Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2021 12:00

Daha güclü, daha sağlam

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı ilə yanaşı, fiziki hazırlığının da yüksək səviyyədə olması vacib amillərdəndir. Əgər əsgər fiziki cəhətdən güclüdürsə, o, istənilən tapşırığı müvəffəqiyyətlə yerinə yetirmək qabiliyyətindədir. Şəxsi heyətin fiziki hazırlığını artırmaq məqsədilə ordumuzda dərslər keçirilir, kütləvi idman tədbirləri təşkil olunur.
Düşmənlə mümkün ola biləcək əlbəyaxa döyüşlərdə fiziki cəhətdən hazırlıqlı əsgər məğlubedilməzdir. Onun qarşısında heç bir qüvvə tab gətirə bilməz. Bunu qələbəmizlə başa çatan Vətən müharibəsində Azərbaycan əsgəri açıq-aşkar sübut etdi. İstər döyüş ruhu, istər qələbə əzmi, istərsə də fiziki hazırlıq cəhətdən düşməndən qat-qat üstün olan igid oğullarımız döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərdilər.
"N" hərbi hissəsində şəxsi heyət müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təbriz Qiyaszadənin nəzarəti altında fiziki hazırlıq məşğələsi ilə məşğul olurdu. Turnikdə və paralel qollarda çalışmalar icra edən əsgərlərin normativləri vaxtında və dəqiqliklə yerinə yetirmələri onların fiziki cəhətdən hazırlıqlı olmasından xəbər verirdi.
Əsgər Samir Məmmədov idmanla müntəzəm məşğul olmağın hər kəs üçün vacib şərtlərdən biri olduğunu qeyd etdi. "İdman sağlamlıqdır. Fiziki hazırlıqla məşğul olduğumuz zaman özümüzü daha gümrah hiss edir, əhval-ruhiyyəmiz yüksəlir. Fiziki göstəriciləri yüksək olan döyüşçü qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirmək əzmindədir. Keçirilən məşğələlər sayəsində fiziki hazırlığımızı daha da artırırıq. Çünki bizim Ermənistan kimi mənfur qonşumuz var. Döyüş hazırlığımızla yanaşı, fiziki hazırlığımızı da artırırıq ki, xain düşmən tərəfindən həyata keçirilə biləcək istənilən təxribatın qarşısını vaxtında alaq".
Əsgər Rahim Əliyev döyüş ruhuna müsbət təsir edən amillərdən birinin fiziki hazırlıq olduğunu vurğuladı. "Döyüş hazırlığı və fiziki hazırlıq bir-biri ilə əlaqəlidir. Komandirlərimiz fiziki hazırlıq məşğələlərində daha cəld və çevik olmağı məsləhət görürlər ki, bu da verilən tapşırıqların tez müddətdə öhdəsindən gəlməkdə bizə kömək edir. Hərbi xidmət müddətində komandirlərimizin nəzarəti altında əsgər yoldaşlarımla birlikdə idmanla məşğul oluruq. Bölməmizdə fiziki hazırlığımızın artırılması üçün hər cür şərait yaradılıb. Fiziki hazırlığımızı yerinə yetirmək üçün idman qurğuları quraşdırılıb. İdman təkcə hərbi xidmət dövründə deyil, hər zaman vacibdir".
Əsgər Abdulla İsmayılov idmanın qaydasız döyüş növü ilə məşğul olub. O, 2018-ci ildə Gürcüstanda keçirilən dünya çempionatında, eyni zamanda, ölkəmizdə keçirilən yarışlarda  bir neçə dəfə fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb. "İstər idman arenalarında, istərsə də döyüş meydanında hər zaman düşməndən güclü olduğumuzu sübut etmişik. Hərbi xidmətə gəlməmişdən əvvəl keçirilən beynəlxalq yarışlarda erməni idmançılarının gücsüz, zəif olduğunu görürdük. Əsgəri xidmət dövrümə təsadüf edən 44 günlük Vətən müharibəsində isə onların həm də döyüş meydanında aciz olduğunu sübuta yetirdik. Düşmənin 30 il ərzində yaratdığı müdafiə sədlərini qısa zaman ərzində yararaq onları döyüş meydanında darmadağın etdik. Artıq biz bədnam qonşularımıza nəinki idman arenalarında, hətta döyüş meydanında arzuolunmaz rəqibik. Hər bir hərbi qulluqçunun müqəddəs vəzifəsi torpaqlarımızı erməni işğalından azad edərək üçrəngli şanlı bayrağımızı Qarabağda dalğalandırmaq idi. Şükürlər olsun ki, istəyimizə nail olduq".

Elçin İMANOV, "Azərbaycan Ordusu"