Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2021 12:00

Təcrübə məşğələlərin əsasında formalaşır

Hər bölmənin qarşısında qoyulan ilkin tələblərdən biri də yüksək nizam-intizamdır. Danılmaz faktdır ki, şəxsi heyətin hərbi intizamı sıradan başlayır. Təsdiq edilən döyüş hazırlığı planına əsasən, bölmələrdə mütəmadi olaraq sıra hazırlığından məşğələlər keçirilir. Dərslər zamanı hərbi qulluqçulara silahsız və silahla sıra hərəkətləri, əsgəri salamlaşma qaydaları, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borcları, sıra hazırlığına olan tələbləri, həmçinin yerdəyişmə qaydaları öyrədilir.
"N" hərbi hissəsində şəxsi heyətin sıra hazırlığı məşğələsinə cəlb edildiyinin şahidi olduq. Kapitan Mədət Rzayevin tabeliyində olan şəxsi heyət müəyyən komandaları icra edirdi. Öyrənirik ki, məşğələ rəhbəri Vətən müharibəsinin iştirakçısıdır. O, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində döyüşüb.
- Sıra hazırlığı məşğələləri hərbi qulluqçuların nizam-intizamının artırılmasında müstəsna rol oynayır, - deyə kapitan Mədət Rzayev söhbətə başladı. - Hər gün dərs cədvəlinə uyğun olaraq şəxsi heyətlə sıra hazırlığı məşğələləri keçirilir, əvvəlcədən mənimsədikləri hərbi biliklər təkrarlanır. Əsgərlərimiz də məşğələlərdə fəallıq göstərir, komandirlərin biliklərindən bəhrələnirlər. Çalışırıq ki, məşğələlər səmərəli keçsin. Bölməmizdə xidmət edən əsgərlər də üzərlərinə düşən vəzifənin, qarşılarına qoyulan tapşırığın öhdəsindən layiqincə gəlirlər.
Zabit onu da vurğuladı ki, Azərbaycan əsgəri Vətən müharibəsində yüksək nizam-intizamını, döyüş qabiliyyətini və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi.
Ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatının iştirakçılarından biri də əsgər Məbud Əhmədovdur. O da Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində döyüşüb. Lakin düşmənin aramsız minaatan atəşi nəticəsində yaralanıb. "Döyüşlər başlayanda yalnız irəli getməyi, doğma el-obamızı yağı düşməndən azad etməyi düşünürdük. Savadlı və təcrübəli komandirlərimizin rəhbərliyi ilə ard-arda torpaqlarımızı azad edirdik. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə minaatan mərminin partlaması nəticəsində sağ qolumdan, sağ ayağımdan qəlpə yarası aldım. İlkin tibbi yardım göstərildikdən sonra döyüş meydanından təxliyə olundum. Şadam ki, bu gün həkimlərimizin sayəsində sağlamlığımı bərpa edərək xidmətimi davam etdirirəm".
Keçirilən dərslərdən, hərbi hissədə yaradılan şəraitdən söz açan əsgər Xəyal İsalı bildirdi ki, bizim üçün hər cür şərait yaradılıb. "Günün nizam qaydasına uyğun olaraq məşğələlər keçirik, əsgər yeməkxanasında dadlı və keyfiyyətli yeməklərlə qidalanırıq. Komandirlərimiz asudə vaxtda Vətən müharibəsi qəhrəmanlarının keçdiyi döyüş yolundan, dövlətimizin ərazi bütövlüyü uğrunda etdiyi fədakarlıqlardan danışırlar. Daima yuxarı komandanlığın diqqət və qayğısı ilə əhatə olunmuşuq. Hərbi xidmətə gəldiyimiz ilk gündən bizlərə doğma münasibət göstərirlər. Keçirilən dərsləri dərindən mənimsəməyimiz üçün əllərindən gələni əsirgəmirlər. Bu cür şəraitdə xidmət etmək hər birimizə ruh yüksəkliyi aşılayır".
Əsgərlərdən Amin Abbasov, Elvin İslamov bildirdilər ki, komandirlərin köməyi ilə  hərbi biliklərini, dünyagörüşlərini artırırlar. Hər biri hərbi hissədə onlar üçün yaradılan şəraitdən tam razıdır.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR