Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Aprel 2021 11:00

Qalib ordunun hərbi mundirini daşımaq qürurvericidir

"Dəmir yumruq" əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan və ömür boyu hafizələrdən silinməyəcək mötəbər hadisələrdən biri oldu. Uzun müddət hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi Böyük Qələbə müjdəsini Azərbaycan əsgəri öz xalqına bəxş etdi.
Məlumdur ki, bəd xislətli niyyətindən əl çəkməyən separatçı rejimin silahlı birləşmələrinin ənənə halını almış təxribat xarakterli addımlarının qarşısı daim ordumuz tərəfindən qətiyyətlə alınıb. Lakin sentyabrın 27-də düşmənin açdığı atəş rəşadətli ordumuz tərəfindən birdəfəlik cavab atəşi ilə susduruldu. Vətən müdafiəçisi oğullarımız əks-hücum həmləsi ilə düşməni darmadağın etdi, onların uzun müddətdir işğal etdiyi tarixi ərazilərimizi 44 günə Vətən torpaqlarına birləşdirməyi bacardı. Bu döyüşdə təkcə düşmən deyil, bütün dünya xalq-ordu-dövlət birliyimizin sarsılmaz olduğunun şahidi oldu. Vətəninə bağlı, xalqına sadiq qalmağı özünə ümdə vəzifə bilən igidlərimiz tarixi köklərimizə söykənən qəhrəmanlıq ənənələrini bu döyüşdə yenidən layiqincə yaşatdılar. Böyük Qələbənin qazanılmasında şəhidlərimiz, yaralı qazilərimiz xalqımızın ömürlük ehtiramını qazanmış oldular. Döyüşlərdə iştirak edən hər bir Vətən oğlu sübut etdi ki, onun vətənpərvərlik hissinin qarşısında düşmən tab gətirə bilməz. Azərbaycan əsgəri xalqın və Ali Baş Komandanın ona olan etimadını doğrultmaq üçün vaxtından, hava şəraitindən, relyefdən asılı olmayaraq düşmənə qarşı rəşadətlə vuruşdu, qələbə qazandı.
Baş leytenant Ayxan Vüqar oğlu Nemətli Zəfər döyüşünün iştirakçısı olan Vətən oğullarından biridir. Gənc zabit 1995-ci il oktyabrın 1-də Şəki rayonunda anadan olub. 2001-ci ildə Bakı şəhəri 251 saylı tam orta məktəbin 1-ci sinfinə gedən müsahibimin hərb sənətinə olan marağı 2009-cu ildə onun yolunu Cəmşid Naxçıvanski adına Hərbi Liseydən saldı. 2012-ci ildə həmin liseyi bitirən Ayxan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsilini daha da təkmilləşdirərək 2016-cı ildə leytenant rütbəsi ilə ön xətdə yerləşən "N" hərbi hissəsində xidmətə başladı. Ötən il sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsindəki fəaliyyətindən danışan gənc zabit seçdiyi peşənin sahibi olmaqdan qürur duyduğunu qeyd etdi. Söhbət zamanı öyrəndik ki, baş leytenant Ayxan Nemətli döyüşlərin ilk günündən düşmənin təxribatının qarşısını almaq məqsədilə keçirilən əks-hücum əməliyyatı zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Füzulidə düşmənin ön xəttinin yarılmasında, dayaq məntəqələrinin və postlarının darmadağın edilməsində tabeliyindəki şəxsi heyət ilə birlikdə böyük hünər göstərib, Xocavənd rayonunun Düdükçü kəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin artilleriyadan atdığı mərminin partlaması nəticəsində döş qəfəsindən qəlpə yarası alıb. Xoşbəxtlikdən qəlpə onun ürəyinin 4 santimetr yuxarısını dəlib. Cəsur zabit tibbi yardım göstərildikdən sonra yenidən döyüş meydanına qayıdaraq düşmənə qarşı döyüşüb. Sinəsində hələ də düşmən tərəfindən atılan mərminin qəlpəsini daşıyır. Zabit qeyd etdi ki, xalqımızın bir zamanlar qəlbində daşıdığı Vətən həsrətinin yanında bu qəlpə heç nədir. “Şükürlər olsun öz doğma yurdundan ayrı düşən həmvətənlərimizin qəlbindəki bu yara artıq sağalıb, məcburi köçkün statusu artıq yoxdur”.
Zabit Azərbaycan əsgərinin yüksək döyüş ruhunu xalqın və Ali Baş Komandanın ona olan inamından və etimadından aldığını bildirdi: "Məlumdur ki, xalqın və dövlətin varlığının qarantı onun ordusudur. Azərbaycan əsgərinin döyüş ruhunun qidası ona olan etimaddan qaynaqlanır. Xalqımızın, Ali Baş Komandanımızın inamını, diqqətini, qayğısını döyüşlər başlayan andan, başa çatan günə qədər hər an, hər dəqiqə hiss edirdik. Bizi yuxusuz günlərdə, çətin hava şəraitində ayaq üstə saxlayan məhz onların bizə olan sevgisi idi. Kiçikdən-böyüyə hər kəsin qəlbi Azərbaycan əsgəri ilə bir döyünürdü. Döyüşlər başlayan andan biz döyüş meydanında, xalqımız isə döyüş meydanından kənarda xeyirin şər üzərində qələbə qazanması yolunda əlimizdən gələni etdik. Sonda tarixi ədalət bərpa olundu. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgərinin sayəsində biz bu qələbəni qazandıq. Xalqımız hər zaman öz ordusuna inanıb, ordu isə xalqın ona inamını layiqincə doğrultmağa çalışıb, çalışır və bundan sonra da çalışacaq. Bu gün mən də döyüş yoldaşlarım, xidmət yoldaşlarım da hərbi mundiri daşıdığımız üçün qürur duyuruq. Təbii ki, qalib ordunun hərbi mundirini daşımaq qürurvericidir. Bu hərbi mundir Vətən qoxulu mundirdi. Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi misilsiz şücaət gələcək nəsil üçün vətənpərvərlik nümunəsidir. Fəxr edirəm ki, bu döyüşlərdə iştirak edənlər, qələbə sevincini xalqımıza bəxş edənlər sırasında mən də varam. Vətənimizin işğaldan azad olunması zamanı qarşıma qoyulan tapşırıqları uğurla yerinə yetirdiyimə görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşam. Xidmətimə bundan sonra da yuxarı komandanlığın ümidlərini doğruldaraq davam edəcəyimə söz verirəm. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"