Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Aprel 2021 11:00

Şəhid Raul Piriyev də ürəklərdə yaşayacaq

Otuz ilə yaxın bir müddətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk Qrupu həll edə bilmədi. Dünya birliyi təcavüzkarı işğal etdiyi ərazilərdən çıxmağa vadar edə bilmədi. Bu münaqişəni Azərbaycan Ordusu döyüşlə həll etdi. Vətən müharibəsi Zəfərlə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi.
Xalq ordusuna inanırdı...
Xalq sərkərdəsinə güvənirdi...
Xalq inanırdı ki, dünyanın ən güclü orduları sırasında olan ordumuz Ali Baş Komandanın döyüş əmriylə işğalı sonlandıracaq.
Çağırışçılar bu inamla gəncləşirdilər.
Şəmkir rayonunun Kür qəsəbəsində dünyaya gəlmişdi Raul Piriyev. O da ata söhbətlərinin işığında Vətənin müqəddəsliyini dərk edə-edə, bu müqəddəsliyi ürəyinə köçürə-köçürə ayları il etmişdi. Fəal şagirdlərdəniydi. Dərs əlaçısıydı. Müxtəlif olimpiadalarda iştirak edirdi; bütün fənləri sevirdi, riyaziyyata xüsusi marağı vardı. "Uşaqlığımdan dəqiqliyi sevmişəm. Riyaziyyata bu marağım da onun nəticəsiydi. Bir də müəllimimdən eşitdiyim bir kəlam: riyaziyyat əqlin gimnastikasıdı", - Raul Piriyev deyərdi.
Bakıda F.Əsgərov adına orta məktəbi bitirdi. 2015-ci ildə Azərbaycan Texniki Universitetinin "Dəmir yol nəqliyyatı və təsərrüfatı mühəndisliyi" fakültəsinə qəbul oldu. Oxuya-oxuya işlədi; zəhmətə alışa-alışa təhsil aldı.  
Bilmirəm, Rauldan kimsə "İşləyə-işləyə oxumaq çətin deyildimi?" soruşubmu. Mənə elə gəlir ki, soruşulsaydı, bu xarakterdə gənc tərəddüd etmədən deyərdi ki, mən həyatın nə olduğun daha əhatəli dərk edən əsl vətəndaş kimi formalaşmaq istədim. Raul əsl vətəndaş kimi formalaşmışdı. Milli mentalitetimiz bütün çalarlarıyla onun da xarakterinə hopmuşdu.
Anası Nəcibə xanım oğlunun ailəcanlı olduğunu kövrəkliklə xatırladı:
- Ailəcanlı olduğu üçün də oxuya-oxuya işləmişdi. Bizim etirazımıza da az qala incikliklə yanaşmışdı. Çox qayğıkeş oğlan idi. Hamıya kömək əli uzatmağı sevirdi. "Yaxşılıq eləyəndə ürəyim sakitləşir", - deyərdi. Hərbi xidmətə çağırılanda necə fərəhləndiyini heç zaman unutmayacam. Axı oğlum hələ orta məktəbdə oxuduğu vaxtlardan əsgər olacağı günün intizarındaydı...
İdmançı deyildi, amma yeniyetməliyindən idmanı sevirdi.  
2019-cu ilin oktyabrında hərbi xidmətə getdi.  
Dekabrında onu xüsusi təyinatlı hərbi hissəyə köçürdülər. Niyə məhz onu? - bu hərbi hissədə daha mükəmməl fiziki hazırlığa malik olanlar xidmət edirdi. Onun istər fiziki hazırlığı, istərsə də digər keyfiyyətləri diqqətdən kənarda qala bilməzdi.
Azərbaycan Ordusunun bütün əsgərləri kimi, o da torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmriylə başlayacaq döyüşlərin iştirakçısı olmaq istəyirdi. Zamanında valideynlərinə, müəllimlərinə, tay-tuşlarına dediklərini əsgər yoldaşlarına da deyirdi: “Torpaqlarımız işğaldan azad ediləcək. Xoş o oğulun halına ki, bu döyüşlərdə barmağı tətik sıxacaq, qələbəni əsgərlərin əhatəsində yaşayacaq. Mən də qalib əsgər kimi tərxis olunmaq istəyirəm...”.
2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi birləşmələri yeni ərazilərimizi işğal etmək niyyətiylə hücum etdi. Bölmələrimiz hücumun qarşısını qətiyyətlə aldılar. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, Vətən müharibəsi idi...
Raul Piriyevin xidmət etdiyi bölmə döyüşlərə Murovdağ istiqamətindən başladı.
Qətiyyətlə döyüşürdülər...
Həm düşmənlə döyüşürdülər, həm də təbiətin şıltaqlıqlarıyla, relyefin çətinliyiylə...
İlk döyüşlərdə düşməni ciddi şəkildə sıxışdırdılar. Döyüşə-döyüşə xeyli irəlilədilər. Bu döyüşlər Kəlbəcər istiqamətində düşmənin müdafiəsini xeyli zəiflətdi.
Onların bölməsi Füzuli istiqamətində gedən döyüşlərə cəlb olundu. Qətiyyətlə döyüşürdülər. Mövqe qələbələri qazanıldıqca döyüşçülərin döyüş əzmi, qələbə ruhu kükrəyirdi. Onlara elə gəlirdi ki, döyüşdə qazanılan qələbə saniyələrcə də olsa tezləşdirilməlidi. Torpaqlarımızın işğaldan, qaçqınların ürəyinə yük olan intizardan qurtuluşu üçün...
Raul Piriyev Zəfər gününü görə bilmədi. Oktyabrın 5-də şəhid oldu Raul. Zəfər şəhidlərimizin ruhuna gözaydınlığı oldu...
Raul Piriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görüldü...
Şəmkir rayonunun Kür qəsəbəsindən başlayan ömür yolu Vətən müharibəsinin od-alovunda sona yetdi.
Raul Piriyev qalib əsgər kimi tərxis olunmaq istəyirdi, şəhid oldu. Yeniyetməliyindən "Şəhid ömrü ömrümüzdə yaşayır" deyənlərin sırasındaydı Raul...
Şəhid Raul Piriyev ürəklərdə yaşayacaq...
 
Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"