Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2021 12:00

Qələbəni xalqımıza yaşadan oğullarımız

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. 44 gün davam edən əks-hücum əməliyyatı müvəffəqiyyətlə başa  çatdı. Vətən müharibəsi Böyük Zəfərlə yekunlaşdı. Bu zəfəri bizə yaşadan cəsur oğullarımız qorxu bilmədən düşmən üzərinə irəlilədilər, şəhidlərimizin qisasını aldılar.
Vətən torpaqlarının azadlığı uğrunda başlayan döyüşlərdə kapitan Sənan Mustafayev də peşəkarlıq nümayiş etdirib. Gənc zabit Qazax rayonunun Qarapapaq kəndində dünyaya göz açıb. Dərsliklərdən erməni qəsbkarlarının xalqımızın başına açdığı əzab-əziyyətləri öyrəndikdən sonra Sənan hərbçi olmaq qərarına gəlib. 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində xidmətə başlayıb.
- Sentyabrın 27-dən komandanlığın əmrinə əsasən təyin edilmiş istiqamətlər üzrə hərəkətə başladıq, - deyə gənc zabit söhbətə başladı. - Səhər saatlarından etibarən dəqiq koordinatlar əsasında düşmənin dayaq məntəqələrini, postlarını, təminat yollarını və adsız yüksəkliklərdə yerləşən mövqelərini intensiv artilleriya atəşinə məruz qoyduq. Atəş nəticəsində düşmənin bir neçə artilleriya batareyasını, texnika və atəş mövqelərini, hərbi hissənin qərargahını, avtomobil parkını, əlahiddə bölmələrini və yaşayış məntəqələrini darmadağın etdik. İllərdir həsrətlə gözlədiyimiz döyüşlər zamanı şəhidlərimizin qisasını düşməndən aldıq.
Söhbətimiz zamanı kapitan Sənan Mustafayevin 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olduğunu öyrəndik.
Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa və şücaətə görə Sənan Mustafayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edildi.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"