Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Aprel 2021 11:00

“Təlimlərdə müasir rabitə vasitələrinin praktiki icrasını tətbiq etdik”

Davamlı və dayanıqlı rabitə olmadan döyüş aparmaq və döyüşü idarə etmək mümkünsüzdür. Ötən il sentyabrın 27-də başlayan və "Dəmir yumruq" əməliyyatı kimi tarixə həkk olunan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbədə rabitə qoşunlarının da mühüm rolu oldu. Döyüşdə qələbəni şərtləndirən amillərə - operativliyə, etibarlılığa və digər prinsiplərə əməl edən rabitəçilərimiz qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacardılar, qazanılan zəfərdə böyük pay sahibi oldular. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə ordumuzda keçirilən genişmiqyaslı islahatların nəticəsidir ki, Azərbaycan Ordusunun mövcud silahlanmasında müasir tələblərə cavab verən rabitə vasitələri var. Təbiidir ki, görülən işlər ordumuzun daha da təkmilləşməsinə, günümüzün tələblərinə uyğun qurulmasına hesablanıb. Azərbaycan Ordusunun daha da qüdrətlənməsi üçün müxtəlif qoşun növlərində təlimlərin keçirilməsi zəruridir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, aprelin 6-dan 8-dək Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri keçirildi. Təlim zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirdilər. Müasir rabitə vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olundu. Aprelin 7-də təlimlərin növbəti mərhələsini izləmək məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov ərazidə açılmış səhra idarəetmə məntəqələrində oldu, təlimin təşkili və gedişatı ilə maraqlandı. Müdafiə nazirinə bölmələrimizin sərəncamındakı taktiki-strateji səviyyədə olan ən müasir rabitə avadanlıqları təqdim edildi. Təlimlərdə vahid rabitə sisteminin təşkili üzrə tapşırıqların uğurla icra edildiyi Müdafiə nazirinə məruzə olundu. Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları və Xüsusi Təyinatlı Qüvvələrin komanda-idarəetmə məntəqələri ilə əlaqə saxlayan Müdafiə naziri general-polkovnik Zakir Həsənov rabitənin dayanıqlılığını və fasiləsizliyini yoxladı. O, həmçinin Şuşa, Laçın, Kəlbəcər və işğaldan azad edilmiş digər ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans formatında əlaqə saxladı, təlimlərin gedişi ilə bağlı müvafiq tapşırıqlar verdi. Sonra təlimin idarəetmə məntəqəsində general-polkovnik Zakir Həsənovun Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə birbaşa videobağlantısı baş tutdu. Hər iki ölkənin Müdafiə nazirləri təlim iştirakçılarına müraciət edərək onlara uğurlar arzuladı,  rabitə qoşunlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, qoşunlar arasında vahid rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkili, həmçinin bu sahədə birgə tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd etdilər. Eyni zamanda, Azərbaycan və Türkiyə ordularının bütün qoşun növləri arasında əməliyyat uyarlılığının təkmilləşdirilməsi, birgə əməliyyatlar planlarının işlənilməsi, bölmələr arasında döyüş uzlaşmasının inkişaf etdirilməsi və digər fəaliyyətləri dəyərləndirdilər.
Təlimlər zamanı polkovnik Nazim Xankişiyev ilə həmsöhbət olduq. Bizi məlumatlandıran təcrübəli zabit təlimdə icra olunacaq tapşırıqları diqqətimizə çatdırdı. "Müasir tələblərə cavab verən ordumuzun əsas qoşun növlərindən biri olan rabitə qoşunlarının daha da inkişaf etdirilməsi məqsədi ilə yuxarı komandanlığın tapşırığına uyğun fəaliyyətlər həyata keçirilir ki, bu təlim də ordumuzun rabitə sahəsinin daha da təkmilləşdirilməsi üçün böyük əhəmiyyətə malikdir. Keçirilən təlimdə hərbi qulluqçularımız Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə qarşılıqlı təcrübə mübadiləsi aparır, qarşıya qoyulan tapşırıqları birgə icra edirlər. Təlim toplanışına müxtəlif dərəcəli idarəetmə məntəqələri cəlb olunub. Rabitəçilərimiz tərəfindən rabitə qovşaqlarının açılması, radio istiqamətlərin qurulması, radio şəbəkə və radio istiqamətlər üzrə səs və data mübadiləsinin aparılması və digər tapşırıqlar icra olunur. Məlumdur ki, döyüşdə bölmələrin fasiləsiz, dayanıqlı, operativ və gizli idarə olunmasını təmin etmək məqsədilə komanda və idarəetmə məntəqələrinin rabitə vasitələri mühüm rol oynayır. Təlimə, həmçinin döyüşün idarə edilməsi üçün müxtəlif növ nəqliyyat vasitələri də cəlb olunub ki, hər biri geniş döyüş imkanlarına malik müasir tələblərə cavab verən müxtəlif təyinatlı hərbi texnikalardır".
Nəzarət mərkəzinə daxil olduqda burada gərgin iş prosesinin şahidi olduq. Mayor Elşən Tanrıverdiyev də döyüşdə və təlimdə rabitə qoşunlarının fəaliyyətinin vacibliyini xüsusi vurğuladı. "Bugünkü təlimdə arsenalımızda olan müasir rabitə vasitələrinin praktiki icrasını tətbiq etdik. Tam əminliklə deyə bilərik ki, müasir tələblər üzərində daha da təkmilləşdirilən Azərbaycan Ordusunun rabitə qoşunlarında bu gün innovativ yeniliklər tətbiq olunur və hər bir qoşun növünün orduda özünəməxsus yeri var. Lakin hər bir qoşun növünün fəaliyyətinin əsas tərkib hissələrindən biri düzgün, dayanıqlı, operativ və ən əsası etibarlı şəkildə təşkil edilmiş rabitədir. Vaxtında, düzgün və dolğun verilmiş informasiya vacib döyüş tapşırığının dəqiq həllinə yol açır. 44 günlük Vətən müharibəsində döyüşlər başlayan gündən son günədək rabitə qoşunlarımız daim fəaliyyətdə olublar. Düşmən dəfələrlə tərəfimizdən istifadə olunan tezliklərə müdaxilə etməyə çalışsa da, işinin peşəkarı olan hərbçilərimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində düşmən arzusuna çata bilmədi".
Təcrübəli zabit Adil Nastakalov ilə də Azərbaycan Ordusunda rabitə qoşunlarının yeri barədə qısa söhbət etdik. "Günümüzü rabitəsiz təsəvvür etmək qeyri-mümkündür. Keçirilən təlim ordumuzun rabitə qoşunlarının daha da təkmilləşdirilməsinə yönəlib. Belə təlimlər ölkəmizin təhlükəsizliyinin qarantı olan ordumuzun döyüşaparma və özünümüdafiə gücünə müsbət təsir edir. Bu gün keçirilən təlimdə Vətən müharibəsində iştirak edən bir çox hərbi qulluqçularımız var. Onların hər biri təsdiq edə bilər ki, fasiləsiz rabitə döyüş hazırlığının mühüm tərkib hissələrindəndir".
Hava şəraiti əlverişsiz olsa da, əsən sərt küləyin öncədən görülən tədbirlər sayəsində təlimin gedişatına heç bir mənfi təsiri olmadı. Hətta güclü küləyin olmasından istifadə edilərək bəzi rabitə avadanlıqlarının kəskin hava şəraitində işləməsi də sınaqdan keçirildi.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"