Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2021 12:00

Qəhrəmanlıq ənənələrimiz daim yaşayacaq!

Minlərlə həmyerlimizin tərkidiyar olduğu tarixi torpaqları işğaldan azad etmək arzusu ilə alışıb-yanan oğullarımız ədaləti 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə 44 günə bərpa etməyi bacardı. Əzəli və əbədi ərazilərimizi işğala məruz qoyan düşmən qüvvələri güclü ordumuz qısa müddətdə darmadağın etdi. Məlumdur ki, müharibə varsa, şəhid də olacaq, yaralı da. Lakin Vətən müharibəsindəki qazanılan Böyük Qələbə həm də bütün şəhidlərimizin alınan Böyük Qisası olaraq tarixləşdi.
30 ilə yaxın müddətdə soydaşlarımızın didərgin düşdükləri tarixi ərazilərimiz artıq Vətən torpaqlarına birləşdi. Azərbaycan əsgəri xalqımızın ümid yeri, xalqımız isə əsgərimizin dayağı, ilham mənbəyi oldu. Haqq savaşımızda bütün dünya xalq-ordu-Ali Baş Komandan birliyinin ən bariz nümunəsinin şahidi oldu. Bu birlik dosta sevinc, başucalığı bəxş etdi, düşmənə gözdağı verdi. Belə ki, döyüşün ilk saatlarından vəzifəsindən, yaşından, hətta yaşadığı yerdən (ölkədən) asılı olmayaraq hər bir soydaşımızın qəlbi Azərbaycan əsgəri ilə birlikdə döyüş meydanında döyünürdü. Ali Baş Komandanımızın verdiyi müjdəli xəbərlər televiziya və radio qarşısında oturan hər bir vətəndaşın ruhuna məlhəm olurdu. Gündən-günə tarixi ərazilərimizin düşməndən təmizlənməsi xəbərləri və işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması görüntüləri hər birimizi Böyük Qələbəyə daha da yaxınlaşdırırdı. Döyüş meydanında rəzil olan işğalçı rejimin rəhbərliyi kapitulyasiya aktına imza atdı. Bununla da tarixi ədalət bərpa olundu. Xeyir şər üzərində bir daha qələbə qazandı. Qısa müddət ərzində Böyük Zəfər qazanan rəşadətli Azərbaycan Ordusu öz gücünü, qüdrətini təkcə düşmənə deyil, bütün dünyaya nümayiş etdirdi.
"N" hərbi hissəsində "Dəmir yumruq" əməliyyatı zamanı misilsiz şücaətlər göstərən cəsarətli oğulların fikirlərini, keçdiyi döyüş yolunu qələmə alıb oxucularımızla bölüşməyi özümüzə borc bilirik. Qələbə yürüşündə iştirak edən hərbçilərimizdən ilk öncə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Yusif Hüseynovla söhbətləşdik. Əslən Yevlax rayonundan olan hərbi qulluqçu bildirdi ki, öz bəd xislətli niyyətindən əl çəkməyən düşmənin əl atdığı son təxribat ona çox baha başa gəldi. “Ötən ilin 27 sentyabrında Ali Baş Komandanın qətiyyətindən, xalqımızın dəstəyindən güc alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Sanitar vəzifəsində olduğumdan qarşıma qoyulan tapşırıqlar əsasən yaralılara ilkin tibbi yardımın göstərilməsi və onların daha təhlükəsiz əraziyə təxliyə edilməsinə yardım etmək idi. Cəsarətli oğullarımız düşmənin ön xəttini qısa müddətdə yarmağı bacardılar. Qarşı tərəfin xeyli canlı qüvvə və texnikası məhv edildi. Düşmənlə üzbəüz döyüşdə iştirak etməsəm də, yaralı yoldaşlarıma göstərdiyim yardımla təsəlli tapırdım. Bu gün işğaldan azad olunan ərazilərimizin hər qarışında şəhidlərimizin, qazilərimizin qanı var. Gedən gərgin döyüşlərdə iki dəfə yaralansam da, silahdaşlarımın köməyi və dəstəyi ilə ayaqda durmağı bacardım. Hər birimiz bir nəfər kimi müqəddəs amala doğru irəliləyirdik. Haqq mübarizəmizi başa çatdırmamış dayanmaq, istirahət etmək könlümüzdən keçmirdi. Uzun illər millətimizə olmazın zülmlər etmiş düşmən ordusunu darmadağın etmək vaxtı artıq gəlib çatmışdı. Güclü Azərbaycan Ordusu düşməni döyüş meydanında rəzil etməyi bacardı. Şükürlər olsun ki, bu gün bir zamanlar işğalda olan torpaqlarımız azaddır. Hər birimiz bu günləri çoxdan gözləyirdik. Təbii ki, bu tarixi döyüşün iştirakçısı olmaq qürurvericidir. Oğullarımın hər biri gələcəyin əsgəridir. Bir ata üçün əsgər valideyni olmaqdan yüksək məqam yoxdur. Şəhidlərimizə rəhmət və qazilərimizə Allahdan şəfa diləyirəm. Onların hər birinin qəlbimizdə, tariximizdə xüsusi yeri var. Gələcək nəsillər bu oğulları özlərinə örnək biləcək və qəhrəmanlıq ənənələrimiz daim yaşayacaq!"
Əsgər Fərid Səmədov isə dedi: "Ordumuzun döyüş meydanında qazandığı ardıcıl qələbələr bir daha göstərdi ki, Azərbaycan əsgəri güclüdür, cəsurdur, Ali Baş Komandanın əmrinə hər zaman hazırdır. Döyüşlərdə düşmənin atdığı mərmilər yanımıza düşsə də, bölməmiz geriyə bir addım atmadı. Qorxu bilmədən döyüşlərə atılmışdıq. Döyüş meydanında çaş-baş qalan düşmən silah-sursatlarını atıb mövqeləri tərk edirdi. Müqəddəs amala doğru irəliləyirdik. Bu amaldan bizi heç bir kənar qüvvə döndərə bilməzdi. Nəhayət, savaşda məğlub olan rəqibimiz çıxış yolunu təslim olmaqda gördü. Tarixi ədalət bərpa olundu. Əzəli torpaqlarımız artıq işğalda deyil, azaddır. Xalqımız bu günü böyük səbirsizliklə gözləyirdi. Nəhayət, Şuşada, Kəlbəcərdə, Laçında, Füzulidə, Qubadlıda, Cəbrayılda, Zəngilanda, Ağdamda və digər yurd yerlərimizdə üçrəngli bayrağımız dalğalanır. Şəhidlərimizi unutmamalıyıq, qazilərimizi unutmamalıyıq. Qazanılan qələbədə onların çox böyük payı var. Yurdun yaşaması üçün canlarını fəda edənlər bu Vətənin bir parçasıdırlar. Onlar ən yüksək məqama və ehtirama layiqdirlər. Döyüşlər vaxtı şəhid olan dostlarımın ruhunu da ehtiramla anıram. Allahverdi Allahverdiyev, Müslüm Vəliyev və onlarla yanaşı hər bir şəhidimizin adı tarixə qızıl hərflərlə həkk olunub. Onlar daim bizim qəlbimizdə yaşayacaqlar".
Növbəti həmsöhbətimiz əslən Zəngilan rayonundan olan əsgər Faiq Açyevdir. Faiq qeyd etdi ki, qazanılan qələbənin əsasında Vətən sevgisi durur. "Hər birimiz döyüşlərdə böyük ruh yüksəkliyi ilə iştirak etdik. Müqəddəs döyüşdə qazanılan qələbə ilə şəhidlərimizin qisası alındı və ata-babalarımızdan bizə miras qalan müqəddəs torpaqlarımız Vətən torpağına birləşdi. Xalqımıza verilən zülmün, yaşadılan faciənin cəzası düşmənə Azərbaycan əsgəri tərəfindən artıqlaması ilə verildi. Döyüş tapşırığını alarkən həyəcanım sevincə qarışmışdı. İçimdə qeyri-adi hiss var idi. Komandirlərimizin yanımızda olması və bizə böyük ruh yüksəkliyi aşılaması bu gün də xatirimdədir. Geriyə yol yox idi, hər birimiz irəli getmək haqqında düşünürdük. Tarixi ərazilərimizdən düşməni təmizləmək haqqında düşünürdük. Uğurla yerinə yetirilən tapşırıqları böyük sevinclə qarşılayırdıq, qazandığımız qələbələrdən ruhlanırdıq. Şəhidlərimizin qisasını almaq üçün gecə-gündüz döyüşürdük. Xalqın dəstəyindən, Ali Baş Komandanın etimadından güc alırdıq. Bu döyüşdə təkcə düşmən deyil, bütün dünya Azərbaycan Ordusunun və onun şəxsi heyətinin gücünə bələd oldu. Fəxr edirəm ki, güclü ordunun tərkibində Vətən müharibəsinin iştirakçısı oldum”.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"