Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2021 12:56

Güclü ordunun güclü əsgərləriyik!

Fiziki hazırlıq şəxsi heyətə xidmətini fəal təşkil etməkdə mühüm rol oynayan, döyüşdə qələbəni şərtləndirən və sürətləndirən amillərdəndir. 44 günlük Vətən müharibəsini qələbə ilə sonlandıran Azərbaycan Ordusunda döyüş hazırlığının yüksəlməsinə yönəlik görülən işlər bu gün də davam etdirilir. Yüksək döyüş hazırlığını təmin edən faktorlardan biri fiziki hazırlıqdır ki, ordumuzda (dünyanı cənginə alan pandemiyanın şərtləri qorunmaqla) bu hazırlığa böyük diqqət ayrılır. Keçirilən fiziki hazırlıq məşğələləri ilə əsgərlərimizin sağlamlığı möhkəmlənməklə yanaşı, ordumuzun döyüş qabiliyyəti də yüksəlir.
"N" hərbi hissəsində zabit İsmayıl Hüseynovla idman şəhərciyində söhbətləşdik. Şəxsi heyətin səliqəli şəkildə idman qurğularında normativləri yerinə yetirməsinin şahidi oluruq ki, bu da bölmədə fiziki hazırlığa ayrılan diqqətin bariz nümunəsidir. Günün nizam qaydalarına uyğun olaraq keçirilən fiziki hazırlıq məşğələsinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nemət Seyidli rəhbərlik edirdi. Dərsə mane olmadan, şəxsi heyətin turnik, paralel qollar və pres qurğularında yerinə yetirdiyi çalışmaları izlədik. Zabit İsmayıl Hüseynov bildirdi ki, məşğələdə iştirak edən şəxsi heyətin əksəriyyəti Vətən müharibəsinin iştirakçısıdır. Məşğələ başa çatdıqdan sonra Nemət Seyidli bildirdi ki, əsgərin fiziki hazırlığı onun xidməti dövründə fəaliyyətini düzgün, çevik və operativ təşkil etməsində mühüm rol oynayan aspektlərdəndir. "Döyüşdə uğur qazanmaq əsgərlərin fiziki hazırlığından da asılıdır ki, Azərbaycan əsgəri öz yenilməzliyinin möhürünü 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə vurdu.
Tapşırıqların cəld və maneəsiz icra edilməsi üçün fiziki göstəricilər yüksək olmalıdır. Döyüşlərdən əvvəl olduğu kimi, bu gün də komandirlərimizlə amalımız birdir - Vətənə sədaqətlə xidmət etmək.  Vətən müharibəsi zamanı hər birimizin bir istəyi var idi - torpaqlarımızı işğaldan azad etmək. Döyüşlərdə güclü ordunun güclü əsgəri düşməni darmadağın etdi. Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına Böyük Qələbəni qazandıq. Artıq şəhidlərimizin ruhu şaddır. Vətən naminə gərgin döyüşlərdə iştirak etdiyim, qazanılan qələbədə pay sahibi olduğum üçün sevincliyəm. Döyüşlərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişəm”.
Həqiqi hərbi xidmətə Beyləqan rayonundan çağırılan əsgər Ramazan Həsənov bildirdi ki, döyüşdən əvvəl komandirlər onları hər an döyüşə hazır olmağa səsləyib və bildirib ki, hərbi biliyi və döyüş ruhu yüksək olan əsgər qazandığı uğurlarla komandirinə başucalığı gətirir. "Komandirlərimiz xidmətə gəldiyimiz ilk vaxtlarda bizlərə hər zaman deyirdi ki, müharibə hələ bitməyib, hər an döyüşə hazır olmalıyıq. Döyüşə mənəvi-psixoloji, fiziki, hərbi, elmi cəhətdən hazır olmağımızın vacibliyini komandirlərimiz hər zaman diqqətimizə çatdırır. Xidmətimiz boyunca onların keçdiyi dərsləri nəzəri və praktiki mənimsəyərək hərbi biliklərimizi artırdıq, özümüzü təkmilləşdirdik. Döyüşlərdə böyük həvəslə iştirak etdik, komandirlərimizin tapşırıqlarını uğurla yerinə yetirdik. Yaralananlar olsa da, bu bizim əhval-ruhiyyəmizi sarsıtmadı. Savaş meydanında gərək hər şeyə hazır olasan. Ölümü də gözə almışdıq ki, təki torpaq həsrətimiz sona yetsin. Şükürlər olsun ki, tarixi döyüşlərin iştirakçısı oldum.
Fiziki göstəricilərin vacibliyini əlverişsiz hava şəraiti və çətin relyefdə daha dərindən hiss edirsən. Hərbi əməliyyatlar zamanı çevik olmalı, verilən tapşırıqları operativ icra etməlisən ki, bunun da əsasında yüksək fiziki hazırlıq durur”.
Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılan əsgər Yavər Sadıqov güləşlə məşğul olub. Hərbi xidmətə çağrılmamışdan əvvəl yaşıdları arasında klassik güləş üzrə keçirilən yarışda respublika ikincisi olub. "İdman gündəlik həyatımızın tərkib hissəsi olmaqla yanaşı, hərbi xidmətin də vacib elementlərindən biridir. Çünki insanın gümrahlığını təmin edən amil məhz idmandır. Mülki həyatda fiziki göstəricilərimi daim diqqətdə saxlamağa çalışmışam. Bu gün ordu sıralarında da müntəzəm məşqlərimə davam edirəm. Komandirlərim sağ olsun, fiziki hazırlıq məşğələlərindən savayı, asudə vaxtlarımızda da idman şəhərciyində məşq etməyimə icazə verirlər. Burada fiziki göstəricilərimizi nəzarətdə saxlaya bilməyimiz üçün yüksək şərait yaradılıb. Bir neçə ay bundan əvvəl döyüşlərdə düşməni ağır məğlubiyyətə uğradan hərbi hissənin sıralarında bu gün xidmət etməklə qürur duyuram”.
Digər əsgərlər Səbuhi Yusifov, Səddam Hüseynov, Ruslan Nəhmətullayev və Rafiq Məmmədov da fiziki hazırlığın vacibliyindən söz açdılar və qeyd etdilər ki, Azərbaycan əsgəri düşməni istənilən göstəricidə qabaqlayır. Bunun nəticəsidir ki, illərdir öz yerlərində "möhkəmlənən" düşmən rəşadətli Azərbaycan Ordusunun qarşısında cəmi 44 gün tab gətirdi.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"