Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Aprel 2021 11:45

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq  üçün kömək)
                                                                   
Mövzu:  Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir.

Suallar:
1. Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir.
2. Müasir Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin əsəridir.

 

Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir


Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Tarix göstərir ki, xalq üçün yaşayanlar, qurub-yaradanlar, həyatlarını onun yolunda məşəl kimi yandıranlar ölmürlər, millətlə və xalqla birlikdə əbədi ömür sürürlər. Ulu öndər Heydər Əliyevin ömrü məhz bu cür məşəl kimi yanan həyatın bariz nümunəsi idi. Ulu Öndər həmişə deyirdi ki, milli ruhu və milli varlığı müdafiə, eyni zamanda mühafizə etməyin, milli maraqları gerçəkləşdirməyin ən uğurlu forması müstəqil milli dövlətdir. Odur ki, milli-mənəvi dəyərlərlə yanaşı, milli dövlətçiliyin də qorunmasını, inkişafinı və dünyaya inteqrasiyasını siyasi fəaliyyətinin əsas hədəfləri hesab etmiş, özünün mənalı ömrünü bütünlüklə bu məqsədlərə həsr etmişdir.
Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi ümummilli lider Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı  təcavüzlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik harizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur. Məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Ulu Öndərin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə ümummilli lider Heydər Əliyevin xidmətləridir.
Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də dahi şəxsiyyət ümummilli lider Heydər Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir.
Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları ilə ümummilli lider Heydər Əliyev torpağın şəxsi mülkiyyətə verilməsi ilə ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmiş oldu. Bu gün müxtəlif kənd təsərrüfatı komplekslərinin uğurlu fəaliyyəti onun aqrar siyasətinin parlaq təzahürüdür.
Ulu Öndərin vaxtilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə həyata keçirməyə başladığı müdrik siyasəti milli ordumuzun formalaşması və Azərbaycan Silahlı Qüvvələrinin yaradılması mərhələlərindən keçərək onun Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına gətirib çıxarmışdır.
Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində ümummilli lider Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik və “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq mədəni ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır.

 

Müasir Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin əsəridir



Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərmişdir. Ulu Öndərin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır.
Dahi ümummilli lider Heydər Əliyev Böyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı kimi tanıtmışdır. Onun beynəlxalq səfərləri, siyasi, ictimai və dini xadimlərlə görüşləri ölkəmizin yeni imicinin formalaşmasına xidmət edirdi.
Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində ümummilli lider Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz ümummilli lider Heydər Əliyev fəaliyyətinin nəticəsidir.
Ümummilli lider Heydər Əliyevin XX əsrdə totalitarizmin Azərbaycana qarşı törətdiyi faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi təcavüz kimi qiymətləndirməsi onun ömrü boyu sadiq qaldığı siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin yeni siyasi şəraitdə təcəssümü idi. Mövcud siyasi, iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün - 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə vermişdir.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk günlərdən təcrübəli siyasətçi, mahir diplomat kimi ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətə başladı. Həmin dövrdə Azərbaycanın silahlı qüvvələrinin böyük bir hissəsi ayrı-ayrı cinayətkar əllərdə cəmləşərək siyasi məqsədlərə, ölkə daxili çəkişmələrə, hakimiyyət uğrunda mübarizələrə cəlb edildiyi üçün, vətən torpağı müdafiəsiz qalmışdı, ərazilərimiz işğal olunurdu. İlk növbədə qeyri-qanuni silahlı dəstələr buraxıldı, siyasi təxribatların, dövlət çevrilişi cəhdlərinin qarşısı məharətlə alındı. Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks-hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Bu gün hamıya aydındır ki, o zaman müdrik dövlət başçımız tərəfindən bu taleyüklü addımlar atılmasaydı, Azərbaycan dövlətini yaratmaq da mümkün olmayacaqdı.
Bundan ötrü dünya miqyasında qəbul olunan və tətbiq olunan bütün variantları öyrənmək, onlardan bəhrələnməyi bacarmaq lazım idi. Ümummilli Liderimiz dövlətimizə fayda verə biləcək bütün mütərəqqi ideyaları Azərbaycanın reallığını nəzərə alaraq, ardıcıllıqla həyata keçirirdi. Azərbaycanı düçar olduğu bəlalardan qurtarmaq və onu dünyanın sivil ölkələri sırasına çıxarmaq üçün o, öz nadir intellektindən və tükənməz enerjisindən məharətlə istifadə edirdi. Bu bir həqiqətdir ki, millətin gücü və nüfuzu onu təmsil edən rəhbərin şəxsiyyətindən, diplomatiyasının səviyyəsindən birbaşa asılıdır. Dünyanın aparıcı dövlətlərinin respublikamıza marağı bir tərəfdən onun zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi ilə əlaqədar idisə, digər tərəfdən Ümummilli Liderimizin yürütdüyü praqmatik və iqtisadi cəhətdən perspektivli siyasətlə, bu siyasətin yaratdığı ictimai-siyasi sabitliklə bağlı idi. Artıq siyasi və iqtisadi islahatların aparılması və respublikamızın dünya birliyinə inteqrasiya olunması üçün hüquqi baza - konstitusiya yaradılmışdı. Azərbaycan ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə mütərəqqi beynəlxalq təcrübəyə əsaslanıb gələcəyə doğru inamla addımlayırdı.
Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan infilyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı ümummilli lider Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Dahi şəxsiyyət Heydər Əliyevin qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayda özəl telekanalların yayımlandığı və internet şəbəkəsi istifadəçilərinin sayının sürətlə artdığı bir ölkədir.
Ulu öndər Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydançasını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, yollar salınır. Ulu Öndərin ölkəmizin sürəkli tərəqqisini təmin edən irimiqyaslı proqramları bu gün də xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri olmuş, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermişdir. Tarixə Azərbaycan xalqının Ümummilli Lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: yaraşıqlı boy-buxun, təbəssüm və sərtliyi sintez edən sima, gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı! Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev atasından qalan nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyində tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Azərbaycanın dünyadakı nüfuzlu, vüsətli siyasi və iqtisadi yüksəlişi sübut edir ki, İlham Əliyev qalibiyyət əzmini dövlət idarəçiliyinin sarsılmaz baş xətti kimi inadkar bir inamla qoruyub saxlayır. Xalqın etimadına söykənən siyasi fəaliyyəti ilə ərazi bütövlüyümüzü bərpa etdi və eyni zamanda ölkəni ən qabaqcıl dövlətlər sırasına yüksəltməkdə davam edir. Məhz ümummilli lider Heydər Əliyevin xidmətləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, qanunun aliliyinin təmin edilməsi, dilindən, dinindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılıb.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi