Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2021 12:56

Əlli yaşlı hərbi lisey

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 14 aprel 2021-ci il tarixli Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Müdafiə naziri tərəfindən tədbirlər planı imzalanıb.
Plana əsasən bu gündən etibarən müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar silsilə tədbirlərə start verilib.
Azərbaycan Hərb Tarixi Muzeyində Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbir açıq elan olunduqdan sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə hərbi liseyin tarixindən söz açaraq dedi ki, Cəmşid Naxçıvanski adına hərbi lisey Azərbaycanın hərb tarixində özünəməxsus yer tutan təhsil ocağıdır. Bu gün 50-ci ildönümünü qeyd etdiyimiz  məktəb Azərbaycan Silahlı Qüvvələri üçün hərbi kadr hazırlığının beşiyi hesab edilir. Gələcəyin zabitləri burada hərbi intizamı öyrənir, sıra hazırlığını və başqa vərdişləri mənimsəyirlər.  
Cəmşid Naxçıvanski adına hərbi liseyi haqlı olaraq Heydər Əliyev məktəbi adlandırırlar. Bu ibtidai hərbi təhsil ocağının yaradılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Hələ sovet dövründə Azərbaycanın rəhbəri olmuş Heydər Əliyev böyük uzaqgörənliklə ölkəmizdə gənclərin hərbi təhsilə yönləndirilməsi üçün çox möhtəşəm iş görmüşdür. Ümummilli Lider azərbaycanlı gənclərin hərbi xidmətə marağının artırılması və onların keçmiş ittifaqın ordusu sıralarında ölkəmizi layiqincə təmsil etməsi üçün 1971-ci ildə bu məktəbin yaradılmasına nail oldu.
Keçmiş SSRİ rəhbərliyi səviyyəsində bu işə maneələr olmasına baxmayaraq, Azərbaycan rəhbərliyi 20 iyul 1971-ci ildə "İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında" qərar qəbul etdi. Hərbi təmayüllü məktəb Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradıldı və təhsil ocağına diviziya komandiri general Cəmşid Naxçıvanskinin adı verildi.
Respublika rəhbərliyinin qayğısı ilə 1976, 1978 və 1981-ci illərdə məktəbin maddi-texniki bazasının genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edildi və həyata keçirildi. Məktəb Azərbaycanda hərbi peşənin nüfuzunun artmasında və gənclərimizi bu peşəyə yiyələnməyə həvəsləndirmək işində mühüm rol oynadı.
1993-1995-ci illərdə ordu quruculuğu sahəsində görülmüş mühüm tədbirlər nəticəsində vəziyyət köklü şəkildə dəyişdi. Hərbi təhsil sistemi sahəsində islahatlar aparılmağa başlandı. 24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə məktəbin adı dəyişdirilərək C.Naxçıvanski adına hərbi lisey adlandırıldı. 1998-ci ilin martında isə hərbi liseyin ümummilli lider Heydər Əliyevin adını daşıyan Naxçıvan filialının açılması haqqında sərəncam verildi.
Bu günə kimi Cəmşid Naxçıvanski adına hərbi liseyi 12 min nəfərədək kursant bitirib. Silahlı Qüvvələrimizdə xidmət edən yüzlərlə zabit, ondan artıq general hərb sənətinin əlifbasına bu məktəbdə yiyələnib.
Məktəbin yetirmələrindən 11 nəfər hərbçi Qarabağ müharibəsindəki şücaətinə görə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb, xeyli sayda zabit müxtəlif orden və medallarla təltif olunub.
Hərbi lisey əsaslı təmirdən sonra yenə də qapılarını yetirmələrinin üzünə açıb. Təhsil ocağında təlim prosesi gündən-günə təkmilləşdirilir, tədris bazası müasir tələblərə cavab verir.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan əsgərlərini Qələbəyə aparan liseyi bitirmiş zabitlər hərb tariximizə şanlı səhifələr yazıblar.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda məktəbin hərb tariximizdə və ordu quruculuğu prosesindəki yeri yüksək qiymətləndirilir. Liseyin yetirmələri müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr vermiş, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə həmişə ön cəbhədə vuruşmuşlar. Hərbi liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirirlər.
Çıxışlar başa çatdıqdan sonra liseyin yaranması tarixindən və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş olundu.
Yubiley münasibətilə liseyin məzunu olmuş bir neçə hərbi qulluqçuya fəxri fərman təqdim olundu.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistləri Fərman Əsgərov, Kəmalə Xəlilova və Nərgiz Quluyeva vətənpərvərlik mahnıları ifa etdilər.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"