Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2021 11:45

“Fiziki hazırlığımızı daim artırırıq”

Döyüş hazırlığının mühüm və ayrılmaz hissəsindən biri də fiziki hazırlıqdır. Komandanlıq hərbi qulluqçuların fiziki cəhətdən möhkəm olmasını həmişə diqqət mərkəzində saxlayır. Şəxsi heyət hərbi hissəyə gəldiyi ilk gündən sistemli şəkildə səhər və axşam fiziki hazırlıq məşğələlərində iştirak edir, fiziki gücünü artırır.
"N" hərbi hissəsində hərbi qulluqçular taqım komandirinin rəhbərliyi altında səhər fiziki hazırlıq məşğələsində turnikdə dartınır, paralel qollarda və digər qurğularda idman elementlərini yerinə yetirirdilər. Məşğələ bitdikdən sonra əsgərlərimizlə həmsöhbət olmaq imkanı qazandıq.
İlk həmsöhbətimiz leytenant Rauf Beydullayev bildirdi ki, hər bir hərbi qulluqçunun fiziki göstəriciləri yüksək olmalıdır. "Hərbi hissəmizdə hərbi qulluqçuların fiziki hazırlıq məşğələsi ilə məşğul olmaları üçün müxtəlif idman alətlərindən ibarət şəhərcik yaradılıb. Şəxsi heyət təyin olunmuş vaxtlarda cavabdeh şəxslərin rəhbərliyi altında idmanla məşğul olur, müxtəlif çalışmalar yerinə yetirirlər. Nəticədə sağlamlıqları möhkəmlənir, təlimlərdə cəld və dözümlü olurlar. Bu da qarşıya qoyulan tapşırığın uğurla icra edilməsi deməkdir".
Uşaq vaxtlarında futbolla məşğul olan kiçik çavuş Röyal Məsimov: “İdman həyatımın bir parçasına çevrilib”, - dedi. "İdmançı üçün əsas amillərdən biri dözümlülükdür. Futbolçu rəqibindən daha çevik, cəld və dözümlü olsa, həmişə bir addım öndə olar. Yarışlarda cəld hərəkət etməli və məşqçinin təyin etdiyi taktika üzrə oynamalısan. Artıq səkkiz ildir ordu sıralarında xidmət edirəm. Əminliklə deyə bilərəm ki, futbolda  olduğu kimi, döyüş meydanında da yoldaşını başa düşməli, rəqibinə qarşı amansız olmalısan. Necə ki, Azərbaycan əsgəri 44 günlük əks-hücum əməliyyatı zamanı düşməni təslim olmağa məcbur etdi. Çox sevinirəm ki, mən də Vətən müharibəsinin iştirakçısıyam. Ancaq heyifsilənirəm ki, qələbə sevincini döyüş meydanında silahdaşlarımla qeyd etmək mənə qismət olmadı. 2020-ci il oktyabrın 14-də düşmənin atdığı mərminin partlaması nəticəsində başımdan qəlpə yarası aldım. Ali Baş Komandanın sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunmuşam. Fəxr edirəm ki, qalib ordunun hərbi qulluqçusuyam".
- İdmanın boks növü ilə məşğul oluram, - deyə əsgər Sadiq Hüseynov söhbətə başladı. - Bu sahə üzrə müəyyən nailiyyətlər əldə etmişəm. 2016-cı ildə yeniyetmələr arasında keçirilən Respublika birinciliyinin qalibiyəm. Ancaq qazandığım medallarla kifayətlənmirəm. İnşallah, ölkəmizi beynəlxalq arenada təmsil etmək istəyirəm. Hərbi hissədə fiziki formamı qoruyub saxlamağım üçün hər cür şərait yaradılıb. Əsgər yoldaşlarımızla mütəmadi olaraq fiziki hazırlığımızı artırırıq. Çox sevinirəm ki, bir zamanlar idman yarışlarında dalğalanan üçrəngli bayrağımız artıq Qarabağımızda dalğalanır.
"Sağlam bədəndə sağlam ruh olar" devizi altında xidmət edənlərdən biri də əsgər Arif Heybətovdur. Həmsöhbətim Vətən müharibəsində oktyabrın 29-da Qırmızı bazar istiqamətində gedən ağır döyüşlər zamanı yaralanır və döyüş meydanından təxliyə olunur. Döyüşlər bitdikdən sonra Ali Baş Komandanın müvafiq sərəncamına əsasən Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.
Əsgərlərimizin idman alətlərində müxtəlif elementləri məharətlə yerinə yetirmələri, fiziki göstəricilərinin yüksək olmaları, vəzifə borclarına nə qədər məsuliyyətlə yanaşmaları aydın görünürdü. Döyüşçülərimizə xidmətlərində uğurlar arzulayırıq.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu" foto C.CƏFƏROVUNDUR