Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2021 12:00

Bu gün mənimsənilən biliklər sabahkı uğurların təminatçısıdır

Müharibəni artilleriyasız təsəvvür etmək mümkün deyil. Zaman keçdikcə, insan zəkası elmin hüdudlarını aşdıqca, başqa sahələrlə yanaşı, artilleriya silahlarının da yeni növləri kəşf olunur. Yeni-yeni silah-sursatlar hərbi sərgilərə çıxarılır. Bu gün müasir artilleriya qurğuları, əvvəlki nəsillərə nisbətən daha da uzaq kilometrlərlə məsafədəki hədəfləri vurmağa qadirdir. Deməli, indi hərbçilərimiz zamanla ayaqlaşmalı, daha bilikli, daha zəkalı və daha hazırlıqlı olmalıdırlar ki, bu qurğuların sirlərini dərindən mənimsəsinlər, onlardan istifadə etməklə hədəfləri dəqiq vurmağı bacarsınlar və düşməni daha tez məhv etsinlər.
"N" hərbi hissəsində xidmət edən topçuların da məşğələlərdə əsas məqsədləri artilleriya qurğularının sirlərinə dərindən yiyələnmək, döyüş hazırlıqlarını daha da artırmaqdır.
Əsgərlərə məşğələ keçən leytenant Zülfəli Cabbarovla görüşüb söhbət etdik. Gənc zabit fərəh hissi ilə dedi ki, bu gün təlim keçən şəxsi heyət Vətən müharibəsinin iştirakçısıdır. "Onların kifayət qədər döyüş təcrübələri var. Topçularımız 44 gün ərzində ordumuzun üstünlüyü ilə davam edən döyüşlərdə üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldilər. Dəqiq atəş zərbələri ilə erməni qəsbkarlarının mövqelərini və dayaq məntəqələrini darmadağın etdilər. Müxtəlif istiqamətlərdə düşmən cəbhəsinin yarılmasında xüsusi fədakarlıq göstərdilər. İşğalçılar dəqiq atəş zərbələrimiz qarşısında çox dayana bilməyərək geri çəkildilər. 28 ildən bəri işğalda qalmış şəhər və kəndlərimizi ermənilərdən azad etdik. Vətən müharibəsində qazandığımız qələbələr qəhrəmanlıq tariximizin səhifələrinə böyük hərflərlə yazıldı. Çox sevinirik ki, düşmən üzərində qələbələrin qazanılmasında biz artilleriyaçıların da böyük rolu oldu. Döyüşlərdən uğurlarla qayıtsaq da, məşğələlərimizdən də qalmırıq. Qazanılan qələbələr bizi arxayınlaşdırmır.
Döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyətə məşğələlər keçirik. Vətən müharibəsi bir daha göstərdi ki, bilikli, təcrübəli və bacarıqlı olanlar qələbəni daha tez qazanırlar. Ona görə də çalışırıq ki, əsgərlərimizin döyüş hazırlığı yüksək səviyyədə olsun. Bacarıq və təcrübə isə təlim-məşqlərdə, dərslərdə qazanılır. Buna görə də məşğələlərin keçirilməsinə böyük önəm veririk. Bugünkü məşğələnin mövzusunu heyət nəfərlərinə nəzəri cəhətdən mərhələ-mərhələ izah edirik. Bir müddətdən sonra isə praktiki məşğələlərdə əsgərlərimiz həvəslə iştirak edir,  öz peşəsində uğur qazanmaq üçün mövzuları daha dərindən mənimsəyirlər.
- Təlim-məşqlərdən yorulmuruq, yaxşı bilirik ki, nə qədər bilikli və bacarıqlı olsaq, o qədər də hazırlıqlı olacağıq, - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elmin Məmmədov söhbətimizə qoşuldu. - Komandirlərimiz təlimlərin keçirilməsinə böyük məsuliyyətlə yanaşırlar. Çalışırlar ki, heyət nəfərləri artilleriya qurğularının sirlərini dərindən mənimsəsinlər. Mən də top komandiri kimi üzərimə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlməyə çalışıram. Məşğələ prosesində mövzuya uyğun olaraq artilleriya qurğularının taktiki-texniki xüsusiyyətlərini heyət nəfərlərinə həvəs və maraqla öyrədirəm. Daim döyüş hazırlığımızı, peşəkarlığımızı artırırıq. Yaxşı bilirik ki, döyüşdə qələbəni peşəkarlar qazanır.
Heyət nəfərlərindən Seymur Əlizadə, Taleh Rəhimli, İsgəndər Abdulrahmanov, Rövşən Həsənov, Natiq Məmmədov və başqaları ilə də söhbət etdik. Artilleriyaçılar yaxşı bilirlər ki, bu gün mənimsənilən biliklər sabahkı uğurların təminatçısıdır. Ona görə də təlim-məşqlərdə fəal iştirak edir, daim təcrübə və peşəkarlıqlarını artırırlar.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"