Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2021 12:56

“Sağlam qidalanma vacib şərtlərdəndir”

Dünyanın ən güclü ordularından biri olan Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı ilə yanaşı, sosial-məişət şəraitinə də rəhbərlik tərəfindən daim diqqət yetirilir. Bunun bariz nümunəsi olaraq müasir standartlara cavab verən hərbi hissələrin tikilərək Vətəni qoruyanların istifadəsinə verilməsini misal göstərmək olar.
"N" hərbi hissəsində şəxsi heyət  nahar yeməyinə hazırlaşırdı. Zabit Qafqaz Əsgərovla birlikdə əsgər yeməkxanasında yaradılan şəraitlə yaxından tanış olduq. Yeməkxananın səliqə-sahmanı, təmizliyi diqqətimizdən yayınmadı. Geniş və işıqlı zalda əsgərlərimizin rahat qidalanması üçün hər cür imkan yaradılıb.
İlk həmsöhbətim baş aşpaz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nadir Kazımov şəxsi heyət üçün hazırlanan yeməklərin keyfiyyətindən danışaraq qeyd etdi ki, əsgərlərimizin döyüş ruhunun yüksək olması üçün düzgün və sağlam qidalanma vacib şərtlərdəndir. "Məhz buna görə ordu rəhbərliyinin təşəbbüsü ilə qida rasionunda və hazırlanan yeməklərin keyfiyyətinin daha da yaxşılaşdırılmasında köklü dəyişikliklər edilib. Ərzaqlarımız müasir avadanlıqlarla təchiz edilmiş soyuducu kameralarda saxlanılır. Əlavə olaraq, gigiyena qaydalarına da ciddi şəkildə əməl olunur."
Mülki işçi Murad Alıyev dövlətimizin orduya olan diqqət və qayğısından söz açaraq qeyd etdi ki, yaradılan müasir şərait şəxsi heyətə xoş əhval-ruhiyyə aşılayır. "Hər kəs göstərilən diqqət və qayğıdan ilham alaraq Vətən qarşısında müqəddəs övladlıq borcunu daha böyük məsuliyyət hissi ilə yerinə yetirir. Onların nümunəvi xidmət etmələri üçün hərbi hissəmiz ən son müasir avadanlıqlarla təchiz edilib."
Aşpaz Minarə Əbdürrəhmanova əsgərlərimiz üçün dadlı və ləzzətli yeməklər hazırladıqlarını, onlara öz doğma övladları kimi qulluq etdiklərini bildirdi. "Yeməkxanaya daxil olan hər bir əsgəri öz balam, övladım bilirəm. Əgər onlar iştahla qidalanırsa, üzlərində razılıq hiss edirəmsə, mən də özümü xoşbəxt sanıram. Çünki onlar müqəddəs bir vəzifəni yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdilər. Bizlərə qələbə sevincini bəxş edərək Vətən, torpaq həsrətimizə son qoydular. Biz də öz növbəmizdə bu sevinci bəxş edən oğullarımıza xidmət etməkdən qürur duyuruq."
Sonra masalara yaxınlaşıb iştahla nahar edən əsgərlərimizin fikirlərini öyrəndik. Əsgərlər Vahid Tağıyev, Əmrah Şabiyev, Əzizulla Ələkbərov və digərləri hər gün bişirilən xörəklərin dadlı və ləzzətli hazırlanmasından, yeməklərin keyfiyyətindən razılıq etdilər. Onlar göstərilən diqqət və qayğıya cavab olaraq öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə, verilən tapşırıqları məsuliyyət hissi ilə yerinə yetirməyə çalışdıqlarını bildirdilər. Ölkə və ordu rəhbərliyi tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunan Vətən müdafiəçiləri istənilən döyüş tapşırığını Aprel və Tovuz döyüşlərində, eləcə də Vətən müharibəsində olduğu kimi, uğurla yerinə yetirmək əzmindədirlər.

Elçin İMANOV, "Azərbaycan Ordusu"