Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2021 12:56

Nizam-intizam sıradan başlayır

Ötən il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanımızın əmrinə əsasən rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı yağılardan azad etmək üçün əks-hücum əməliyyatına başladı. Döyüşlərin ilk günündən etibarən cəsur döyüşçülərimiz ard-arda torpaqlarımızı azad etməyə başladılar. 44 gün davam edən müharibədə düşmən qüvvəsi darmadağın edildi. Qəhrəman oğullarımızın mətin addımlarla irəliləməsini görən xain düşmən isə döyüş meydanından silah-sursatlarını ataraq qaçmaq məcburiyyətində qaldı. Bunun nəticəsidir ki, torpaqlarımızın hər bir qarışı işğaldan azad edildi və şəhidlərimizin qanı yerdə qalmadı.
"N" hərbi hissəsində şəxsi heyətin sıra hazırlığı məşğələsinin gedişatı ilə yaxından tanış olduq. İzlədiyimiz dərs prosesindən zövq aldıq. Bir anlıq qızğın döyüşlərdən qələbə ilə dönən igidlərimizin hərbi paradda mətin addımlarla irəliləməsini xatırladıq... Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təbriz Qiyaszadənin "Əsgər Əliyev sıradan çıx" komandası bizi o sevincli günün xatirəsindən ayırdı. Məşğələ rəhbərinin verdiyi bütün komandaları əsgərlərimiz heç bir çətinlik çəkmədən asanlıqla icra edirdilər. Əsgərlərin nizami addımlarla hərəkəti, rəisə yaxınlaşmaları və uzaqlaşmaları, həmçinin hərbi salam vermələri şəxsi heyətin nizam-intizamlı olmasından xəbər verirdi. Dərs prosesi bitdikdən sonra həmsöhbət olduğumuz Təbriz Qiyaszadə bildirdi ki, nizam-intizam birinci növbədə sıradan başlayır. "Məhz bu səbəbdən də komandanlığın təsdiq etdiyi günün nizam qaydasına uyğun olaraq, hər gün sıra meydanında sıra hazırlığı ilə məşğul oluruq. Bu məşğələ hərbi qulluqçuların silahsız və silahla sıra hərəkətlərini bölmə və hissələrin piyada və nəqliyyat vasitələrində sıralarını, əsgəri salamlaşma qaydalarını, sıra baxışının keçirilməsini, hərbi hissənin Döyüş Bayrağının sırada vəziyyətini, onun çıxarılmasını və qaytarılmasını, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borclarını, sıra hazırlığına olan tələbləri, habelə yerdəyişmə qaydalarını müəyyənləşdirir".
Gördüklərimiz onu deməyə imkan verir ki, Təbriz kifayət qədər bacarıqlı, savadlı və  seçdiyi şərəfli hərbçi peşəsinə ürəkdən bağlıdır. O, dərs prosesində əsgərlərə hərbi bilikləri hərtərəfli öyrətməyə çalışırdı. Hər bir elementi öncədən özü icra edir, ətraflı izah etdikdən sonra isə şəxsi heyətə komanda verirdi.
"Ali Baş Komandanımızın rəhbərliyi ilə başlayan Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan əsgərinin necə nizam-intizamlı və döyüş qabiliyyətli olmasının şahidi oldu. Haqq savaşımızda heç kim geriyə çəkilmədi. Düşməndən torpaqlarımızı azad etdik və qisasımızı aldıq. Düşmənin illərdir möhkəmləndirdiyi postlarını, mövqelərini, səngərlərini darmadağın etdik. İllərdir həsrətlə gözlədiyimiz döyüşlərin xidməti dövrümə təsadüf etdiyi üçün sevincliyəm. Qürur hissi ilə deyə bilirəm ki, dədə-baba yurdumuzun mənfur düşməndən azad edilməsində mənim də payım var", - deyə Təbriz bildirdi.
Əsgər Asiman İsayev ordu sıralarına İsmayıllı rayonundan çağırılıb. O, komandirinin öyrətdiyi sıra hərəkətlərinin bütün elementlərini asanlıqla icra edirdi. "Təcrübəli komandirlərimizin sayəsində hərtərəfli hazırlıqlıyıq. Onların köməyi və dəstəyi nəticəsində heç bir çətinlik hiss etmirik. Verilən bütün əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetiririk. Keçirilən məşğələlər zamanı fiziki, döyüş və atəş hazırlığımızı daim yüksək səviyyədə saxlayırıq. Bunun nəticəsidir ki, torpaqlarımızı yağılardan azad etdik. Bu gün qürurluyam ki, mən də haqq savaşımızın iştirakçısı oldum. Xidmətimi bitirdikdən sonra ailəmin yanına başıuca qayıdacağam".
Əsgər Yaşa Əhmədov da xidmət yoldaşının sözlərinə qoşularaq bildirdi ki, onların hərtərəfli hazırlıqlı olmasının səbəbkarı komandirləridir. "Bizlərə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün heç bir çətinlik çəkmədən istənilən tapşırığı icra edə bilirik. Bunun üçün komandirlərimizə dərin minnətdarlığımızı bildiririk. Keçirilən dərslər və təlimlər zamanı komandirlərimizin bizlərə aşıladıqları hərbi biliklər sayəsində döyüş meydanında düşmənə göz açmağa imkan vermədik.  Ali Baş Komandanımızın rəhbərliyi altında keçirilən əks-hücum əməliyyatı ilə işğalda olan bütün torpaqlarımız azad edildi. Əlbəttə, bir əsgər olaraq mən də sevinirəm ki, Vətən müharibəsinin iştirakçısı oldum. Hər zaman da çalışacağam ki, Vətənimə layiqli əsgər, layiqli vətəndaş olum".
Əsgərlər Mehman Abbasov, Kənan Qurbanov və digərləri də qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlirlər. Onlar da Vətən müharibəsinin qürurlu günlərindən uzun uzadı söhbət etdilər. Söhbətimiz zamanı onların hər birinin  ürəklərində sonsuz Vətən sevgisi olduğuna bir daha əmin olduq.

Orxan HÜSEYNLİ,  "Azərbaycan Ordusu"