Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2021 12:05

Azərbaycan Ordusu gücümüzü bütün dünyaya nümayiş etdirdi

Müasir dövrdə komandanlığın döyüş tapşırıqlarının düzgün və vaxtında yerinə yetirilməsi hər bir əsgər və zabitdən yüksək nəzəri və praktiki hərbi biliklə yanaşı, fiziki-psixoloji hazırlıq da tələb edir. Odur ki, döyüşdə uğur qazanmaq üçün müasir silahlara malik olmaq hələ tam yetərli deyil. Əsası bu silahlardan istifadə qaydalarını peşəkarcasına öyrənmək, fiziki cəhətdən hazırlıqlı olmaq, qazanılan nəzəri-təcrübi biliklərdən düşmənin canlı qüvvəsini və hərbi texnikasını zərərsizləşdirmək üçün maksimum səmərəli istifadə etməkdir.
Hərbi hissələrimizin artilleriya bölmələrində apardığımız müşahidələrə əsaslanaraq deyə bilərik ki, hərbi biliklərə yetərincə yiyələnən, fiziki cəhətdən hazırlıqlı olan Azərbaycan hərbçiləri müasir texnika və silahlardan normativə uyğun istifadə edə bilir, bu sahədə təcrübələrini durmadan təkmilləşdirir, yeni nəticələr əldə etməyə çalışırlar.
Bildiyimiz kimi, istər müdafiə, istərsə də hücuma hazırlıq zamanı artilleriyadan açılan sərrast atəş döyüşün taleyini həll edir. Tarixən məlumdur ki, artilleriya imkanlarına malik ordular möhtəşəmliyi və məğlubedilməzliyi ilə seçilib.
Bunu Vətən müharibəsi də bir daha sübut etdi. İşğalçı Ermənistan Azərbaycan Ordusunun artilleriya atəşləri nəticəsində çox itkilər verdi. Müasir texnologiyalarla təchiz edilmiş artilleriya atəşi nəticəsində dərinlikdə düşmənin xeyli sayda hərbi texnikası zərərsizləşdirildi. Bir sözlə, İkinci Qarabağ müharibəsində düşmənin əks-həmlə tətbiq edə bilməməsində artilleriyamızın rolu böyük oldu.
"N" hərbi hissəsində artilleriya bölməsinin şəxsi heyəti gündəlik fəaliyyətini davam etdirir, bu sahədə nəzəri-təcrübi hazırlığını artırırdı.  Polkovnik-leytenant Vüqar Tağıyev qeyd etdi ki, müharibə zamanı artilleriyanın rolu danılmazdır: "Tələblərə görə artilleriya qüvvələri - cəbhə xəttindən bir neçə kilometr arxada yerləşdirilir. Bu, hərbi əməliyyatların artilleriya dəstəyi ilə uğurla başa çatdırılması məqsədinə hesablanır. Bu gün artilleriya bölməsinin əsgər-zabit heyətinin həm mənəvi-psixoloji durumu, həm də döyüş təcrübəsi yüksək səviyyədədir".
"Bugünkü dərs prosesində peşəkar zabitlər əsgərlərə yaylım atəşli reaktiv sistem 9A52-2 döyüş maşınından (SMERÇ) necə istifadə etməyin sirlərini öyrədirlər", - deyə zabit sözünə davam etdi. - Müharibə vaxtı peşəkar artilleriya qüvvələrimiz düşmənin dayaq nöqtələrindən məlumatlı idi. Döyüş əmri verilən anda həmin nöqtələr birinci olaraq artilleriya qüvvələrimiz tərəfindən zərbə altına alındı. Ermənilərdən fərqli olaraq Qələbə qazanan Azərbaycan Ordusu naminə silahlanmada olan və gördüyünüz bu yaylım atəşli reaktiv sistem 9A52-2 döyüş maşınını tətbiq etmədi.
Azərbaycan Ordusunun şəxsi heyəti xalq-ordu-Ali Baş Komandan birliyindən, Vətən sevgisindən güc alaraq Zəfər qazandı. Ermənistan ordusunun işğal etdikləri rayonlarda yaratdıqları istehkam qurğularının dağıdılmasında artilleriyaçılarımız öz bacarıq və peşəkarlıqlarını göstərdilər".
"Xüsusi hazırlıq vasitəsilə əsgərlər taktiki hazırlıq, atəş hazırlığı, topoqrafiya, kütləvi qırğın silahları və təbii fəlakətlərin dağıdıcı amillərinin fəsadlarından mühafizə və ilk tibbi yardım üzrə bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Bu sahədə əldə edilmiş bacarıqlar əsgərlərə döyüş zamanı vəziyyətdən çıxış üçün düzgün qərar qəbul etmək imkanı yaradır", - deyə leytenant Tamerlan Albuşov bildirdi.
Dərs prosesi ilə bizi yaxından tanış edən zabit Tamerlan Albuşov artilleriyanın döyüşdə hansı əhəmiyyətə malik olduğunu və şəxsi heyətin həyata keçirdiyi işlərin ardıcıllığını bir daha qeyd etdi: "Aktiv əməliyyat aparan bölmələrin fəaliyyətini dəstəkləmək, düşmənin mövcud atəş nöqtələrini susdurmaq, şəxsi heyətin hücuma keçməsini təmin etmək məqsədilə döyüş zamanı artilleriya çox böyük əhəmiyyət kəsb edir. Artilleriya qurğularının içərisində isə yaylım atəşli reaktiv sistem 9A52-2 döyüş maşını xüsusi yer tutur. Yaylım atəşli reaktiv sistem 9A52-2 döyüş maşını reaktiv mərmilər atmaqla nüvə hücum vasitələrinə, cəmləşmə rayonlarında, marşda və döyüş düzülüşündə tank, motoatıcı, artilleriya və raket bölmələrinə, enmə meydançalarında vertolyot, raket və hava hücumundan müdafiə bölmələrinə, idarəetmə məntəqələrinə tələfat vermək üçün təyin olunub. Döyüş maşınının üstün tərəfi çoxfunksiyalılığı, manevrliyi, yüksək etibarlılığı, dəqiqliyi və gücüdür".
Söhbətimizin bu yerində polkovnik-leytenant Rüfət Yusifov dərs prosesində iştirak edən şəxsi heyət və onların Vətən müharibəsində göstərdiyi şücaətin dövlət başçısı tərəfindən qiymətləndirilməsi haqqında məlumat verərək bildirdi ki, leytenant Tamerlan Albuşov "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", gizir Rüstəm Yusifov "Zəngilanın azad olunmasına görə", gizir Eşqin İbrahimov "Laçının azad olunmasına görə", müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayıl Əliyev "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunublar.
"Rəhbərliyin qarşımızda qoyduğu ən böyük tələb müasir texnologiyalar əsasında formalaşan ordumuzun inkişaf tendensiyasına uyğunlaşmaqdır", - deyə  gizir Rüstəm Yusifov bildirdi. - Ona görə də bugünkü dərs prosesində şəxsi heyətimiz ən müasir silah sistemlərindən olan SMERÇ döyüş maşınının sirlərini daha dərindən  öyrənməyə çalışır. Azərbaycan Ordusu dünənini unutmayan, bu gün inkişaf haqqında düşünən, strateji baxımdan gələcəyə hesablanan ordudur.
"Onun nəticəsidir ki, neçə on illiklərdir müstəqil olan, hətta ərazisi bizdən böyük, əhalisi əhalimizdən çox olan neçə dövləti inkişafda qabaqlamışıq. Vətən müharibəsində qazanılan nəticələrin böyük zəhmət bahasına əldə edildiyi şübhəsizdir", - deyə gizir Eşqin İbrahimov yoldaşının sözünün təsdiqi olaraq qeyd etdi. Əsgər İsmayıl Əliyev isə bildirdi ki, döyüşlərdə bərkimiş, xalqın arzu və istəklərini reallaşdırmış Azərbaycan Ordusu bütün ədalətsizlikləri, işğalı öz dəmir yumruğu ilə əzdi, gücümüzü, qüdrətimizi bütün dünyaya nümayiş etdirdi. “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz işğaldan azad olunan torpaqlarımızda üçrəngli müqəddəs bayrağımızı dalğalandırmaqla xalqımızın ən xoş diləklərini yerinə yetirdi”.

Məhəmməd ƏLİYEV "Azərbaycan Ordusu"