Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2021 12:00

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir

Aprelin 20-də Hacıqabul rayonuna səfər çərçivəsində bir sıra sosial obyektlərin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
Müsahibəsində ölkə başçısı işğaldan azad olunan ərazilərdə gedən minatəmizləmə prosesindən söz açıb. "Çalışacağıq, bütün güclərimizi maksimum səfərbər edək ki, minatəmizləmə işləri sürətlə getsin. Eyni zamanda, həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə Nazirliyi təmizləyib".
İşğaldan azad olunan ərazilərdə aparılan əsas infrastruktur layihələrinə toxunan Prezident İlham Əliyev bildirib ki, biz erməni vəhşiliyini heç vaxt unutmayacağıq. "Bu gün Ermənistanda böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın. Biz heç vaxt unutmamalıyıq. Biz bunu heç vaxt bağışlamayacağıq. Bunu hər kəs bilsin. Amma bununla paralel olaraq, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq".
Dövlət başçısı "İsgəndər - M" raketi ilə bağlı verilən suala da aydınlıq gətirərək qeyd edib ki, Ermənistan ordusunda bu tip raketlər ola bilməzdi. "Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur. Əlbəttə ki, bu, xoşagələn vəziyyət deyil. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir. Ancaq "İsgəndər-M" raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək".
Prezident İlham Əliyev onu da bildirib ki, "İsgəndər-M" raketləri ilə bağlı məsələyə aydınlıq gətiriləcək. "Biz ümid edirik ki, "İsgəndər-M" raketləri ilə bağlı məsələyə aydınlıq gətiriləcək. Çünki onlar Qənimətlər Parkında nümayiş etdirilir. Bunu inkar etmək, sadəcə olaraq, mümkün deyil. Hər halda, biz öz prinsipial mövqeyimizi bundan sonra da nümayiş etdirəcəyik. Azərbaycan xalqı bütün vacib məsələlərlə bağlı dolğun məlumat alacaq, necə ki, bu günə qədər alıb. Necə ki, Ermənistandan fərqli olaraq bu müharibə dövründə mən tam həqiqəti demişdim. İndi isə Ermənistan rəhbərləri susurlar. Onlara sual veriləndə ki, siz "İsgəndər-M" raketlərindən istifadə etmisiniz? Susurlar. Ağızlarına su alıblar. Halbuki biz bilirik ki, necə atılıb, nə vaxt atılıb və daha çox şey bilirik".
Sonda dövlət başçısı vurğulayıb ki, biz bir çox şeyləri bilirik, sadəcə olaraq, lazım olan vaxtda və məqamda bəzi şeyləri açıqlayırıq. "Bugünkü məlumat Azərbaycan ictimaiyyətinə ilk dəfədir ki, çatdırılır. Belə məlumatlar bizdə çoxdur. Ona görə hesab edirəm ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar. Çünki səmimiyyət və dostluq qarşılıqlı olmalıdır".

"Azərbaycan Ordusu"