Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Aprel 2021 11:00

Vətənə əsgərəm, torpağımı düşməndən qoruyuram!

Yaz fəslinin üzə gülən gözəl günlərindən biridir. Səmanın yüksəkliyinə doğru boy verən günəş yer üzünün hər tərəfini işığa, nura boyayır. Hava isindikcə torpaq oyanır, dağların, dərələrin döşündə otlar bitir, güllər-çiçəklər açır, ətraf yaşıllaşır. Bax belə gözəl bir yaz günündə əsgərlərlə görüşə gedirik. Gedirik ki, yurdumuzun keşiyində dayanan cəsur zabit və əsgərlərlə görüşüb söhbət edək, onlardan hal-əhval tutaq, ürək sözlərini dinləyək.
Ətrafdakı gözəlliyə baxa-baxa bizimlə yol yoldaşı olan mayor Zaur Qardaşovla söhbət edirik. Zabit deyir ki, əsgərlərimiz torpaqlarımızın keşiyində həmişə ayıq-sayıq dayanır, xidməti vəzifələrinin öhdəsindən bacarıqla gəlirlər. Çünki onlar vətənpərvərdirlər, qoynunda dünyaya göz açdıqları Vətən torpaqlarını ürəkdən, qəlbdən sevirlər. Zabit və əsgərlərimiz vətənpərvərliklərinin nə qədər yüksək olduğunu ötən ilin iyununda bu istiqamətdə baş verən hadisələr zamanı göstərdilər. Bildiyiniz kimi, 2020-ci il iyulun 12-də erməni qəsbkarları yeni ərazilərimizi ələ keçirmək məqsədilə Tovuz rayonu istiqamətində mövqelərimizə hücuma keçdilər. Torpaqlarımızı göz bəbəkləri kimi qoruyan əsgərlərimiz isə düşmən hücumunun qarşısını almağa səfərbər oldular. Döyüş hazırlığı və təcrübəsi yüksək səviyyədə olan zabit və əsgərlərimiz qısa müddət ərzində işğalçılara sarsıdıcı zərbələr vurmağa başladılar. Hərbçilərimizin dəqiq atəş zərbələri yağıların mövqelərini darmadağın edirdi. İllərdən bəri susan silahlar dilə gəlmişdi. Atəş səsləri yeri-göyü titrədirdi. Döyüşlərin elə ilk günündən düşmən Azərbaycan əsgərinin güclü zərbələri qarşısında tab gətirə bilməyərək geri çəkilməyə məcbur oldu. Ordumuzun hissələri zəfərləri ilə xalqımızı sevindirdi, işğalçılara məğlubiyyət acısını dadızdırdı. Zabit və əsgərlərimiz bu gün də qələbə və zəfər ovqatındadırlar. Onlar hər an düşmən hücumunu dəf etməyə qadir və hazırdırlar.
Zabit Zaur Qardaşovdan eşitdiyimiz qələbə müjdəli sözlər ovqatımıza ovqat qatdı. Yurdumuzun xilaskarı olan zabit və əsgərlərimizə bir daha ürəkdən əhsən dedik. Əmin olduq ki, onlar bacarıq və peşkarlıqları ilə hər an erməni qəsbkarlarını məğlub etməyə hazırdırlar. Bu yüksək hazırlıq isə həmişə onlara qələbələr və zəfərlər yaşadacaq.
Gözəl ovqatla əsgərlərlə görüşə tələsirik. Sanki söhbət yolumuzu qısaldır. Budur, şosedən yavaş-yavaş torpaq yola tərəf dönürük. Dərələrin ətəyindən keçən yollar addım-addım bizi yurdumuzu erməni qəsbkarlarından qoruyan oğullara yaxınlaşdırır.
Biz mövqeyə ayaq basanda hərbçilərin üzərlərinə düşən tapşırıqları yerinə yetirdiklərini gördük. Əl verib bir-bir yurdumuzun keşikçiləri ilə görüşdük. Əsgərlərimizin üz-gözündən, qartal baxışlarından igidlik və qəhrəmanlıq yağırdı. Zirehli geyimdə, əllərində silah torpaqlarımızı yağılardan müdafiə edən bu oğullara baxanda ürəyimiz qürurla, qəlbimiz iftixarla doldu.
Tanışlığımız zamanı öyrənirik ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Qoşqar Əliyev uzun müddətdir ordumuzun sıralarında xidmət edir. Manqa komandiri kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlir. Birinci Qarabağ müharibəsinin də iştirakçısı olan baş çavuş Qoşqar Əliyev bildirir ki, 1992-1993-cü illərdə erməni qəsbkarları torpaqlarımızı ələ keçirmək üçün başqa bölgələrimiz kimi, hərbi hissəmizin yerləşdiyi rayonun ərazisinə də hücum etdilər. Həmin gərgin günlərdə əli silah tutan vətənpərvər insanlar yurdun müdafiəsinə qalxdılar. Mən də bu yurdun övladı kimi torpaqlarımızı yağılardan qoruyan oğulların sırasındaydım. İşğalçılar nə qədər hücum etsələr də, istəklərinə çata bilmədilər. Azərbaycan əsgəri hünəri, qətiyyəti ilə düşmən hücumunun qarşısını aldı. Qəsbkarlar bir addım olsun belə bu istiqamətdə irəliləyə bilmədilər.
2020-ci ilin iyulunda yağılar uzun illər davam edən atəşkəs rejimini pozaraq mövqelərimiz üzərinə hücuma keçdilər. Biz düşmən hücumunun qarşısını almaq üçün döyüşlərə atıldıq. İşğalçılar güclü əks-həmlələrimiz qarşısında dayana bilməyərək geri çəkildilər, döyüş meydanından məğlub ayrıldılar. Ordumuzun zabit və əsgərləri həmin döyüşlərdə erməni qəsbkarlarına sarsıdıcı zərbələr vurdular.
Mövqelərimizdə daim ayıq-sayıq dayanırıq. Əgər düşmən yenidən baş qaldırmağa cəhd göstərərsə, həmişəki kimi layiqli cavabını alacaq. Cəsur əsgərlərimiz dəqiq atəş zərbələri ilə yağıları məhv edəcəklər. Dayandığımız yerlərdən arxadakı yaşayış məntəqələrinə baxanda insanları iş başında, əkən-biçən, işləyən, uşaqları dərsə gedən, oynayan görürük. Yaxşı bilirik ki, kənd camaatı bizə - ordumuza arxayın olub yaşayırlar. Bizim vəzifəmiz çox müqəddəsdir. Həm Vətən torpaqlarını, həm də bu torpağın qoynunda yaşayan xalqımızı qoruyuruq. Yaxınlıqdakı yaşayış məntəqələrinin birində mənim də üç övladım böyüyür. Oğlum Sadiq də hərbçi olmaq istəyir. Gələcəkdə ordumuzun sıralarında zabit kimi xidmət etmək üçün C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olmaq arzusundadır.
- Vətən müharibəsində Azərbaycan Ordusunun ermənilər üzərində qazandığı möhtəşəm qələbə biz əsgərləri də ürəkdən ruhlandırdı, - deyə əsgər Ramin Hüseynov söhbətimizə qoşulur. - Mən Biləsuvar rayonunda - Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğulduğu torpaqda dünyaya göz açmışam. Mən də onun kimi əynimə hərbi forma geyinmişəm, Vətənə əsgərəm, torpağımı düşməndən qoruyuram! On aydan çoxdur əldə silah yurdumuzun keşiyində dayanıram. Vəzifəm çox müqəddəsdir, ona görə də xidmətimə məsuliyyətlə yanaşıram.  Təkcə mən yox, əsgər dostlarım da Vətəni çox sevirlər.
Qısa söhbətdən sonra manqa komandiri ilə birlikdə mövqeləri gəzdik. Burada Azərbaycan əsgərinin nəfəsini daha yaxından duyduq. Baş çavuş Qoşqar Əliyev ərazi ilə bizi yaxından tanış etdi. Mövqelərimiz haqqında geniş məlumat verdi. Onu dinlədikcə hiss edirdik ki, zabit və əsgərlərimiz vətənpərvərdirlər. Onlar yurdumuza, torpağımıza sonsuz sevgi bəsləyirlər. Vətənpərvər hərbçilərimizin əhatəsində olduğumuzdan xoş hisslər keçirdik, ölkəmizin ərazilərinin etibarlı qorunmasına bir daha əmin olduq. Ona da əmin olduq ki, Vətəni qoruyan zabit və əsgərlərimizin döyüş hazırlığı yüksək səviyyədədir. Deməli, əgər düşmən hər hansı bir təxribat törətməyə cəhd göstərsə, hərbçilərimizin dəqiq atəş zərbələri ilə məhv ediləcək.
Müşahidə məntəqəsində dayanan əsgərlərdən Nurlan İsgəndərov, İlkin Əmirov, Seymur Tahirov, Xəqani Hüseynov, Tamerlan Babayev və başqaları ilə görüşüb söhbətləşdik. Cəsur əsgərlərimiz torpaqlarımızı göz bəbəkləri kimi qoruyurlar. Belə cəsur, vətənpərvər əsgərlərlə ünsiyyətdə olmaq, onların ürək sözlərini dinləmək ovqatımızı xeyli yüksəltdi.

Vahid MƏHƏRRƏMOV, fotolar Namiq PƏNAHOVUNDUR, "Azərbaycan Ordusu"