Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2021 10:00

Döyüşdən-döyüşə gedirdilər...

Yaxşı xatırlayıram. Birinci Qarabağ müharibəsində gərgin döyüşlərin getdiyi bir dönəmdə bölməmizə yeni əsgərlər verdilər. Onların arasında ucaboy, qıvrım saç, gülərüz döyüşçü Nizam İlyasov diqqətimi daha çox özünə cəlb etdi. Suqovuşanın və ətrafdakı digər yaşayış məntəqələrinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə erməni silahlı quldur dəstələrinin hücumunun qarşısının alınmasında Nizam İlyasovun da xidmətləri çox oldu.
...Nizam müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Atəşkəsdən sonra da bir neçə il ön xətdə xidmətini davam etdirdi. Zaman keçdi, atanın yolunu oğullar davam etdirdi. Nizamın böyük oğlu Hümbət beş ildir ki, əsgərlikdən sonra hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edir. Vətən müharibəsi iştirakçısı olan Hümbət "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunub. Ortancıl oğul Bəhrəm İlyasov da "N" hərbi hissəsində xidmətini başa vurub evə qayıtmışdı.
Ötən ilin yayında Tovuzda baş verən erməni təxribatı nəticəsində ölkə gündəmində həyat yeni məcraya yönəlməkdə idi. Erməni işğalına son qoyulmasının məqamı artıq yetişmişdi. Həmin günləri Nizam İlyasov belə xatırladı:
- Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimov şəhid olandan sonra bir gün Bəhrəm evə gəlib dedi ki, ata, mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə gedib ordu sıralarına yazılmışam. Bir neçə gündən sonra Bəhrəmi çağırdılar. Təlim mərkəzlərindən birində kurs keçəndən sonra o, "N" hərbi hissəsində xidmətə başladı. Əsgərlik dövründə bölmə komandiri olan zabit R.Paşayev burada da onun xidmət rəisi oldu. O, oğlumun necə bacarıqlı, qorxubilməz döyüşçü olduğuna hələ əsgərlikdən bələd idi. Zabit R.Paşayev həmişə Bəhrəmin xidmətindən razılıq edirdi, onun döyüş tapşırığını qeyd-şərtsiz yerinə yetirən bacarıqlı döyüşçü olduğunu bildirirdi.
Ötən il sentyabrın 27-də  rəşadətli ordumuz əks-hücuma keçərək erməni işğalı altında qalan yurd yerlərimizin azad edilməsini qarşıya məqsəd qoydu. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun bölmələri qısa müddətdə ermənilərin illər uzunu hazırladıqları "keçilməz" istehkamlarını darmadağın edərək düşməni məhv etdi. Azərbaycanın minlərlə vətənpərvər oğlu böyük çoşqu ilə düşmən üzərinə yeridi. Döyüşçülər sırasında bəstəboy, ağbəniz Bəhrəm İlyasov da ön cəbhədə düşmənə qarşı qətiyyətlə döyüşürdü. Ana yurdu Kəlbəcər bütövlüklə erməni işğalında, ata yurdu Beyləqan isə daim düşmənin təhdidi altında olduğundan o, mənən əzab çəkirdi. Onu könüllü olaraq cəbhəyə sövq edən də daxildə çəkdiyi bu iztirab idi. Talış kəndi düşməndən azad ediləndən sonra Suqovuşan ətrafında gərgin döyüşlər gedirdi. Düşmən nə qədər çox itki versə də, müqavimət göstərir, geri çəkilmək istəmirdi. Komandirin əmri ilə hücum istiqaməti dəyişməli idi. Oktyabrın 4-də Bəhrəm İlyasov və bir neçə döyüşçü mövqe üstünlüyü qazanmaq üçün yaxınlıqdakı mövqeyə göndərildi. Düşmən onların avtomobilini vurdu.
Bəhrəm İlyasovla bir neçə dəfə eyni döyüşdə olan polkovnik-leytenant Eldəniz İsmayılov onu zərrə qədər qorxmayan, düşmən üzərinə yeriyən məğrur döyüşçü kimi xatırlayır. Döyüşlər gedən zaman əsgərlərimizin göstərdikləri şücaətləri sözlə ifadə etmək çətindir. Döyüşçülər erməni quldurlarını məhv etmək üçün bütün mövcud imkanlardan istifadə edirdilər. Həmin məğrur döyüşçülərdən biri də Bəhrəm olub.
Zabit bu yaxınlarda bir qrup döyüşçü ilə şəhid Bəhrəm İlyasovun Bərdə rayonunun Nəcəfqulubəyli kəndindəki məzarını ziyarət edib. Zabit E.İsmayılov söhbətimizdə onu da bildirdi ki, şəhid Bəhrəm İlyasov döyüşlərdə göstərdiyi fədakarlıqlara görə ölkə başçısının sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.
Bəhrəm qısa, lakin şərəfli döyüş yolu keçib. Onun bir neçə gün ərzində keçdiyi döyüş yolunu komandirlər bu cür təlqin edirsə, ömür vəfa etsəydi, yəqin ki, Bəhrəm bundan sonra da xidməti ilə fərqlənənlər sırasında olacaqdı.  
Nizam söhbət əsnasında Bəhrəmi xatırlayaraq dedi: - Xaraktercə çılğın idi. Görəcəyi hər hansı iş barədə dərhal qərar qəbul etməyi vardı. Uşaq yaşlarından mənə evdə təsərrüfat işlərində ən böyük yardımçım olub.
Qarabağ müharibəsi veteranı, şəhid atası Nizam İlyasov İkinci Qarabağ müharibəsi zamanı döyüşə getmək arzusunda olub. Oğlunun şəhid olduğu ərazilərə yaxından bələd olduğu üçün orada düşməni məhv etməyin daha asan olacağını düşünüb. Çünki Nizamın Birinci Qarabağ müharibəsi zamanı döyüş yolu həmin yerlərdən keçib. Uzun illər Vətən torpaqlarının erməni vandallarının işğalı altında qalması bir Vətən oğlu kimi, onu hər zaman narahat edib. Bu işğala son qoyulacağı anı səbirsizliklə gözləyib. Ulu babalarımızdan miras qalan bu məmləkəti olduğu kimi gələcək nəsillərə ötürmək bizim hər birimizin başlıca məqsədi, məramı olmalıdır. İstənilən an Vətən torpaqlarını xarici təcavüzdən qorumağa hazır olmalıyıq.
Sonda İlyasovlar ailəsi şəhid övladına həm hərbi hissə komandanlığı, həm də dövlətimiz tərəfindən verilən dəyərə görə təşəkkür etdilər. Vətəni qorumağın hər birimizin müqəddəs borcu, amalı olduğunu bildirdilər.

Bəxtiyar ƏLİYEV, "Azərbaycan Ordusu"