərək bildirdi ki, dərs keçmək üçün hərbi hissəmizdə yuxarı komandanlıq tərəfindən hərtərəfli şərait yaradılıb.  “Bunun nəticəsidir ki, dərslərimiz səmərəli və maraqlı keçir. Döyüşçülərimiz fiziki hazırlıq səviyyələrini artırmaqla yanaşı, maraqlandıqları idman növünün  sirlərinə də dərindən yiyələnirlər. Biz də öz növbəmizdə çalışırıq ki, məşğələnin gedişatını daha da maraqlı edək. Dərslər nə qədər səmərəli keçərsə, o qədər də şəxsi heyətin idmana olan həvəsi artar".
- Hələ yeniyetmə çağlarımdan bir çox məşhur idmançıların əhatəsində olmuşam. Hər gün onlarla bir araya gəlib idmandan söhbət edərdik. Mən də idmana yazılmaq qərarına gəldim. Yoldaşlarımla idman zalına gedib, məşqlərə qatıldım. O vaxtdan etibarən idmanla məşğul oluram. Düşünürdüm ki, ordu sıralarına qatıldıqdan sonra məşq edə bilməyəcəm. Lakin hərbi hissəmizdə yaradılan bu cür şəraiti gördükdən sonra çox sevindim. Hətta burada məşğələ rəhbərlərimizin köməkliyi ilə bilmədiyim idman sirlərinə yiyələndim. Hər birimiz daha güclü olmalıyıq ki, verilən bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələk, - deyə əsgər Elşən Zeynalov bildirdi. Söhbətimiz zamanı öyrəndik ki, Elşən dəfələrlə idmanın karate növü üzrə çempion olub. Xarici ölkələrdə keçirilən yarışlarda bayrağımızı yüksəklərdə dalğalandırıb.
Əsgərlər Saleh Kazımlı, Ruzi Yusifzadə, Furqan Ağababayev, Turgut Məmmədov və başqaları da idmana böyük həvəs göstərirlər. Hərbi hissədə fiziki hazırlıqlarını artırmaq üçün hər cür şərait yaradıldığını və dərslərdə maraqla iştirak etdiklərini bildirdilər.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"