Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 2021 12:13

“İşimizə böyük sevgi ilə yanaşırıq”

"N" hərbi hissəsində şəxsi heyətin məişət şəraiti ilə yaxından tanış olmaq imkanı qazandıq. Hərbi hissədə müasir standartlara cavab verən qazanxana, yeməkxana, yataqxana, camaşırxana, istirahət, bərbər və hamam otaqları şəxsi heyətin istifadəsinə verilib. Diqqətimizi müasir tələblərə cavab verən, tamamilə avtomatlaşdırılmış avadanlıqlarla təchiz olunan camaşırxana cəlb etdi. Qadın operatorların səliqəli geyimi, burada olan təmizlik göz oxşayırdı.

Camaşırxananın fəaliyyətindən söz açan baş çavuş Rəhman Quliyev bildirdi ki, şəxsi heyətin təmizliyi daim diqqət mərkəzində saxlanılır. Hamam günlərində bölmələr çirkli paltarları camaşırxanaya göndərirlər. Tez bir müddətdə camaşırları yuyulub ütüləndikdən sonra bölmələrə təhvil verilir. Təmiz paltarlar saxlanc otağında saxlanılır, hamam günlərində şəxsi heyətə paylanılır.

Əsgərlərə ana qayğısı göstərən operator-yuyucu Şəlalə Rəsulova dedi ki, camaşırxanada paltarların, dəsmalların, yataq dəstlərinin yuyulub-ütülənməsi üçün müasir aparatlar quraşdırılıb. "Yaradılan bu cür şərait bizim işimizi olduqca asanlaşdırır və qısa bir müddət ərzində qarşıya qoyulan tapşırığın öhdəsindən layiqincə gəlməyə imkan verir. Təmiz paltarların və yataq ləvazimatlarının vaxtında yuyulub-ütülənməsi əsgərin xidməti üçün vacibdir. Biz də işimizə böyük sevgi ilə yanaşırıq. Hər bir hərbi qulluqçunu özümə övlad bilirik. Onlar bizə illərdir həsrətində olduğumuz qələbə sevincini yaşatdılar. Xoşbəxtəm ki, mənim belə mərd, cəsur və güclü oğullarım var. Hər biri ilə qürur duyuram". 

Müəssisənin əməkdaşları Cənnət Rzaxanova və Qərənfil Quliyeva üzərlərinə düşən işin öhdəsindən layiqincə gələrək, əsgərlərimizi təmiz və ütülənmiş yataq dəstləri, səliqəli geyimlə təmin edilməsində səylə çalışırlar. "Bu gün ordu sıralarında xidmət edənlərin sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bir zamanlar torpaqlarımızı namərdcəsinə işğal edən düşmən mərd, cəsur Azərbaycan əsgərinin qarşısından geri çəkilməyə məcbur oldu. Biz də qalib ordumuzun yanında olmalıyıq. Əsgərlərimizə layiqli qulluq etməyi özümüzə mənəvi borc bilirik. Buna görə də əlimizdən gələni edirik və hər zaman da edəcəyik". 

Hərbi hissənin camaşırxanasında gördüklərimiz bir daha sübut etdi ki, əsgərlərimizin sosial təminatı yüksək səviyyədədir. Camaşırxanada çalışan qadın operatorlar əsgərlərimizə doğma münasibət göstərir, onları ana qayğısı ilə əhatə edirlər. Hərbi qulluqçulara yüksək diqqət və qayğı göstərilir. Şəxsi heyətin məişət şəraitinin ən yüksək səviyyəyə çatdırılması istiqamətində daim işlər aparılır. Bütün bunlar isə hərbçilərin mənəvi-psixoloji hazırlıqlarının və döyüş ruhunun yüksəldilməsinə köməklik edir.

 

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",

Fotolar C.CƏFƏROVUNDUR