Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Aprel 2021 11:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Rus İmperiyasının Qafqaz istilası. Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirmək tövsiyə olunur.

Suallar:
1. Azərbaycanın Rusiya və İran arasında parçalanması. Kürəkçay müqaviləsi.
2. İşğala aparan yol. Gülüstan və Türkmənçay müqavilələri.

 

Azərbaycanın Rusiya və İran arasında parçalanması. Kürəkçay müqaviləsi


Tarixin bütün dövrlərində xalqımız müxtəlif siyasi-hərbi münaqişələrə cəlb olunmuş, nəticədə zaman-zaman əraziləri işğal olunmuş, insanları qətlə yetirilmişdir. Müharibələr nəticəsində xalqın minilliklər boyu formalaşmış mənəvi-dini-milli dəyərlərinə ziyan dəymiş, torpaqlarının bir hissəsi əldən getmiş, Cənubi Qafqaz Rusiyaya birləşdirildikdən sonra bu proses güclənmişdir.
Cənubi Qafqazın siyasi və hərbi-strateji əhəmiyyəti böyük idi. Çar Rusiyası Cənubi Qafqazı əlavə gəlir mənbəyinə, Xəzər dənizini Rusiyanın daxili dənizinə çevirməyə çalışırdı. Azərbaycanın əlverişli coğrafi mövqeyi, təbii sərvətləri, xüsusən də faydalı qazıntı yataqları artıq çar Rusiyasına məlum idi. Azərbaycanda bol olan qızıl, boya, yun, ipək, pambıq, tütün, neft çar Rusiyasını xammal və yanacaqla təmin edə bilərdi. Bu ərazilərin işğalı Rusiya-Osmanlı münasibətlərində qüvvələr nisbətini Rusiyanın xeyrinə həll edə bilərdi. Cənubi Qafqazdakı mürəkkəb siyasi, iqtisadi və beynəlxalq vəziyyət Rusiyanın işğalçı planlarının həyata keçirilməsini asanlaşdırırdı. Feodal ara müharibələri və xarici işğalçıların basqınları Cənubi Qafqazı zəiflədirdi. Ayrı-ayrı xanların Azərbaycanı birləşdirmək cəhdləri də baş tutmamışdı.
Rusiya, ilk növbədə Azərbaycanın Xəzəryanı vilayətlərini ələ keçirməyə çalışırdı. 1802-ci ildə Georgiyevsk (Şimali Qafqazda yerləşir, 1802-1822-ci illərdə Qafqaz quberniyasının mərkəzi olmuşdur) şəhərində Şimali Azərbaycan xanlarının və Qafqazın digər hakimlərinin nümayəndələri ilə görüş keçirildi. Digər Azərbaycan xanlıqlarının nümayəndələrinin görüşdə iştirak etməmələrinə səbəb isə, buna qədər onların Qacarlar şahının nümayəndəsi İbrahimxəlil xanın yanına gələrək Qarabağın tabe olmasını tələb etməsidir. 1802-ci ildə Georgiyevsk müqaviləsi imzalandı. Müqaviləyə əsasən "onu imzalayanlar öz xahişlərinə görə" Rusiyanın himayəsinə qəbul olundu, Rusiya isə onların müstəqilliyinə toxunmayacaqlarına, Qacarlar və Osmanlı dövlətlərinin təhlükəsindən onları müdafiə edəcəyinə vəd verdi. Lakin çar Rusiyası həmin müqaviləyə əməl etmədi və Azərbaycan xanlıqlarının ərazilərini zəbt etmək üçün hazırlığa başladı.
XIX əsrin əvvəllərində xanlıqlar arasında münasibətlər kəskin olduğundan yeni işğallara şərait yarandı. Ara müharibələri ölkənin sosial-iqtisadi vəziyyətini ağırlaşdırdı. Ölkədə siyasi birliyin olmaması xarici qüvvələrin işğalı üçün əlverişli şərait yaratdı. Hələ I Pyotrun yürüşü zamanı ruslar erməni amilinə xüsusi əhəmiyyət vermişdilər. Çar Rusiyası ermənilərdən Azərbaycana qarşı casusluq fəaliyyətində istifadə edirdi. İşğalçılar üçün lazımi casusluq məlumatlarının toplanması üçün ermənilər "xüsusi" fəallıq göstərirdilər.
Azərbaycan, Osmanlı və Gürcüstan torpaqlarında "böyük Ermənistan" dövləti yaratmaq xülyasında olan ermənilər çar Rusiyasının Qafqazdakı irticaçı (siyasi düşmən, mədəniyyət və tərəqqi düşməni) siyasətinə kömək etməklə məkrli məqsədlərinə çatmağa ümid edirdilər.
1801-ci il çar Rusiyası gürcü zadəgan nəslindən olan, qəddar, Azərbaycan xalqını, ümumiyyətlə, Cənubi Qafqazın türk-müsəlman əhalisini sevməyən general Sisianov, gürcü hakimlərini də ətrafında toplayaraq, Gürcüstan ərazisindən istifadə etməklə Azərbaycanın şimal-qərb torpaqlarını ələ keçirməyə - işğalçılıq planlarını həyata keçirməyə başladı. 1803-cü ilin yazında general Qulyakovun başçılığı altında rus qoşunları Car-Balakəndə yerli əhalinin müqavimətini qırdıqdan sonra Balakəni yandırdılar. Aprelin 12-də Car-Balakəndən olan səlahiyyətli nümayəndə heyəti Car-Balakən əyalətinin Rusiyanın hakimiyyəti altına alınması barədə "Andlı öhdəlik" sənədi imzaladı. Lakin yerli əhalinin itaət şərtlərini yerinə yetirmədiyini bəhanə edən general Qulyakov 1804-cü ilin yanvarında yenidən Car-Balakənə hücum etdi. Car-Balakən yenidən işğal olunub yandırıldı. Rus qoşunları hucümlarını davam etdirdi və Zaqatala yaxınlığındakı dərədə carlıların güclü müqaviməti ilə üzləşdilər. Qanlı döyüşdə carlılar qələbə qazandılar və general Qulyakov öldürüldü. Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına müqavimətin mənasız olduğunu görərək mübarizəni dayandırdılar. Martın 29-da Car-Balakən işğal olundu. Car-Balakənin işğalından sonra qonşu İlisu sultanlığı da Rusiya təbəəliyini qəbul etməli oldu.
Car-Balakən əyaləti rus qoşunları tərəfindən işğal edildikdən sonra general Sisianov Azərbaycanın içərilərinə doğru sonrakı irəliləyişinin açarını Gəncə xanlığının ələ keçirilməsində görürdü. 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə rus qoşunları qalaya hücuma başladılar. Qalanın müdafiəçiləri inadlı müqavimət göstərdilər. Cavad xan və onun oğlu Hüseynqulu ağa döyüşlərdə qəhrəmancasına həlak oldular. Qanlı döyüşlərdən sonra Gəncə qalası rus hərbi dəstələri tərəfindən tutuldu. Gəncə xanlığı ləğv olundu, şəhərin qədim adı dəyişdirildi və I Aleksandrın arvadının şərəfinə Yelizavetpol adlandırıldı. Gəncənin süqutundan sonra Gəncə xanının vassal asılılığında olan Samux hakimi də Rusiya təbəəliyini qəbul etməyə məcbur oldu. Beləliklə, Rusiya Azərbaycanın digər ərazilərini işğal etmək üçün imkan qazandı.
Gürcüstanın, Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərəfindən işğalı Qacarlar və Osmanlı dövlətlərinin, habelə Cənubi Qafqazda möhkəmlənməyə çalışan İngiltərə və Fransanın narahatlığına səbəb oldu. Fətəli şah Qacar əvvəlcə Gürcüstan və Gəncə ilə həmsərhəd olan bütün xanlıqların ərazilərini tabe etmək niyyətində idi. Lakin Qacarlar dövlətinin daxilində baş vermiş çaxnaşmalar və İngiltərənin vəd etdiyi köməyi göstərməməsi bu tədbirləri yarımçıq qoydu. Bununla belə, İngiltərə Qacarları Rusiya ilə müharibəyə qızışdırırdı.
1804-cü ilin mayında Qacarlar dövləti Rusiyadan öz qoşunlarını Cənubi Qafqazdan çıxarmasını tələb etdi. Tələb rədd olundu və 1804-cü ilin iyulunda 10 il davam edən Rusiya-Qacarlar müharibəsi başlandı.  
Qarabağ xanı İbrahimxəlil xan xanlığının müstəqilliyini qoruyub saxlamaq üçün Rusiyaya meyil edirdi. O, Qacarların qoşunlarının hücumunun qarşısını almaq üçün Sisianovdan hərbi kömək istədi. Qarabağ xanının Rusiya ilə yaxınlaşmasından həyəcana düşmüş Qacarlar dövləti 500 nəfərlik dəstəni Qarabağa göndərdi. Lakin İbrahimxəlil xan dəstəni məğlub etdi. Xanın bu qələbəsindən sonra Sisianov Qarabağa mayor Lisaneviç başda olmaqla hərbi dəstə göndərdi. Eyni zamanda, o, xanın Rusiya təbəəliyinə keçməsini tələb etdi. İbrahimxəlil xan xanlığını qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə razılıq verdi. General Sisianov və İbrahimxəlil xan Gəncə yaxınlığındakı Kürəkçayın sahilində 1805-ci il mayın 14-də müqavilə imzaladılar. Müqaviləyə əsasən xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul olunur və onların üzərinə rus çarına sadiq qalmaq tələbi qoyulurdu. Çar isə öz növbəsində, xan sülaləsinin öz ərazilərində hakimiyyətini bütün zamanlar üçün təsdiq edirdi. Lakin hər dəfə xan varisləri çar tərəfindən təsdiq olunmalı idi. Xan rus qarnizonunu Şuşaya buraxmağı və onu zəruri şeylərlə təmin etməyi, hər il öz gəlirlərindən Rusiya xəzinəsinə 8 min çervon xərac ayırmağı öhdəsinə götürdü. Bir həftə sonra İbrahimxəlil xanın vasitəçiliyi ilə Şəki xanlığı ilə də belə bir müqavilə bağlandı.

 

İşğala aparan yol. Gülüstan və Türkmənçay müqavilələri


Hər dəfə xalqımızın faciələri, ərazilərinin işğalı səbəbləri ilə bağlı materialları, əski sənədləri araşdırarkən belə bir qənaət yaranır ki, tariximizin bütün qanlı səhifələri Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsinə gətirib çıxarmış Gülüstan və Türkmənçay müqavilələrindən başlayır. Çar Rusiyasının Azərbaycana qarşı ekspansionist siyasəti rəsmən 1804-1813-cü illər Rus-İran müharibəsi ilə başlayır. 1805-ci ildə Azərbaycanın Qarabağ və Şəki xanlıqları ilə Rusiya arasında Kürəkçay müqaviləsi imzalanır. Müqaviləyə görə bu xanlıqlar Rusiyaya ilhaq edilir və müstəqil xarici siyasət yürütməkdən məhrum olur. 1805-ci ilin axırlarına doğru Bakı və Şirvan xanlıqları da işğal edilir. Talış xanlığının işğalı ilə Rusiyanın Şimali Azərbaycanı tamamilə özünə ilhaq etməsi prosesi başa çatır. Bu mərhələ başa çatdıqdan sonra İranın Rusiya ilə müqavilə bağlaması reallaşır və sülh danışıqları başlayır. 1813-cü il oktyabrın 16-da Gülüstan kəndində, rus ordugahında məşhur Gülüstan müqaviləsi imzalanır. Bu müqavilə çar Rusiyasının Azərbaycanı işğal etdiyini rəsmən təsdiqləyir. Müqaviləyə əsasən, Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba və Talış xanlıqlarının əraziləri, Şərqi Gürcüstan və Dağıstan da Rusiyaya ilhaq edilir. Xəzər dənizində donanma saxlamaq hüququ yalnız Rusiyaya verilir. Bu o vaxt idi ki, rus çarı I Aleksandr Napoleon Bonaparta qarşı Leypsiqdə müharibə cəbhəsində idi. Ancaq İranla sülh müqaviləsi ona Fransadan daha vacib idi. Bu hadisə tariximizdə çox faciəvi rol oynamışdır.
1826-cı ildə Qacarın qoşunlarının Rusiyanın nəzarətində olan Azərbaycan torpaqlarına daxil olması ilə Rusiya-İran müharibəsi yenidən başlayır. Döyüşlərdə Qacarın qoşunları ağır məğlubiyyətə düçar olur. 1826-cı ilin axırlarında Şəki və Lənkəran xanlıqları da ləğv olunur, 1827-ci ildə Rusiya Azərbaycanın ərazilərini işğal edə-edə Təbrizə girir və şəhər rusların əlinə keçir. 1828-ci ilin yanvar-fevral aylarında ruslar Urmiya və Ərdəbilə daxil olurlar.
Rusiya Dərbəndi özünə birləşdirdi, Borçalını Gürcüstana, İrəvanı, Zəngəzuru, Göyçəni və Dərələyəzi ermənilərə verdi. Nəticədə Azərbaycan torpaqları hesabına sonralar Ermənistan dövləti yaradıldı.
1828-ci il fevralın 10-da İngiltərənin səfiri Mak Donaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Bununla da Azərbaycanın işğalı başa çatdı. Müqavilənin 15-ci maddəsinə əsasən, erməni əhalisinin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verildi. Müqavilənin bağlanması münastibətilə dərhal rus toplarından 101 yaylım atəşi açıldı. Ertəsi gün "xoş xəbər"i Aleksandr Qriboyedov Rusiyaya çatdırdıqdan sonra Petropavlovsk qalasında da top atəşləri açıldı, rus xalqı bu münasibətlə təbrik edildi.
Rus-İran müharibəsində həlledici sonluq olan Türkmənçay müqaviləsi Azərbaycanı param-parça etdi. Müqaviləyə əsasən, Araz çayı sərhəd olmaqla Azərbaycanın ərazisi şimal və cənub hissələrinə bölündü. Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlığı, Şərqi Gürcüstan və Dağıstan Rusiyaya təslim edildi.
Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsinin ağır şərtləri daha tez reallaşdı. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları "erməni vilayətləri" elan edildi.
Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri Türkmənçayın övladları adlandırırdılar, çünki Türkmənçay müqaviləsindən əvvəl ermənilər vətənsiz olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, "ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi".
O vaxtdan bəri Azərbaycan tarixinin hər səhifəsində erməni qanının izi var. Erməni terrorçuları havadarlarına arxalanaraq bütün dövrlərdə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qan tökmüş, torpaqlarımızı zəbt etmişlər. Adı "sülh müqaviləsi" olsa da, Türkmənçayın kəsdiyi yerdən hələ də Azərbaycanın qanı axır.
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyümüzü bərpa etdi. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Yaşadığımız mövcud dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə döyüş və ictimai-siyasi hazırlıq məşğələlərində hərb işinin sirlərinə yiyələnməkdən, döyüş texnikasından və silahlardan bacarıqla istifadə etmək üçün öz biliklərini, bacarıqlarını və vərdişlərini daha da təkmilləşdirməkdən, mənəvi-psixoloji hazırlıqlarını artırmaqdan keçir. Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim mübarizə aparmış olur. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi