Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2021 11:45

Vətənpərvər qardaşlar

Əbədi müstəqilliyə qədəm qoyduğumuz ilk dönəmdə həm xalqımız, həm də dövlətçiliyimiz tarixin ciddi sınağı ilə üz-üzə idi. Bir yandan da Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı erməni vandalları Ermənistana birləşdirmək məqsədilə Azərbaycana qarşı elan edilməmiş müharibə aparırdı.
Belə ki, Qarabağda və Ermənistanla sərhəd boyu ərazilərdə vəziyyət gündən-günə daha da ağırlaşırdı. Xocalı faciəsindən və Şuşanın işğalından sonra o zamankı ölkə rəhbərliyi istefaya göndərilmişdi. Hakimiyyətdə ciddi böhran hökm sürürdü. Bundan sonra gələn yeni hakimiyyət isə ölkəni daha da təlatümlərə aparırdı. Xalqın ümid yeri yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev idi. Cəbhədə bir-birinin ardınca baş verən uğursuzluqlar, hakimiyyətdəki xaos ölkəni idarə edilməz həddə çatdırmışdı. Dövlətçiliyimizi düşdüyü bu ağır durumdan xilas etmək üçün xalq  nicat yolunu Heydər Əliyevdə görürdü. O zaman blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasını ağır durumdan çıxaran Heydər Əliyevə ölkəmizin müxtəlif bölgələrindən yüzlərlə teleqramlar yazılırdı. Heydər Əliyevin təşəbbüsü ilə yaradılan "Naxçıvan" Xeyriyyə Cəmiyyətinə ayrı-ayrı rayonlardan olan vətəndaşlar müxtəlif məbləğlərdə ianələr keçirirdilər. Gəncə şəhərindən olan Musazadə qardaşları da Xeyriyyə Cəmiyyətinə şəxsi hesablarından 250  000 (iki yüz əlli min) manat pul köçürmüşdülər. Xalqımızın və dövlətçiliyimizin ağır günündə Gəncə şəhər sakinləri Qabil, Famil və Fazil Musazadə qardaşları bu addımı atmaqla vətəndaşlıq borcunu yerinə yetirdiklərini bildirirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev 1992-ci ildə Qabil, Famil və Fazil Musazadə qardaşlarını Naxçıvana dəvət edərək tarixin bu çətin dövründə xoş münasibətlər göstərdiyinə və Muxtar Respublika əhalisi ilə həmrəyliyə və göstərdikləri yardıma görə təşəkkürünü bildirərək işlərində yeni uğur arzuladı.
Qardaşlardan  gizir Fazil Musazadə sovet ordusu sıralarında hərbi xidmətdə olub. Vətənin ağır günlərində o, yeni yaranmaqda olan Azərbaycan Ordusu sıralarına könüllü yazılaraq Ağcakəndin erməni quldur dəstələrindən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Famil Musazadə  isə polis sıralarında xidmət edərək Göygöl və Goranboy rayonları istiqamətində erməni silahlı quldur dəstələrinin zərərsizləşdirilməsində böyük xidmətlər göstərmişdi. Qabil ixtisasca mühəndis olsa da, döyüşən hərbi hissələrdən birində mülki qulluqçu kimi vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirmişdi.
Famil Musazadə polis orqanlarında çalışdığı müddətdə erməni mənfurlarının zərərsizləşdirilməsi zamanı göstərdiyi şücaətə görə Daxili İşlər naziri tərəfindən "Milis əlaçısı" döş nişanı ilə təltif edilib.
Həmin dövrdə Naxçıvan Ali Məclisinin sədri olmuş xalqımızın ümummilli lideri Heydər Əliyev Musazadə qardaşlarının vətən qarşısındakı xidmətlərini yüksək dəyərləndirərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin 12 iyul 1992-ci il tarixli Təşəkkür məktubu ilə onların fəaliyyətini yüksək qiymətləndirib.

Bəxtiyar ƏLİYEV, "Azərbaycan Ordusu"