Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2021 11:45

“Hərbçilərimizin sağlamlığının qayğısına qalmaq borcumuzdur”

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında əks-hücum əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün müddətində illərdir işğalda olan torpaqlarımızı yağı düşməndən azad etdi. Düşmənin mifləşdirdiyi ordusunu darmadağın etdi. Peşəkar hərbçilərimizin qətiyyəti ilə düşmən əsgəri döyüş meydanından qaçmaq məcburiyyətində qaldı. Əməliyyatın ilk günündən etibarən tarixi ərazilərimiz ard-arda azad edildi. Haqq savaşımızda cəsur oğullarımız tarixi ədaləti bərpa etdilər. Xain düşməndən qisasımız alındı. Sinəsini düşmənə sipər edərək, şəhidlik zirvəsinə yüksələn soydaşlarımızın qanı yerdə qalmadı.
Vətən müharibəsində hərbi həkimlərimizin də rolu danılmazdır. Onların təcrübəsi nəticəsində neçə-neçə oğullarımızın həyatı xilas edildi. Həkimlərimiz xüsusi qəhrəmanlıq nümayiş etdirdilər, yaralı döyüşçülərimizi döyüş meydanından, intensiv güllə atəşi altından xilas etdilər.
Hərbi qulluqçularımızın sağlamlığını nəzərə alaraq işğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrin tibb xidmətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Belə bölmələrdən birində olduğumuz zaman şəxsi heyətin sağlamlığının keşiyində dayanan tibbi personalın gündəlik fəaliyyəti ilə yaxından tanış olduq. İlk həmsöhbətimiz tibb xidməti kapitanı Cəmil İbrahimov bildirdi ki, həkimlik sənətinin nə qədər ağır və şərəfli bir peşə olduğunu hamımız yaxşı bilirik.
- Həkimlik sənəti çox məsuliyyətli bir sənətdir. Çünki insan həyatı bizlərə həvalə olunur. Hərbi həkimlik ikiqat məsuliyyət tələb edir. Biz bunu Ali Baş Komandanımızın rəhbərliyi altında başlayan əks-hücum əməliyyatında çox yaxşı gördük. Ağır döyüşlər gedirdi. Vətən müharibəsində həm yaralılarımız, həm də şəhidlərimiz oldu. Biz öz növbəmizdə çalışmalıydıq ki, xain düşmən gülləsinə tuş gələn qardaşlarımızın həyatını xilas edək. Hər birimiz əlimizdən gələni əsirgəmir, onların qısa bir müddət ərzində sağalmasını təmin etməyə çalışırdıq. Çünki hərbçilərimizin sağlamlığı bizim üçün mühüm əhəmiyyət kəsb edir. Cəsur döyüşçülərimiz isə öz növbəsində müalicə olunduqdan sonra könüllü olaraq yenidən döyüş meydanına qayıdırdılar.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş tibb bacısı Gülşən Sadıqova bildirdi ki, səhiyyə ocağına müraciət edən hərbçilərin hamısı həkimlərimizdən razılıq edirlər. “Onlara hər cür tibbi xidmət göstərmək bizim borcumuzdur. Çünki onların hər biri Vətən torpağını yağı düşməndən azad etdilər, şəhidlərimizin qanını yerdə qoymadılar. Onlara xüsusi diqqət və qayğı göstərmək bizim həm vətəndaşlıq, həm də həkimlik borcumuzdur. Bizə müraciət edənlərin hamısını dinləyir, dəqiq diaqnoz qoyur, sonra isə müalicəsinə başlayırıq. Bir tibb işçisi kimi əlimdən gələn köməkliyi edirəm. Hərbi tibb müəssisələrimizin müasir tibbi avadanlıqlarla təchiz edilməsi ümumi işimizin aparılmasına köməklik edir".
Peşəkar hərbi həkimlərimizin qayğısı əhatəsində olan əsgərlərimiz də bu cür şəraitdən razı olduqlarını bildirdilər. Həkimlərimizin düzgün müayinə və müalicəsi nəticəsində əsgərlərimiz qısa müddət ərzində sağalır və yenidən xidməti yerlərinə yola düşürlər. Əsgərlər bildirdilər ki, həkimlərimizin, tibb işçilərimizin sayəsində heç bir narahatçılığımız qalmayıb. Buna görə də hər birimiz burada çalışan bütün həkim personalına dərin minnətdarlığımızı bildiririk.
Hərbi hissədə müşahidə olunan yüksək şərait, hər cür tibbi avadanlıqla təchiz olunan tibb ocağı bir daha sübut edir ki, əsgərlərimizin sağlamlığı hər şeydən öndədir. Hərbi həkimlərimiz də işlərinə məsuliyyətlə yanaşır və cəsur döyüşçülərimizin qayğısında qalırlar. Belə bir mənzərəni görmək bizə də xoş təəssürat bəxş etdi.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"