Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 2021 11:59

“Vətən müharibəsi qəhrəmanlarının döyüş yolu örnəkdir”

Həyatının gənc çağını Vətənə xidmətə həsr edən əsgər və zabitlərimizlə görüşməkdən, söhbətləşməkdən fərəhlənirəm. Qürur hissi keçirirəm ki, bu gün ürəyi Vətən eşqi ilə döyünən Azərbaycan əsgəri torpaqlarımızın keşiyində ayıq-sayıq dayanır, övladlıq borcunu layiqincə yerinə yetirir. Onlarla həmsöhbət olduqca bir daha əmin oluram ki, hərbi xidmətə yollanan hər bir gəncdə vətənpərvərlik hissi yüksəkdir. Məhz bu hisslə onlar istənilən tapşırığın öhdəsindən layiqincə gəlmək əzmindədirlər. Ötən ilin sentyabrın 27-dən başlayan və ordumuzun şanlı zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir. Döyüşlər zamanı Azərbaycan Ordusu üzərinə düşən şərəfli missiyanı uğurla yerinə yetirərək, xalqa qələbə sevinci bəxş etdi. Hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində əzəli torpaqlarımız gerçək sahibinə qaytarıldı. Onların haqq savaşında göstərdiyi vətənpərvərlik nümunələri xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

Bu düşüncələrin ağuşunda yolumuz yenə də doğma yurdumuzun ucqar zirvələrində qartaltək qərar tutan cəsur Azərbaycan əsgəri ilə görüşədir. Yolboyu al-əlvan rəngə boyanan lalələr ruhumuza sığal çəkir. Vətən təbiətinin gözəlliyini seyr edə-edə döyüş mövqeyinə çatırıq. Çətin dağlıq ərazidə əsgərlərimiz üçün yaradılan şərait diqqətimizdən yayınmır. Yeni tikilən əsgər yataqxanası bütün növ lazımi avadanlıqlarla təchiz edilib. Yaradılan şərait onların nümunəvi xidmət etmələrinə müsbət təsir göstərir.

İlk həmsöhbətim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Rövşən Hüseynovdur. O, Vətənin müdafiəsində dayandığı üçün qürur duyduğunu bildirdi. "Torpaqlarımız işğalda olduğu müddətdə müddətli hərbi xidmətimi düşmənlə təmas xəttində yerinə yetirmişəm. Bu səbəbdən sərhədyanı bölgənin özəlliklərinə bələdəm. Tabeliyimdə xidmət edən hər bir əsgər də burada xidmətin məsuliyyətini dərk edir, eləcə də hər biri vətənpərvərliyi ilə seçilir, dövlətinə, xalqına sədaqətlə xidmət edir."

Rövşən Hüseynov çətin təbii şəraitdə döyüş növbətçiliyini həyata keçirməyin son dərəcə məsuliyyətli olduğunu vurğuladı. "Bölməmizdə xidmət edən əsgərlər məsuliyyətli, nizam-intizamlı, vətənpərvər və el-obasına bağlıdırlar. Hər biri öz məsuliyyətini yaxşı dərk edir və bilir ki, bu gün torpaqlarımızın müdafiəsi kimi müqəddəs bir vəzifə onlara həvalə edilib. Onlar da öz növbəsində verilən tapşırığın öhdəsindən bacarıqla gəlməyə çalışırlar."

Toğrul Hümbətzadə ordu sıralarına Tərtər rayonundan çağırılıb. O, 2020-ci ilin Tovuz döyüşlərinin iştirakçısıdır. "Hərbi xidmətə gəldikdən sonra həyatı daha dərindən dərk etməyə başladım. Vətənə olan sevgim xidmət dövrümdə daha da artdı. Təcrübəli komandirlərimiz sayəsində mənə təhkim olunan silahın sirlərini dərindən mənimsədim. Keçirilən təlimlər sayəsində döyüş və mənəvi-psixoloji hazırlığımızı durmadan artırdıq. Bunun nəticəsi olaraq tarixi ədaləti bərpa etdik. Müharibənin başa çatmasına baxmayaraq, hərbi biliklərimizi daim yüksək səviyyədə saxlayırıq. Unutmuruq ki, bizim Ermənistan kimi mənfur və hiyləgər qonşumuz var. Xain düşmən hər an təxribata əl ata bilər. 

Eləcə də əsgər yoldaşlarımızla asudə vaxtlarımızda şəhid və qazilərimizdən danışır, qəhrəmanların döyüş yolundan söhbət açırıq. Biz də dərk edirik ki, Vətən müharibəsi qəhrəmanlarının döyüş yolu örnəkdir", - deyə əsgər Toğrul Hümbətzadə bildirdi. 

- Komandirlərimizin diqqət və qayğısı sayəsində hərbin sirlərinə dərindən yiyələnir, ən başlıcası isə, Vətənimizin keşiyində cəsarətlə dayanmağı öyrənirik, - deyə əsgər Nurəli Şirəliyev söhbətə başladı. - Onlar bizə döyüş vərdişləri ilə yanaşı, mərdlik, qəhrəmanlıq kimi mənəvi dəyərləri də aşılayırlar. Biz də komandirlərimizin göstərdiyi etimadı, inamı doğrultmağa çalışırıq. Etibar olunan mövqelərdə ayıq-sayıq, məsuliyyət hissi ilə xidmət edirik. Hər birimiz Vətənimizin keşiyində dayanmaqdan qürur duyuruq.

Əsgər Hüseyn Məmmədov söhbətimizə qoşularaq yaradılan şəraitdən ürəkdolusu danışdı. O bildirdi ki, döyüş mövqelərinin dağlıq ərazidə yerləşməsinə baxmayaraq, burada hər cür şəraitlə təmin olunublar. "Komandanlığın göstərdiyi bu cür qayğı qarşısında xidmətimizi düzgün təşkil etmək hər birimizin borcudur."

Əsgərlər Vüqar Dadaşov, Xosrov Məmmədli, Elvin Ağazadə və başqaları Vətənimizin müdafiəsi kimi müqəddəs vəzifənin onlara həvalə olunduğundan fərəhləndiklərini bildirdilər.

Beləliklə, məğrur Azərbaycan əsgəri ilə söhbət etdikcə bir daha əmin olduq ki, ordu sıralarında mətinlik, qəhrəmanlıq kimi mənəvi keyfiyyətlərə malik gənclər formalaşıb, daha da yetkinləşiblər.

 

Elçin İMANOV, "Azərbaycan Ordusu"