Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2021 11:45

Adına və andına sadiq qalan qəhrəman

Vətən müharibəsində düşmən üzərində qazanılan qələbənin sevincini xalqımız hələ uzun illər yaşayacaqdır. Vətənin müdafiəsinə qalxmış oğullar bu ölüm-dirim savaşında canlarından keçdilər. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlərimiz də oldu.
Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanlardan biri də polkovnik-leytenant Elzamin Kamal oğlu Təhməzovdur. Elzamin Təhməzov 26 oktyabr 1979-cu ildə Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Kiçik yaşlarından hərbçi peşəsinə marağı olan Elzamin orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul oldu, arzusuna çatdı.
Hərbi təhsilini başa vurduqdan sonra gənc leytenant "N" hərbi hissəsində xidmətə başladı. Gündən-günə təcrübə və səriştəsi artan, nümunəvi xidmətilə seçilən E.Təhməzov dəfələrlə Amerika, Almaniya, Pakistan, İraq, Sloveniya, Türkiyə, həmçinin NATO təlimlərində ölkəmizi şərəf və ləyaqətlə təmsil edib.
Hamı kimi polkovnik-leytenant Elzamin Təhməzovu da ölkəmizin ərazilərinin uzun illər erməni qəsbkarlarının işğalında qalması narahat edirdi. Ürəyi Vətən eşqi ilə döyünən zabit yurdumuzun azadlığı uğrunda döyüşmək, vuruşmaq istəyirdi.
27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi alovlananda polkovnik-leytenant Elzamin Təhməzov ön sıralarda vuruşmağa başladı. Təcrübəli zabit Suqovuşan uğrunda vuruşurdu. Erməni işğalçıları bu istiqamətdən daha güclü hücum etdiyindən torpaqlarımızın azadlığı uğrunda qanlı döyüş gedirdi. Ordumuzun zabit və əsgərləri düşmən hücumunun qarşısını almaq üçün cəsarətlə vuruşurdular. Yağıların mövqeləri, dayaq məntəqələri dəqiq atəş zərbələri ilə məhv edilirdi. İşğalçılar müxtəlif istiqamətlərdən hücuma keçərək döyüşçülərimizi mühasirəyə almağa cəhd edirdilər. Qısa müddət ərzində düşmənə sarsıdıcı zərbələr endirildi. Zabit Elzamin Təhməzov bu döyüşdə böyük uğur qazandı. Hərbçilərimizin mühasirəyə düşmək təhlükəsi sovuşdu.
Lakin belə cəsarətli, qorxmaz, igid zabiti çox tez itirdik. Vətən müharibəsinin ikinci günü - 28 sentyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə polkovnik-leytenant Elzamin Təhməzov qəhrəmancasına şəhid oldu. Əks-həmlə əməliyyatlarının qızğın vaxtında cəsur zabitin yaxınlığına minaatan mərmisi düşdü. Mərmidən qopan qəlpələr onun həyatına son qoydu...
Doğmaları, əzizləri acı göz yaşları içində Azərbaycan Ordusunun zabitini 41 il əvvəl dünyaya göz açdığı Bərdə rayonundakı Şəhidlər xiyabanında torpağa tapşırdılar.
Zabit Elzamin Təhməzovun Vətən müharibəsində göstərdiyi igidlik, qəhrəmanlıq layiqincə qiymətləndirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə polkovnik-leytenant Təhməzov Elzamin Kamal oğlu 3-cü dərəcəli "Rəşadət" ordeninə və "Vətən uğrunda" medalına layiq görüldü.
Polkovnik-leytenant Elzamin Təhməzovun iki qız övladı - Aysel və Aysu yadigar qalıb. Onlar bütün ömürləri boyu ataları ilə fəxr edib öyünəcəklər.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində gözəl bir ənənə var. Hər il buraxılışdan əvvəl "Məzun kitabı" hazırlanır. Gələcəyin zabitləri həmin kitaba bir-biriləri haqqında fikirlərini yazırlar. Kitabda Elzamin Təhməzov haqqında kursant yoldaşlarının yazdıqları ilə tanış oldum. Həmin qeydləri oxucuların da diqqətinə çatdırmaq istəyirəm:
"Elzamin bizim aramızda bir sıra özünəməxsus xüsusiyyətləri ilə seçilirdi. O, həmişə nümunəvi bir müdavim olaraq öz yoldaşlarının etimadını qazanmışdı. Mən sabahımızın zabiti kimi onun gələcək haqqında fikirlərindən ilham alaraq, özümü mübariz olmağa hazırlayırdım. Elzaminin gələcək yüksəlişi Vətənə və millətə böyük faydalar verəcək". (Anar).
"Əziz qardaşım! Bəxtinin çiyinlərinə taxdığın ulduzlardan da parlaq işıq saçmasını arzulayıram. Parlaq və işıqlı ulduzların arxasında da parlaq gələcəyin olduğuna inanıram". (Ceyhun).
İllər keçəndən sonra kursant yoldaşlarının polkovnik-leytenant Elzamin Təhməzov haqqında söylədikləri özünü doğrultdu. Elzamin Vətənə, millətə dəyərli oğullardan biri oldu. Valideynlərinin ona verdiyi ada - Elzamin adına və hərbi andına sadiq qaldı. Çətin günlərdə elinə arxa oldu, zamin durdu. Xalqımız belə cəsur, qorxmaz oğullarını heç vaxt unutmayacaq. Vətənin xilası üçün doğulmuşları xalqımız həmişə xatırlayacaq.

Səbinə NAZİMQIZI, C.Naxçıvanski adına Hərbi Lisey