Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2021 12:56

“Həkimlərimizin peşəkarlığından çox razıyam”

Vətən müharibəsində qazanılan qələbədə hər bir azərbaycanlının əməyi danılmazdır. Döyüş meydanında düşmənə qarşı Azərbaycan əsgəri, hospitallarda həkimlər, dezinformasiyaya qarşı isə jurnalistlər mübarizə aparırdılar. Hər kəs Ali Baş Komandanın ətrafinda bir yumruq kimi birləşib, illərdir işğalda olan ərazilərimizin azadlığı uğrunda mübarizə aparırdı. Hamı "Qarabağ Azərbaycandır!" şüarı altında üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır. Bütün bunların başında isə hər bir azərbaycanlının qəlbində olan Vətən sevgisi dayanırdı. O sevgi ki, bizə qələbə sevincini yaşatdı.
Bu düşüncələrlə "N" hərbi hissəsinin nəzarət-buraxılış məntəqəsinə yaxınlaşdıq. Bizi kapitan Rüfət Quliyev qarşıladı. Gəlişimizin məqsədini rəhbərliyə bildirdikdən sonra yollanırıq hərbi hissənin tibb məntəqəsinə. Vətən müharibəsindən danışan kapitan Rüfət Quliyev bildirdi ki, tibb məntəqəsində xidmət edən personal yaralı hərbçilərimizə ilkin tibbi yardımın göstərilməsində, onların döyüş meydanından çıxarılmasında fəal iştirak edib. Danılmaz faktdır ki, savadlı və təcrübəli həkimlərimizin vaxtında etdiyi tibbi müdaxilələr sayəsində yüzlərlə hərbi qulluqçumuzun həyat və sağlamlığı qorunub.
Tibb məntəqəsinə daxil olarkən bir əsgərin müayinə edildiyinin şahidi olduq. Hərbi hissədə xidmət edən əsgərlərdə hər hansı bir narahatçılıq aşkar edildikdə dərhal tibb məntəqəsinə yönləndirilirlər. Məntəqədə ilk olaraq əsgərlərin şikayəti öyrənilir, müəyyən qeydlər aparılır. Sonra xəstənin qan təzyiqi, bədən hərarəti ölçülür və əsgərin ciyərləri dinlənilir. Əgər ehtiyac olarsa, xəstə dərhal hərbi hospitala təxliyə edilir.
Müayinə bitdikdən sonra öyrəndik ki, tibb xidməti leytenantı Tağı Tağızadə, sanitar təlimatçı kiçik çavuş İbrahim Pirvələdov və baş tibb bacısı kiçik çavuş Günəş Əlimova Vətən müharibəsinin iştirakçılarıdırlar.
Kapitan Rüfət Quliyev bildirdi ki, tibb xidməti leytenantı Tağı Tağızadə Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə əsgərlərimizin sağlamlığının keşiyində dayananlardandır. Zabit şahidi olduğu hadisə haqqında danışdı: "Düşmən minaatan qurğulardan aramsız atəş açırdı. Ancaq qəhrəman əsgərlərimiz yalnız irəliləməyi, düşmənin qurğularını susdurmağı istəyirdilər. Bu zaman yaxınlıqda partlayan minaatan mərmisinin qəlpəsi hərbi qulluqçulardan birini yaraladı. Tibb xidməti leytenantı Tağı Tağızadə yubanmadan yaralıya doğru irəlilədi və ona ilkin tibbi yardım göstərdikdən sonra döyüş meydanından təxliyə olunmasına köməklik göstərdi".
- Hərbi həkim olmaq ikiqat məsuliyyət tələb edir, - deyə tibb xidməti leytenantı Tağı Tağızadə söhbətə başladı. - Ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı bunu bir daha sübut etdi. Döyüşlər zamanı qarşımızda duran əsas vəzifə yaralı hərbi qulluqçularımıza vaxtında ilkin tibbi yardım göstərmək və döyüş meydanından təxliyə etmək idi. Hər birimiz düşmənə qalib gəlmək üçün əlimizdən gələni əsirgəmədik. Sevinirəm ki, qazanılan qələbədə mənim də payım var. Fəxr edirəm ki, qalib ordunun hərbi qulluqçusuyam.
Kiçik çavuş İbrahim Pirvələdov və kiçik çavuş Günəş Əlimova əsgərlərin müalicəsindən, xəstəliklərin qarşısının alınmasından danışaraq dedilər ki, mütəmadi olaraq profilaktik işlər aparılır. "Mövsüm dəyişikliyi və son vaxtlar dünyada koronavirusun yayılması işimizə ikiqat məsuliyyətlə yanaşmağı tələb edir. Şəxsi heyətin gigiyenasını, geyimini, qidalanmasını diqqət mərkəzində saxlayır, əsgər yataqxanaları, yeməkxana, xidməti otaqlar və ərazi dərman preparatları ilə dezinfeksiya edilir. Çalışırıq ki, daima əsgərlərimizin sağlamlığını diqqət mərkəzində saxlayaq".
Tibb personalının işindən razılıqla danışan əsgər Ruslan Babaverdiyev dedi: "Xidmətim müddətində ilk dəfədir tibb məntəqəsinə müraciət edirəm. Burada bizim üçün yaradılan şəraitdən, həkimlərimizin peşəkarlığından çox razıyam. İnanıram ki, tez bir zamanda sağalıb, xidmət yerimə geri dönəcəyəm".
Hərbi hissənin tibb məntəqəsində olduğumuz müddətdə bir daha şahid olduq ki, əsgərlərimizin sağlamlığı əmin əllərdədir. Hərbi həkimlərimiz bunun üçün bütün imkanlardan və vasitələrdən məharətlə istifadə edirlər.

Ruslan HƏSƏNZADƏ,
"Azərbaycan Ordusu",
foto
C.CƏFƏROVUNDUR