Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2021 12:05

“Yarışda qazandığım qələbəni Vətən müharibəsinin şəhidlərinə həsr edirəm”

Xalqımızın ümummilli lideri Heydər Əliyev idmana, onun inkişafına və maddi-texniki bazasının yaradılmasına, inkişafına xüsusi diqqət yetirirdi. Ulu Öndər fiziki cəhətdən sağlam gənc nəslin formalaşması məsələsini də daim nəzarətdə saxlayırdı. Bu siyasət bu gün də Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bir çox idman növləri üzrə keçirilən beynəlxalq turnirlərdə idmançılarımız birincilik qazanaraq, üçrəngli bayrağımızı beynəlxalq idman arenalarında dalğalandırır, himnimizi səsləndirirlər.
Hər sahədə olduğu kimi, hərbi qulluqçularımız idmana da böyük həvəs və maraq göstərirlər. Ordumuzun sıralarında xidmət edən hərbçi idmançılarımız Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda (MOİK) hərbi xidmətləri ilə yanaşı, idman fəaliyyətlərini də davam etdirirlər. Onlar müxtəlif beynəlxalq yarışlarda iştirak edir, ölkəmizi və ordumuzu yüksək səviyyədə təmsil edirlər.
İdmançılarımız 2021-ci il aprelin 22-dən 26-dək Ukrayna Respublikasının Xarkov şəhərində keçirilən döyüş sənətləri üzrə açıq Avropa çempionatında da ölkəmizi layiqincə təmsil ediblər. Yarışda 17 idmançı ilə təmsil olunan ölkəmiz idmanın şaolin sanda, şaolin full və peşəkar növlərdə 8 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıblar. Yekun nəticəyə əsasən Azərbaycan millisi ümumi komanda hesabında 2-ci pillədə qərarlaşıb.
Aprelin 29-da Vətənə qayıdan idmançılarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Müdafiə, Gənclər və İdman nazirliklərinin, federasiyaların nümayəndələri, qazilər və jurnalistlər qarşıladılar.
Yarışda Mərkəzi Ordu İdman Klubunun (MOİK) zabiti kapitan Tofiq Niftəliyev bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
Yarış haqqında danışan idmançımız Tofiq Niftəliyev bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə idi ki, ölkəmizi, dövlətimizi təmsil edirdik. "Döyüş meydanında illərdir həsrətində olduğumuz və mənfur düşmən üzərində qazandığımız qələbə bizi idmanda da qələbəyə ruhlandırırdı. Çalışırdıq ki, xalqımızın bizə olan etimadını doğruldaq. Azərbaycan Ordusunun zabiti olaraq yarışa qatıldım və ard-arda uğurlu döyüşlər keçirərək Avropa çempionu adına layiq görüldüm. Bir azərbaycanlı və hərbçi olaraq çox sevinirəm ki, bu çempionatda da öz sözümüzü dedik. Hər dəfə üçrəngli bayrağımız qaldırılanda və Dövlət Himnimiz səslənəndə ürəyim dağa dönürdü".
- Ukrayna Respublikasının Xarkov şəhərində keçirilən döyüş sənətləri üzrə açıq Avropa çempionatında qazandığım qələbəni Vətən müharibəsi şəhidlərinə həsr edirəm, - deyə idmançımız sözünə davam etdi. - Bu gün biz şəhid olan qardaş və bacılarımızın sayəsində Böyük Qələbə sevincini yaşayırıq. Onlar hər zaman qəlbimizdə yaşayacaqlar. Biz üçrəngli bayrağımızı beynəlxalq arenalarda dalğalandırdıqca, Dövlət Himnimizi səsləndirdikcə, onların da ruhu şad olur. Bundan sonra da xalqımızı beynəlxalq arenada tanıtmağa, onu layiqincə təmsil etməyə hazıram. Başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla, Müdafiə Nazirliyinin rəhbər heyətinə dərin minnətdarlığımı bildirirəm.
Kapitan Tofiq Niftəliyev hərbçilərin bacarıqlı idmançılar kimi formalaşmasında, onlara yüksək səviyyədə təlim-məşqlərin keçirilməsində, həmçinin ölkə daxilində və xaricdə keçirilən turnirlərdə iştiraklarının təmin olunmasında yaxından əməyi olan Mərkəzi Ordu İdman Klubunun rəisi polkovnik-leytenant Mənsur Nəcəfova bütün idmançı yoldaşları adından təşəkkürünü bildirdi.
Zabit, həmçinin onun fərdi olaraq  yarışlara hazırlanmasında zəhməti olan məşqçisi mayor Şahin Arzumanovun da adını xüsusi qeyd etdi. "Şahin müəllim gecəsini gündüzünə qatıb, məni  bu yarışlara hazırlayırdı. Onun mənə olan inamı gücümə güc qatır, özgüvənimi yüksəldirdi. Təcrübəli məşqçinin pozitiv təbiətli olması yarışlara daha həvəslə hazırlaşmağıma zəmin yaradırdı. Sevinirəm ki, müəllimimin üzünü ağ etdim, zəhməti hədər getmədi".
Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Tamerlan Şahverdiyev və İbrahim Əliyev də çempionatda rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində, Kənan Bayramov isə gümüş medalla ikinci yerdə qərarlaşıb. İdmançılar arasında ilk qızıl medalı qazanan Tamerlan Şahverdiyev finalda erməni idmançısına tam üstünlüklə qalib gəlib.
Azərbaycan yığma komandası turnirdə Azərbaycan Şaolin və Döyüş Sənətləri Federasiyasının prezidenti və Mərkəzi Ordu İdman Klubunun məşqçisi Rafiq Əliyevin, peşəkar döyüşlər üzrə baş məşqçi Ruhi Hüseynovun və gənclərdə baş məşqçi Taleh Nağızadənin rəhbərliyi altında mübarizə aparıblar.
İdmançılarımızın beynəlxalq miqyaslı yarışda əldə etdikləri nailiyyətlər bir daha sübut edir ki, Mərkəzi Ordu İdman Klubunun peşəkar və təcrübəli idmançıların yetişməsində rolu böyükdür. Müxtəlif beynəlxalq yarışlarda idmançılarımızın qazandığı qələbə ölkə rəhbərliyinin hər bir vətəndaşa istədiyi ixtisas üzrə inkişaf etməsinə şərait yaratdığını göstərir. Bu da həm müstəqil Azərbaycan Respublikasının, həm də gündən-günə güclənən ordumuzun şan-şöhrətini dünyaya yayır.
 
Ruslan HƏSƏNZADƏ "Azərbaycan Ordusu”