Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2021 12:00

“Asudə vaxtımızı səmərəli keçiririk”

"N" hərbi hissəsində şəxsi heyət asudə vaxtda qəzet, jurnal və kitab oxuyur, televiziya verilişlərini, tariximizdən bəhs edən filmləri izləyir, dama, şahmat, futbol və voleybol oynayırlar. Bu amillər şəxsiyyətin hərtərəfli inkişafı, fiziki, mənəvi və estetik mədəniyyətin yüksəlməsi üçün əsas vasitədir. Bu gün bütün hərbi hissələrdə asudə vaxtın səmərəli təşkili üçün məqsədyönlü işlər görülüb. İdeoloji otaqlar və istirahət guşələri yaradılıb.
Leytenant Şamil Qəhrəman bildirdi ki, rəhbərliyin diqqət və qayğısı nəticəsində bölməmizdə şəxsi heyətin hərtərəfli inkişaf etdirilməsi üçün münbit şərait yaradılıb. "Asudə vaxtda günün nizam qaydalarına uyğun olaraq əsgərlərimiz tarixi məlumatları öyrənir, rəngarəng eksponatları seyr edərək zəngin biliklər əldə edirlər. Bunun nəticəsidir ki, şəxsi heyətimiz Vətənə, tarixi köklərimizə, zəngin mədəniyyətimizə və milli irsimizə məhəbbət bəsləyir, əcdadlarımızın igidlik və rəşadət rəmzini özlərinə örnək bilir. Asudə vaxtlarının düzgün və səmərəli təşkil olunması şəxsi heyətin nizam-intizamına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, dünyagörüşünün zənginləşməsinə müsbət təsir edir. Məhz buna görə əsgərlərimizin döyüş, atəş, fiziki, sıra hazırlıqları və döyüş ruhu yüksək səviyyədədir. Vətən müharibəsi də bunun bariz nümunəsidir. Ali Baş Komandanımızın rəhbərliyi altında başlayan döyüşlərin ilk günündən etibarən peşəkar hərbçilərimiz yağı düşməni məğlub edərək geri çəkilməyə məcbur etdi. Əsgərlərimiz qorxu bilmədən irəli atılıb, sona qədər döyüşdülər. Bunun nəticəsidir ki, qısa müddət ərzində illərdir işğalda olan torpaqlarımız rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı ilə mənfur erməni əsgərindən azad edildi".
Əsgərlər Elvin Xankişiyev və Xalıq Xalıqov bildirdilər ki, rəşadətli Azərbaycan Ordusunda xidmət etməkdən qürur hissi duyurlar. "Hərbi hissədə bizim üçün hər cür şərait yaradılıb. Komandirlərimizin nəzarəti altında asudə vaxtlarımızı səmərəli keçiririk. Müxtəlif oyunlar oynayır, bədii kitab, qəzet və jurnallar oxuyuruq. Həmçinin yarış və viktorinalar da təşkil edilir. Bu cür diqqət və qayğının qarşısında bizim üzərimizə düşən vəzifə xidmətimizi düzgün təşkil edib, verilən bütün əmr və tapşırıqları vaxtlı-vaxtında icra etməkdir".
Əsgər Kamil Hüseynov da onlar üçün yaradılan şəraitdən razı olduğunu bildirdi. "Asudə vaxtımızda tarixi filmlər izləyir, ölkəmizdə və dünyada baş verən yeniliklərdən xəbərdar oluruq. Həmçinin bədii kitablar oxuyur, dünya görüşümüzü artırırıq. Bununla yanaşı, təmizliyimizə diqqət yetirir, sıra baxışına hazırlaşırıq. Əsgər yoldaşlarımızla mülki həyatda olan xoş xatirələrdən söhbət edirik. Bir sözlə, boş vaxtlarımızı səmərəli keçiririk".
Əsgərlər Ülvi Məsimli, Samir Məmmədzadə, Sirac Mirzəliyev və digərləri bildirdilər ki, xidmətə başladıqları ilk gündən komandirlərin diqqət və qayğısı ilə əhatə olunublar.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"