Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2021 10:00

Vətənin fəxr etdiyi oğullar...

Qırx dörd gün davam edən Vətən müharibəsində zabit və əsgərlərimiz böyük qəhrəmanlıqla, hünərlə vuruşdular. Onlar döyüşlər zamanı düşmənə sarsıdıcı zərbələr endirərək yurdumuzu işğaldan azad etdilər. Adlarını hərb tariximizin səhifələrinə böyük hərflərlə yazdılar. Azərbaycan Respublkasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə zabit və əsgərlərimiz döyüşlərdə göstərdikləri hünər və rəşadətə görə müxtəlif orden və medallara layiq görüldülər.
Vətən müharibəsində göstərdiyi igidliyə və sücaətə görə orden və medallara layiq görülənlər sırasında mayor Mirdamət Səristan oğlu Bağıyevin də adı var. Bu qorxubilməz zabit ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsində göstərdiyi cəsarət və hünərə görə "Vətən müharibəsi qəhrəmanı" medalına layiq görülüb.
Döyüşlərdə fərqlənən mayor Mirdamət Bağıyevlə də görüşüb tanış olduq. Öyrəndik ki, mayor M.Bağıyev 1986-cı ildə Şamaxı rayonunun, sonralar Qobustan rayonunun ərazi vahidliyinə verilmiş Poladlı kəndində dünyaya göz açıb. Hələ kiçik yaşlarından hərbçi olmaq arzusu ilə yaşayan Mirdamət Bağıyev orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub.
Zabit M.Bağıyev hərbi təhsil ocağını artilleriyaçı kimi başa vurduqdan sonra "N" hərbi hissəsində taqım komandiri kimi xidmətə başlayıb. Elə ilk gündən bacarığı və çalışqanlığı ilə seçilib. Təlim və məşqlərdə fəal iştirak edərək daim döyüş hazırlığını daha da artırıb.
Aprel döyüşlərinin iştirakçısı olan Mirdamət Bağıyev maraqlı söhbəti ilə həmin günlərə cığır açdı:
- Aprelin 1-də "həyəcan" çağırışı ilə şəxsi heyəti ayağa qaldırdılar. Elan olundu ki, erməni qəsbkarları atəşkəs rejimini pozaraq postlarımıza basqın ediblər. Düşmən hücumunun qarşısını almaq üçün komandanlığın tapşırığı ilə şəxsi heyət Talış kəndi istiqmətində irəliləyib mövqe tutdu. Sonra verilən döyüş tapşırığına uyğun olaraq düşməni məhv etmək üçün döyüşlərə atıldıq. Qəsbkarlar irəliləməyə can atırdılar. Bir istiqamətdən qarşıları alınanda, ermənilər başqa səmtdən mövqelərimizə hücum edirdilər. Aprelin 2-də, döyüşlərin qızğın çağında çiynimdən yaralandım. Amma yaralandığımı şəxsi heyətə bildirmədim. İstəmədim ki, əsgərlər yaralandığımı bilib ruhdan düşsünlər. İlkin tibbi yardımdan sonra döyüşə davam etdim. Nə qədər çətin olsa da, vuruşdum. Aprelin 3-də düşmənin içi şəxsi heyətlə dolu olan bir "Cip" minik maşınını, 3 yük avtomobilini vurduq. Həmin gün yaxınlığımıza düşmən mərmisi düşdü. Özümüzü qəlpələrdən qorusaq da, xəta yan keçmədi. Qəlpə gözümü zədələdi. Ertəsi gün isə səhər-səhər ermənilərin 9 tankını partlatdım. Atəşkəs elan olunana qədər daha bir zirehli texnikasını sıradan çıxartdım. Ayın 7-nə qədər mövqeyimizdə qaldım. Rəhmətlik general-mayor Polad Həşimov yaralandığımı bilib aşağı enməyimə göstəriş verdi. Bir müddət müalicə olundum. Həkimlərin səyi nəticəsində sağlamlığımı bərpa etdim.
Aprel döyüşlərində göstərdiyi igidliyə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə zabit Mirdamət Bağıyev "Vətənə xidmətə görə" ordeninə və "İgidliyə görə" medalına layiq görüldü.
Mayor Mirdamət Bağıyev Vətən müharibəsində də böyük cəsarətlə vuruşdu, üzərinə düşən tapşırıqların öhdəsindən layiqincə gəldi. Onun tabeliyində olan şəxsi heyət Talış və Suqovuşan kəndlərinin azad edilməsində yaxından iştirak etdi. Qırx dörd gün davam edən qanlı döyüşlərdə təcrübəli zabitin də iştirakı ilə düşmənin 32 tankı, 6 avtomobili vurulub məhv edildi. Təəssüflər olsun ki, bu döyüşlərdə hərbi hissənin cəsarətli gizirlərindən iki nəfəri - Aslan Hüseynov, Ruslan Şahbazov və əsgər Abdulla Əhmədov şəhid oldular. Sonra həmin gizirlər göstərdikləri qəhrəmanlığa görə ölkə başçısının sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeninə, əsgər isə "Vətən uğrunda" medalına layiq görüldülər.
Mayor Mirdamət Bağıyev cəsarət və hünəri ilə Vətən müharibəsinin qəhrəmanlarından birinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə döyüşlərdə göstərdiyi hünərə və sücaətə görə "Vətən müharibəsi qəhrəmanı" adına layiq görüldü. Vətən belə cəsur övladları ilə həmişə fəxr edir.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"