Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2021 12:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu: 1941-1945-ci illərdə alman faşizminə qarşı aparılan mübarizədə Azərbaycan xalqının rolu.
İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən II Dünya müharibəsi haqqında tarixi materiallardan, həmin hadisələrin şahidi olanların xatirələrindən istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.
Suallar:

1. Almaniyanın SSRİ üzərinə qəflətən hücumu və müharibənin başlanması.

2. Azərbaycan II Dünya müharibəsi illərində.

3. Azərbaycanlıların alman faşistlərinə qarşı döyüşlərdə qəhrəmanlıqları.

 

Almaniyanın SSRİ üzərinə qəflətən hücumu və müharibənin başlanması


İkinci Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövrü olmuşdur. 1933-cü ilin yanvarında Hitlerin Almaniyada hakimiyyətə gəlməsi ilə müharibənin reallaşması həqiqətə çevrildi. Dünya ağalığı iddiasında olan alman faşizmi öz niyyətlərinə çatmaq məqsədilə 1939-cu il sentyabrın 1-də Polşaya hücum etməklə İkinci Dünya müharibəsinə başladı. 1941-ci ilin yayına qədər artıq alman faşistləri, demək olar ki, bütün Avropanı, Polşanı, Avstriyanı, Çexoslovakiyanı, Yuqoslaviyanı, Yunanıstanı, bütövlükdə Avropanın bir neçə ölkəsini və Fransanın xeyli hissəsini zəbt etmişdilər. Almaniya hələ 1940-cı ilin ikinci yarısında SSRİ-yə hücüm etmək planı hazırlamağa başlamışdı. Həmin plan 1940-cı il dekabrın 18-də Hitler tərəfindən təsdiq olunmuşdu. Ona simvolik olaraq "Barbarossa" adı verilsə də, "ildırım sürətli müharibə" planı adlandırılırdı. Həmin plana görə, 1941-ci ilin payızına qədər SSRİ diz çökdürülməli idi.  
Dünya ağalığı iddiasında olan faşist Almaniyası 23 avqust 1939-cu ildə imzalanmış, on il müddətinə hücum etməmək, dostluq və əməkdaşlıq haqqında müqavilələrini pozaraq, 1941-ci il iyunun 22-də bütün sərhəd boyu SSRİ üzərinə hücuma keçdi. Bununla da alman-sovet müharibəsi başlandı. Bu, Rusiyanın sovet dövrü tarixinə Böyük Vətən müharibəsi kimi daxil olmuşdur.
Müharibənin ilk mərhələsində antihitler koalisiyası formalaşdı. 1941-ci ilin yayında SSRİ, ABŞ və Böyük Britaniya arasında çox fəal danışıqlar aparıldı və bir sıra müqavilələr imzalandı. Avqustun 2-də ABŞ SSRİ-yə iqtisadi yardım edəcəyi barədə qərarını bildirdi. 1942-ci ilin 23 fevralında ABŞ və Böyük Britaniya arasında təcavüzkara qarşı mübarizəyə qarşılıqlı yardım prinsipləri barədə saziş imzalandı. Faşizm əleyhinə kapitalizm və sosializm sistemlərinin vahid koalisiyası yaradıldı, 50 dövlət birləşdi.
Müharibənin gedişində əsaslı dönüşün yaranmasında Şərq cəbhəsində sovet qoşunlarının Stalinqrad (1942-1943) və Oryol-Kursk ətrafında alman ordularına qarşı keçirdikləri hərbi əməliyyatların müstəsna rolu olmuşdu. 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt olunmuş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. 1944-cü il iyulun 6-da Fransanın şimalına (Normandiya) qoşun çıxarıldı. Beləliklə, ikinci cəbhə açıldı. Həmin ilin avqustunda Fransa faşistlərdən azad edildi. 1945-ci il aprelin 16-da Berlin uğrunda döyüşlər başlandı. Aprelin 25-də Elbada müttəfiq qoşunları görüşdü. Berlinin mühasirəsi başa çatdı. Mayın 2-də Berlin alındı. Mayın 8-də Almaniya danışıqsız təslim aktını imzaladı.

 

Azərbaycan II Dünya müharibəsi illərində


Zəngin sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci Dünya müharibəsində də iri dövlətlərin marağında mühüm yer tuturdu. Almaniya Bakı neftini ələ keçirməklə Şərqə - İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi də hazırlanmışdı.
Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. Müharibə illərində bütün Bakı ölkə neftinin 70-75%-ni, benzinin 85-90%-ni verirdi. 1941-1945-ci illərdə Bakı ölkəyə (SSRİ) 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi. Bakı döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmiş, "Katyuşa" raketi, "Şpakin pulemyotu" istehsal edir, burada "YAK-3" qırıcı təyyarəsi yığılırdı. Ümumən Bakıda 130-dan çox silah və hissələri hazırlanırdı.
Müharibə illərində Azərbaycanın elm xadimləri də müxtəlif problemlərin uğurlu həlli yolunda səylə çalışırdılar. Məşhur kimyaçı alimlərimizin, o cümlədən Y.H.Məmmədəliyev, Ə.M.Quliyev, V.H.İsmayılov, V.S.Əliyev və başqalarının birgə səyi və əməkdaşlığı nəticəsində ən yüksək oktanlı benzin və sürtkü yağları növləri alınmışdır. Kimyaçı alimlər müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişlər. SSRİ-nin ən məşhur kimyaçı alimləri içərisində layiqli yer tutan Yusif Məmmədəliyevin qələbədə xüsusi rolu təqdirəlayiqdir. O, ən yüksək oktanlı təyyarə benzini, donmayan motor və sürtkü yağları, "Katyuşa" silahı üçün xüsusi mərmilər və başqa qiymətli komponentlər ixtira etmişdi.  
Müharibə dövründə respublikamızın sənaye müəssisələri qələbə naminə cəbhəni lazımi məhsullarla aramsız olaraq təmin edirdilər. Azərbaycanın yüngül sənayesi cəbhənin ehtiyacları üçün təxminən 30, yeyinti sənayesi 50, yerli sənayesi isə 200 növə qədər məhsul istehsal edirdi. Müharibə illərində yüngül sənaye müəssisələri cəbhə üçün 1.419 min şinel, 4.227 min komplekt yay paltarı, 3.097 min cüt alt köynəyi, 1.977 min cüt ayaqqabı, 1.417 min cüt komplekt pambıq köynək, 1.417 min patron sumkası və s. göndərmişdi. Ümumilikdə, cəbhəyə respublikamızdan 125 vaqon isti paltar yollanılmışdı. Eyni zamanda, ordu üçün respublikamızdan dava-dərman, tibb preparatları və lazımi başqa dərmanlar da göndərilmişdi. Azərbaycan vətəndaşları 1941-1943-cü illərdə müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 311 milyon manatlıq istiqraz vermişdilər.
1941-1945-ci illər Böyük Vətən müharibəsində Azərbaycan xalqı daha çox itkilərə və hədsiz məhrumiyyətlərə məruz qalmış, düşmən üzərində qələbə qazanılması üçün özünün var qüvvəsini əsirgəməmişdir. Bu müharibədə Azərbaycan xalqı öz layiqli sözünü demişdi. Azərbaycan xalqının misilsiz xidmətləri, qələbə naminə göstərdiyi fədakarlıq ermənipərəst İttifaq rəhbərliyi tərəfindən qiymətləndirilməmiş, hətta Azərbaycana qarşı ayrı-seçkilik, ikili standart tətbiq olunmuşdu. Bakı müharibə illərində cəbhəyə həm yanacaq verirdi, həm də hərbi texnika istehsal edirdi. Lakin bunun müqabilində Bakıya "qəhrəman şəhər" statusu verilmədi, keçmiş SSRİ-də Moskva, Leninqrad və Kiyevdən sonra iri şəhər olan Bakıya II və III dərəcəli status verildi, Tbilisi və Yerevan isə I dərəcəli şəhər kimi ən yüksək dərəcədə təmin edildi.

 

Azərbaycanlıların alman faşistlərinə qarşı döyüşlərdə qəhrəmanlıqları


Ümumi əhalisi 3,4 milyon olan Azərbaycan "Böyük Vətən müharibəsi" kimi tarixə düşmüş 1941-1945-ci illər müharibəsinə 640 minə yaxın oğlan və qız göndərmişdi. Böyük Vətən müharibəsi illərində Azərbaycanda yaradılan beş milli diviziya - 77-ci, 223-cü, 271-ci, 402-ci və 416-cı diviziyalar şərəfli döyüş yolu keçərək Azərbaycan xalqının və Böyük Vətən müharibəsinin tarixinə qızıl hərflərlə daxil oldu. Müxtəlif cəbhələrdə göstərdikləri rəşadətə görə 416-cı diviziya "Taqanroq diviziyası", döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən 227-ci diviziya "Temryuk diviziyası" 77-ci diviziya isə “Simferopol diviziyası” adını qazanmışdılar. 416-cı diviziya Qafqazdan Berlinə qədər döyüş yolu keçmişdi. Cəbhə xətti üçün Azərbaycanda 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı. Azərbaycan SSR-də olan əsgərlər Brest qalası, Leninqrad, Moskva, Stalinqrad, Qafqaz uğrunda döyüşlərdə iştirak etmiş, Kursk, Berlin uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişdilər. Onlar Ukraynada, Krım yarımadasında vuruşmuş, Qırmızı Ordunun tərkibində Pribaltikanı, Şərqi Avropanı azad etmişdilər. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları haqqında ümummilli lider Heydər Əliyev demişdir: "Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir".
1941-ci il iyulun 17-də Leninqrad səmasını qoruyan Hüseynbala Əliyev döyüş tapşırığını uğurla yerinə yetirib geri qayıdarkən 3 düşmən təyyarəsi ilə üz-üzə gəlir. Qeyri-bərabər döyüşdə sərrast atəşlə düşmən təyyarələrinin üçünü də məhv edən cəsur döyüşçü 17 güllə yarası almasına baxmayaraq öz qırıcısını yerə endirə bilmişdi. Göstərdiyi igidliyə görə o, ölümündən sonra Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə İsrafil Məmmədov misilsiz igidlik göstərmiş, 10 saat düşmənlə qeyri-bərabər qanlı döyüşdə təkbaşına 700-dən çox alman faşistini öldürmüşdür. Döyüşlərdə yüksək iradə və qəhrəmanlıq göstərən İsrafil Məmmədov ilk azərbaycanlı olaraq Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Qafur Məmmədov, İdris Süleymanov da Şimali Qafqaz uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdilər. 1942-ci ildə Stalinqrad uğrunda döyüşlərdə Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı böyük igidlik göstərmişdi. Həzi Aslanovun tank alayı düşmənin 45 tankını, 26 topunu, 50 avtomobilini və eyni zamanda 2 min nəfərədək zabit və əsgərini məhv etmiş, 13 tankını və 175 avtomaşınını ələ keçirmiş, 700 nəfəri əsir götürmüşdü. H.Aslanov 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O, ikinci dəfə bu adı Brezina çayını keçərək Presini şəhərini və 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. Tank qoşunları general-mayoru Həzi Aslanov yeganə azərbaycanlıdır ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə leytenant Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında Polşa və Çexoslovakiyanın faşistlərdən təmizlənməsi uğrundakı döyüşlərdə göstərdiyi igidliyə görə görkəmli tarixçi alim, akademik Ziya Bünyadov da daxil olmaqla, 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Müharibə illərində ordu sıralarına nəinki azərbaycanlı kişilər, hətta qocalar və qadınlar da səfərbər olunmuş, ən çətin döyüşlərdə iştirak edərək qəhrəmanlıq göstərmişdilər. Təyyarəçi Züleyxa Seyidməmmədova, snayper Ziba Qəniyeva, gəmi kapitanı Şövkət Səlimova və başqa qadınların şücaətləri dillər əzbəri olmuş, tarixə düşmüşdür.
1418 gün davam edən Böyük Vətən müharibəsi sovet xalqının sıx birliyinin və vətənə məhəbbətinin nümayişinə çevrilmişdi. Böyük qələbə, milliyyətindən asılı olmayaraq, xalqların kütləvi qəhrəmanlığının məntiqi nəticəsi idi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsindən sonra müharibə veteranlarının xidmətləri çox yüksək qiymətləndirilmişdir. Ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğı ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən bu gün də yüksək səviyyədə davam etdirilir. Bunu İlham Əliyevin 1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında verilmiş fərmanı, Qələbə günü münasibətilə hər il müharibə veteranlarının təbrik edilməsi və onlara verilən birdəfəlik yardımlar haqqında sərəncamları və yubiley medalları ilə təltif edilməsi buna əyani sübutdur.
 XX əsrdə bəşəriyyət alman faşizmi ilə, azərbaycan xalqı isə dörd dəfə (1905-1911, 1918-1924, 1948-1954, 1988-1994) erməni faşizminin vəhşilikləri ilə üzləşmişdir. Erməni daşnaklarının törətdikləri vəhşiliklər öz miqyasına və qəddarlığına görə heç də Böyük Vətən müharibəsində faşistlərin törətdikləri vəhşiliklərdən geri qalmamışdır. 1991-1994-cü illərdə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyünə göz dikən Ermənistan havadarları ilə öz istəyinə qismən nail olmuş, Azərbaycan Respublikasının Qarabağ Muxtar Vilayətini və ona bitişik 7 inzibati rayonu işğal etmişdir. 2020-ci ilin sentyabr ayının sonuna kimi təxribat törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində Azərbaycan Ordusunun əks-hücüm əməliyyatları heç vaxt erməni işğalı ilə barışmayacağını daim döyüşə hazır olduğunu göstərdi. Babaların Böyük Vətən müharibəsində, ataların Qarabağ müharibəsində oğulların Aprel döyüşlərində və Naxçıvan əməliyyatında göstərdikləri qəhrəmanlıqları özünə örnək götürən qəhrəman Azərbaycan xalqının övladları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi ədalət bərpa edildi. Torpaqlarımız erməni işğalından azad olundu.
 
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi