Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2021 12:56

Tarixi zəfər qazanıldı

2020-ci il bizim üçün unudulmaz tarixlərdən biri olaraq qalacaq. Bu il gücümüzün, birliyimizin, səbrimizin, əzmkarlığımızın vəhdətiylə bizə qələbə sevincini yaşatdı. Bu zəfər dastanı hələ uzun illər danışılacaq, dildən-dilə gəzəcəkdir. Məhz həmin tarix Azərbaycan haqda düşünülən fikirlərin köklü surətdə dəyişməsinə səbəb oldu.
Türk elinin keçmişi qədim tarix kitablarının səhifələrini bəzəyərkən, ermənilər tarixi saxtalaşdırmaqla məşğuldur. Əlbəttə, bu yalanlara ermənilərin özündən başqa inanan yoxdur. Bununla onlar təsəlli tapır, eyni zamanda, Azərbaycanın əzəli torpaqlarını özününküləşdirməyə çalışırlar. Lakin nə qədər saxtakarlıqlara əl atsalar da, tarix heç bir səhvi unutmur. Ermənilərin xalqımıza qarşı törətdiyi yalnız qırğınlar və misli olmayan vəhşiliklərdir.
Birinci Dünya müharibəsi dövründə ermənilərin "hərbi lider"lərindən olan Andranik Şərqi Anadoluda, Şimali və Cənubi Azərbaycanda insanlığa yad işgəncələrlə türkləri qətlə yetirən canidir. Andranik tabeliyində olan  erməni dəstələri ilə 22 iyun 1918-ci ildən etibarən Culfa, Naxçıvan, Ordubad vilayətlərində türk kəndlərinə basqınlar edərək xalqı qətlə yetirməyə başladılar. Qarabağ bölgəsindəki ermənilərin də dəstəyiylə 700 piyada və 400 süvaridən ibarət ağır silahlar da daxil olmaqla təchizatlı bir qüvvə ilə 22 avqust 1918-ci ildən etibarən bölgədəki türklərə qarşı hücumlara başladılar. Erməni dəstələri heyvanları məhv edir, evləri, məscidləri, məktəbləri yandırıb yerlə-yeksan edirdilər. Qırğın xəbərlərinin ardınca Şuşada bir heyət toplandı. Həmin heyət ərazidə sakitliyin təmin edilməsi və erməni qruplaşmalarının qarşısını almağa çalışdı. Ancaq bu addım heç bir fayda vermədi. Vəziyyət belə olduqda, Türk Qafqaz İslam Ordusundan kömək istənildi. Əks halda, Qarabağ ərazisində yaşayan türklər tamamilə qətlə yetiriləcəkdi. Türk Qafqaz İslam Ordusunun I Azərbaycan Diviziyası Şuşa və Qarabağda apardığı əməliyyatlarda erməni təcavüzünə məruz qalan 20000 türkü xilas etdi. Bununla da Andranikin qoşunlarının qarşısı alınaraq erməni dəstələri zərərsizləşdirildi.
Erməni vəhşilikləri yalnız Şimalda deyil, Cənubi Azərbaycanda da yayılmaqdaydı. I Dünya müharibəsi dövründə erməni silahlı dəstələri tərəfindən Urmiya, Xoy, Maku, Salmas və digər Azərbaycan şəhərlərində 150-200 min müsəlman və türk faciəvi şəkildə qətlə yetirildi.
Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində belə deyir: "Onlar İrəvanın tarixi hissəsini məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o cümlədən mənim ulu babalarım”.

Hüsniyyə İDRİSOVA, BSU-nun IV kurs tələbəsi